Əsas Səhifə > Dünya > Qırğızıstan-Tacikistan toqquşmasının arxasında yenə Kreml dayanır
Qırğızıstan-Tacikistan toqquşmasının arxasında yenə Kreml dayanır29-01-2022, 09:22 |
Qırğızıstan-Tacikistan sərhədçiləri arasında növbəti toqquşma baş verib. Sərhədin mübahisəli bölgəsində yaşanmış atışma nəticəsində ölən və yaralananlar olub. Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, silahlı münaqişənin baş verdiyi bölgədən 24 mindən çox sakin təxliyə olunub. İki Orta Asiya ölkəsi bir-birini sərhəddəki yolu blok etməkdə ittiham edib. Qırğızıstanın Batken regionunda sərhəd mühafizə xidmətinin başçısı Kyyal Tolobayev bildirib ki, Tacikistan tərəfinin Tork-Xoçon yolunu “birtərəfli qaydada” blok etməsindən sonra atəş səsləri eşidilib. Qırğızıstanla Tacikistan arasında 970 kilometrlik sərhəd 30 il ərzində demarkasiya olunmayıb. Orta Asiyadakı bir çox sərhəd əraziləri sovet ittifaqının dağılmasından bu yana mübahisəlidir. Ekspertlərə görə, rəsmi məlumatlardan və tərəflərarası itkilərdən məlum olur ki, gərginliyi başladan əsas tərəf Tacikistandır. Göründüyü kimi, Tacikistan tərəfi məqsədli surətdə və öncədən hazırlanmış plan əsasında sərhəddə gərginliyi pozub. DİA.AZ-ın məlumatına görə, tərəflərin növbəti qarşıdurmasını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Turan Rzayev deyib ki, Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaların pərdəarxasında Qazaxıstanda olduğu kimi yenə də Rusiya dayanır. Analitikin sözlərinə görə, taciklər təlimatı Kremldən alıb: “Qırğızıstan-Tacikistan sərhədində baş verən hazırkı toqquşmaları Kremlin Türküstan tamaşasının ikinci pərdəsi olaraq da adlandırmaq olar. Qazaxıstandakı hadisələrlə Qırğızıstan-Tacikistan sərhədində baş verən olaylar arasında məntiqi əlaqə var. Kreml Türküstan tamaşasına ilk Qazaxıstanda başladı. Təbii yanacağın qiymətinin iki dəfə artması sonrası baş verən etirazlar nəticəsində əvvəl Prezident Qasım-Jomart Tokayev hökuməti istefaya göndərdi. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi. Sonda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım istədi. KTMT-nin Qazaxıstana gəlməsi və Nazarbayevin tərəfdarlarının bir-bir vəzifədən uzaqlaşdırılması ilə Kreml Qazaxıstanda istəyinə nail oldu”. T.Rzayevə görə, Kremlin hədəfi Fərqanə vadisinə nəzarət etməkdir: “Tacikistanla Qırğızıstan arasında sərhəd problemi əvvəldən bəri var. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib. O vaxtdan bəri komissiyaların və işçi qrupların iki yüzə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində yerli sakinlər arasında vaxtaşırı münaqişələr yaranır. Bu da tez-tez atışmalarla müşayiət olunur. Bunu rəsmi Moskva yaxşı bilir və mahir şəkildə istifadə edir. Kremlin planını qısaca belə xarakterizə etmək olar. Birincisi, Kreml öncədən silahlandırdığı Tacikistan qoşunlarını Qırğızıstana hücum etdirir. Beləcə tacik-qırğız sərhəd münaqişəsi yenidən alovlanır. İkincisi, tərəflər arasında gərginlik bir müddət davam edir. Qarşılıqlı itkilər fonunda Moskva KTMT kartını oynayır və tərəfləri atəşkəsə riayət etməyə çağırır. KTMT-nin baş katibi Stanislav Zas sərhəddə baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb. Zas tərəflərə təşkilatın üzvü olduqlarını xatırladaraq sətiraltı hərbi bloku regiona dəvət etmələrini tələb edib. Kremlin istəyi açıqdır”. Geri qayıt |