Əsas Səhifə > Dünya > Conson Putinə yenə xəbərdarlıq edib

Conson Putinə yenə xəbərdarlıq edib


3-02-2022, 10:14
Conson Putinə yenə xəbərdarlıq edib
DİA.AZ: - Ukraynaya hər hansı müdaxilə faciəvi səhv addım olacaq. Bunu Britaniyanın Baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinə deyib.

DİA.AZ xəbər verir ki, Consonla Putin fevralın 2-sə telefonla danışıblar. Hazırda Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının yaratdığı gərginliyin azaldılmasından ötrü diplomatik səylər davam edir.

Baş nazir “Rusiyanın Ukrayna sərhədində düşmən hərəkətlərindən dərin narahatlıq bildirib” və “Ukraynanın ərazi bütövlüyü və özünümüdafiə hüququna hörmət qoyulan yolun tapılmasının vacibliyini vurğulayıb”, bunu Consonun ofisinin sözçüsü deyib.

Conson onu da vurğulayıb ki, Rusiyanın Ukrayna ərazisinə hər hansı formada girməsi “faciəvi səhv” olar.

Kremlin bəyanatında nə deyilir

Kremlin bəyanatına görə, telefon söhbəti zamanı Rusiyanın narahatlıqlarına “NATO-nun adekvat cavab vermək istəməməsi qeyd edilib”.

Rusiya sərhədə qoşun yığandan sonra ötən dekabrda ABŞ və NATO-dan təhlükəsizlik qarantiyaları tələb edib. Ukraynanın bloka heç vaxt üzv olmayacağına, NATO-nun Rusiya sərhədləri yaxınlığında silah sistemləri yerləşdirməsini dayandıracağına, qüvvələrinin Şərqi Avropadan çıxarılacağına təminat istənilir.

NATO isə genişlənməsi ilə bağlı tələbin, açıq-qapı siyasətinin danışıq predmeti olmadığını bildirir. Vaşinqton suveren ölkələrin öz hərbi alyanslarını seçmək hüququnu qeyd edir.

Birləşmiş Ştatlar Ukraynada yerdən buraxılan raketlər, yaxud döyüş qüvvələri yerləşdirmək məsələsində Rusiyayla qarşılıqlı razılaşma üzrə danışıqlara hazır olduğunu bildirib. Bu haqda İspaniyanın “El Pais” qəzeti fevralın 2-də sənədlər yayıb.

Putinin ittihamı

Putin daha öncə Rusiyanın tələblərinin “diqqətə alınmadığını” deyirdi. O, Consona deyib ki, NATO özünün açıq qapı siyasəti arxasında gizlənir, bu isə “təhlükəsizliyin bölünməziliyinə dair fundamental prinsipə ziddir”.

Kremlin bəyanatına görə, Putin Ukraynanı ölkənin şərqindəki münaqişənin həllinə dair Minsk razılaşmalarını “xroniki sabotaj” etməkdə suçlayıb. Bu münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Qərb Rusiyanı separatçılara hərbi və maliyyə yardımında ittiham edir. Moskva isə bu ittihamları rədd edir, Ukraynaya təcavüz planı olmadığını deyir.

Birləşmiş Ştatlar fevralın 2-də bu həftə Polşa, Rumıniya və Almaniyaya 3 minədək əsgər göndərəcəyini açıqlayıb.

Moskva bunu “hərbi gərginliyi artıran və siyasi qərarların dairəsini daralda destruktiv addımlar” adlandırıb.

Xarici işlər naziri Aleksadnr Qruşko “Interfax” xəbər agentliyinə deyib ki, bu addım Ukrayna ətrafındakı gərginliyin həlli üçün siyasi qərarların məkanını daraldacaq, bu isə “Kiyevdəki hakimiyyəti sevindirəcək”.

5-ci maddə

ABŞ Prezidenti Co Bayden isə Avropaya əsgər yerləşdirmək qərarının Putinə söylədiyinə uyğun olduğunu söyləyib.

“O, aqressiv hərəkət etdikcə biz NATO müttəfiqlərimizi və Şərqi Avropanı əmin edəcəyik ki, ordayıq, 5-ci maddə müqəddəs öhdəlikdir”, – Bayden CNN-in müxbirinə deyib.

NATO nizamnaməsinin 5-ci maddəsində deyilir ki, alyans üzvlərindən birinə hücum hamısına hücum hesab ediləcək.

Almaniyanın Kansleri Olaf Şolts Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyini açıqlayıb.

“Bu planlaşdırılır və tezliklə baş tutacaq”, – Şolts fevralın 2-də ZDF televiziyasına müsahibəsində deyib, amma konkret tarix açıqlamayıb.

Geri qayıt