Əsas Səhifə > Dünya > Ərdoğan Serbiyadan Bosniyaya dəstək istəyib

Ərdoğan Serbiyadan Bosniyaya dəstək istəyib


19-01-2022, 08:20
Ərdoğan Serbiyadan Bosniyaya dəstək istəyib
DİA.AZ: - Türkiyə prezidenti Recep Tayyip Erdoğan serbiyalı həmkarına deyib ki, Belqradın Bosniyanın ərazi bütövlüyünə dəstəyi çox mühümdür və onun regionda sülh və sabitliyin saxlanmasındakı rolu həlledicidir.

DİA.AZ xəbər verir ki, Ankarada Aleksandar Vuçiçlə danışıqlardan sonra Erdoğan habelə Bosniyanın üç ərazi vahidinin liderlərini ölkənin ərazi bütövlüyünə təhlükə yaradacaq hərəkətlərdən çəkinməyə və “məsuliyyət hissi ilə” davranmağa çağırıb.

O bunu da deyib ki, Bosniyanın serb, xorvat və bosniyalı liderləri apreldə keçiriləcək Serbiya seçkisindən sonra təcili danışıqlara dəvət olunacaqlar.

Bu böhran Bosniyanın serb hissəsi olan Republika Srpskadakı millətçi deputatlar ötən il Bosniyanın mərkəzi ordu qüvvələrindən, vergi və ədliyyə sistemindən çıxmaq barədə formal qərara səs verəndən sonra yaranıb.

Belə bir addım Bosniyanın serb lideri Milorad Dodik tərəfindən uzun müddətdir ki, dəstəklənirdi.

İstanbul və ya Belqradda


Vaşinqton bu ayın əvvəllərində Dodikə pozucu və korrupsiyaçı hərəkətlərə, habelə vasitəçiliyi ABŞ tərəfindən edilmiş Deyton sülh razılaşmasını çökdürmək cəhdlərinə görə sanksiyalar elan edib.

Bu razılaşma 1992-1995-ci il Bosniya müharibəsinə son qoyub.

Erdoğan yanvarın 18-də Vuçiçlə birgə keçirdiyi mətbuat konfransında deyib:

"Bu Serbiya seçkisindən sonra biz bu üç qrupun liderlərini bir araya gətirmək və onlarla görüşmək istəyirik. Biz bu görüşlə Bosniyanın ərazi bütövlüyünün təminatına çalışacağıq. Biz bu barədə razılaşma əldə etmişik”.

O bildirib ki, bu görüş ya İstanbul, ya da Belqradda keçirilə bilər.

Vuçiç mətbuat konfransında bildirib ki, Belqrad Bosniyanın ərazi bütövlüyünə tərəfdardır və “fikir fərqlərinə ehtiram şərtilə” Balkanlarda sülh və sabitliyin qorunub saxlanması böyük əhəmiyyətə malikdir.

Erdoğanın vasitəçiliyi


1995-ci ildə imzalanmış Deyton razılaşmaları ilə Republika Srpska və Müsəlman-Xorvat Federasiyası adlı iki ərazi vahidi yaradılıb.

Bu ərazilər zəif və çox vaxt qeyri-işlək mərkəzi hökumətə tabedir.

Dodik Bosniyanı “beynəlxalq icma eksperimenti” və “zorla qəbul etdirilmiş, qeyri-mümkün ölkə” adlandırıb.

O habelə 1995-ci ildə Bosniya serb qüvvələri tərəfindən 8 min müsəlman kişi və oğlanın qətliyamının baş vermədiyini iddia edib.

Beynəlxalq Məhkəmə bu qətliyamın soyqırım olduğuna dair qərar çıxarıb.

Balkanlarla tarixi bağlara malik Türkiyənin lideri Bosniya-serb millət vəkillərinin addımının “yanlış və qorxulu” olduğunu deyib.

Yerli medianın xəbərlərinə görə Erdoğan yanvarın 17-də Tiranaya səfəri zamanı deyib ki, Albaniyanın baş naziri Edi Rama, Dodik və başqa regional rəsmilər onun vasitəçilik təklifini dəstəkləyirlər.

Geri qayıt