Əsas Səhifə > Dünya > Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”?

Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”?


16-02-2022, 08:05
Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”?
ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans formatında keçirdiyi görüş zamanı deyib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər. Vaşinqton Rusiyanın Ukraynaya hücumunun raket zərbəsi və kiberhücumdan ibarət ola biləcəyini güman edir. Sözügedən görüşdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa liderləri, həmçinin NATO-nun Baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak edib.

Bu görüşdən sonra 20-dən artıq dövlət Ukraynadakı diplomatik missiyalarını geri çağırıb. ABŞ Dövlət Departamentinin Kiyevdəki səfirliyini təxliyə edəcəyi barədə açıqlaması, onların Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə biləcəyi barədə məlumatların yayılması, Yaponiya Xarici İşlər Nazirliyinin Ukraynadakı diplomatların sayını azaltması, onları təxliyyə etməsi, İtaliya, İsveçrə, Slovakiya, Avstraliya, Səduiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və digər dövlətlərin də analoji addımı atması yaxın günlərdə rusların Ukraynaya hücum edəcəklərinə dair ehtimalları artırıb. DİA.AZ-ın məlumatına görə, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki Azər Xudiyev AYNA-ya şərhində deyib ki, hazırda Ukraynada sakitlikdir və xüsusi təşviş yoxdur: “Prezident Volodimir Zelenski Ukrayna xalqına müraciəti zamanı söylədi ki, heç bir halda panikaya yol vermək olmaz və panika düşmənin maraqlarına xidmət edir. Hazırda Kiyevdə və digər şəhərlərdə sakitlikdir. Hamı öz işində-gücündədir. Sərhədlər açıqdır və Ukraynaya aviasiya relsləri işləyir. Yəni, xüsusi bir təşviş yoxdur”.

“Hesab edirəm ki, panika xaricdən idxal olunur və bununla bağlı böyük geosiyasi oyun aparılır. Dünya gücləri yaranmış vəziyyətdən istifadə edərək, öz qaydalarını formalaşdırmağa çalışırlar. Ukrayna hökuməti panikanın yaranmamasında çox israrlıdır və bu yöndə ciddi addımlar atır. Xarici jurnalistlərin “Müharibəni niyə xalqdan gizlədirsiniz” sualına Zelenskinin sərt cavabı da buna misaldır”, - deyə həmsöhbətimiz bildirib.

Diplomatın sözlərinə görə, sabiq Prezident Poroşenkonun rəhbəri olduğu blok bir neçə fraksiya ilə birləşərək, bazar günündə parlamentin fövqəladə iclasının çağırılmasını tələb edirdi: “Orada cəmiyyətə konkret mesajlar verilməsinin vacibliyi qeyd olunacaqdı. Prezident Zelenski buna imkan vermədi və hesab edirəm ki, bu, çox düzgün addım idi. Parlementin sədri də Prezidentlə həmrəylik nümayiş etdirdi. Ənənəvi olaraq bazar ertəsi ali qanunverici orqan toplaşdı və cari məsələləri müzakirə etdi. Ukrayna hərbi qüvvələrinin büdcəsinin və ehtiyat qüvvələrinin artırılması istiqamətində müzakirələr aparıldı”.

“Beynəlxalq ictimaiyyətdə yaxın günlərdə Rusiyanın Ukraynaya hücum edəcəyi barədə fikirlər mövcud olsa da, reallıqda bunlar az inandırıcıdır. Rusiyanın hazırkı həssas şəraitdə Ukraynaya hücum kimi riskli bir qərar verməsi ehtimalı çox aşağıdır. Kreml bilir ki, bu addım Avropa ilə münasibətlərin korlanmasına, nəticə etibarilə “Şimal Axını 2” boru kərmərinin taleyinin təhlükə altına düşməsinə səbəb ola bilər”, - deyə Xudiyev vurğulayıb.

Əlavə edib ki, bəzi dövlətlər diplomatik missiyalarını Ukraynadan çıxarsa da, əksər ölkələr öz fəaliyyətini davam etdirir: “Bir daha qeyd etmək istəyirəm ki, fövqəladə bir narahatlıq və təşviş müşahidə olunmur”.

Azərbaycan Milli Məclisində Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə AYNA-ya açıqlamasında bildirib ki, xarici dövlətlərin öz diplomatic nümayəndəliklərini təxliyə etməsi arzuolunan tendensiya deyil: “20-dən artıq ölkə öz diplomatik korpusunu ya Ukraynadan çıxarıb, ya da onların sayını azaldıb. Bəziləri isə Kiyevdən Lvov şəhərinə daşıyır. Hesab edirəm ki, bunlar preventiv addımlardır və Ukraynanın xeyrinə deyil”.

“Mən bunu səfirliyin əməkdaşları ilə müzakirələrim zamanı da söylədim. Onlar da mənimlə razı olduqlarını bəyan etdilər. Avropanın ortasında müharibə başlamaq böyük bir məsuliyyətdir. Nəzərə alanda ki, Avropa iqtisadiyyatı qənaətbəxş səviyyədə deyil, bu, əlavə problemlərə yol aça bilər. Bütün hallarda çoxsaylı insan tələfatı və ağır iqtisadi böhrana səbəb olacaq bu müharibənin başlanmasını real saymıram. Yəqin ki, ideoloji və informasiya cəbhəsində davam edən hərbi müstəviyə keçməyəcək”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, belə bir müharibənin başlaması dünyanın nəqliyyat sistemini də iflic edəcək: “Müharibə bütün dünya üzrə qiymətlərin artmasına, bahalaşmaya gətirib çıxaracaq. Tərəflər bütün imkanlarını itirməyib və inanmıram ki, hazırkl şəraitdə müharibəyə getsinlər”.

“Məlumdur ki, Türkiyə hazırda tarixi bir missiyanı öz üzərinə götürüb. Həm Rusiya ilə, həm də Ukrayna ilə danışıqlar aparır. Hər iki tərəf Türkiyənin vasitəçiliyində maraqlıdır və bu, danışıqlar prosesinin tükənmədiyini söyləməyə əsas verir. Müharibə ən son variantdır və bu ehtimalları səsləndirməklə tərəflər bir-birinə təzyiq etməyə çalışır. Hazırda nə oyun gedir və səfirlər niyə və hansı səbəbdən təxliyyə olunur - bu barədə qəti söz demək çətindir”, - deyə Quliyev fikrini yekunlaşdırıb.

Geri qayıt