Əsas Səhifə > Dünya > "Kim bizimlə birgə döyüşməyə hazırdır? Hamı qorxur!"
"Kim bizimlə birgə döyüşməyə hazırdır? Hamı qorxur!"25-02-2022, 08:10 |
"Bizdə olan məlumata görə, birinci növbədə mən, daha sonra ailəm hədəfə alınıb". DİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib. Müraciətdə deyilir: "Hörmətli vətəndaşlar, siz ölkəni dünyanın ən güclü dövlətlərindən birinə qarşı parlaq şəkildə müdafiə edirsiniz. Rusiya bütün Ukrayna ərazisinə hücum edib. Bununla belə müdafiəçilərimiz çox iş görüblər. İlkin məlumatlara görə, bu gün 137 qəhrəmanımızı - vətəndaşlarımızı itirmişik. Ukrayna uğrunda canlarından keçənlərin əbədi xatirəsini əziz tutmaq üçün onlara Milli Qəhrəman adı veriləcək. İndi insanları xilas edən və asayişin qorunmasına kömək edən hər kəsə minnətdaram. Bilirəm ki, çoxlu saxta məlumatlar var. Onlardan biri də guya mənim Kiyevi tərk etməyimdir. Paytaxtdayam. Gün ərzində onlarla beynəlxalq danışıqlar aparıb müdafiəyə birbaşa rəhbərlik edirəm. Ailəm də Ukraynadadır. Bizdə olan məlumata görə, birinci növbədə mən, daha sonra ailəm hədəfə alınıb. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər. Diversiya qruplarının Kiyevə daxil olması barədə də məlumatımız var. Ona görə də mən kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatı qaydalarına əməl edin. Dünyanın bir çox ölkəsi bizə dəstək verir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram. Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində biz tək qalmışıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Mən bunu görmürəm. Bizə NATO-ya daxil olmaq üçün zəmanət verməyə kim hazırdır? Hamı qorxur. Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi Ukraynanın taleyi həll olunur. Bizimləsinizmi? Bu işğalın sonu haqqında danışmaq lazımdır. İndi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır”. Geri qayıt |