Əsas Səhifə > Dünya > Putindən qonşu ölkələrə: həm tövsiyə, həm təhdid

Putindən qonşu ölkələrə: həm tövsiyə, həm təhdid


8-03-2022, 07:59
Putindən qonşu ölkələrə: həm tövsiyə, həm təhdid
Rusiya Prezidenti Vladimir Putin ötən həftə çıxışı zamanı qonşu ölkələri Rusiya ilə münasibətləri gərginləşdirməməyə və pisləşdirməməyə çağırıb: “Həmişə demişik ki, bizim heç bir qonşumuza qarşı pis niyyətimiz yoxdur. Mən onlara vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim. Biz bütün öhdəliklərimizi yerinə yetiririk və yerinə yetirməyə davam edəcəyik”.

O bildirib ki, münasibətlərin və əməkdaşlığın normallaşmasına çalışmaq lazımdır: “Əgər kimsə Rusiya Federasiyası ilə əməkdaşlıq etmək istəmirsə, biz qarşımızda duran vəzifələri həll edəcəyik, çünki biz yeni səlahiyyətlərə yiyələnəcəyik”.

Rusiya Prezidentinin bu çağırışı analitiklər tərəfindən müxtəlif aspektlərdən dəyərləndirilir. Əksər politoloqlar bunu qonşu ölkələrə çağırış kimi yox, Kreml rəhbərinin xəbərdarlığı və ya təhdidi kimi dəyərləndirirlər. DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı deyib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü postsovet məkanında təbii olaraq narahatlıq yaradır:

- Bu reallığı Kremldə də anlayırlar. Burada Azərbaycan Prezidentinin Moskvaya səfəri zamanı Putinin verdiyi açıqlamalar yada düşür. Həmin vaxt Rusiya Ukraynada separatçı rejimləri tanımışdı, amma hücum hələ başlamamışdı. Putin postsovet ölkələrinə heç bir narahatlığın olmadığı mesajını verdi və qeyd etdi ki, Ukrayna məsələsi fərqlidir. Moskva bilirdi ki, belə bir işğal planı bütün qonşu ölkələrdə qorxuya səbəb olacaq. Hücum olduqdan sonra artıq Rusiyanın ətrafındakı bütün ölkələrin narahatlığı daha da artdı və Putin bu açıqlaması ilə “sizi təhlükə gözləmir” demək istəyir. Lakin bu mesaj ikibaşlıdır. Bir tərəfdən qonşu ölkələrə “narahat olmayın” demək istəyisə, digər tərəfdən anti-Rusiya cəbhəsində yer almamalarına dair xəbərdarlıq hesab oluna bilər.

- Ola bilərmi ki, qonşu ölkələrin Qərb sanksiyalarına qoşulacağı ilə bağlı Kreml rəhbərində məlumatlar var?

- Təbii ki, hazırda Rusiyanın əsas qorxusu Qərb cəbhəsi ilə yanaşı, ətrafındakı ölkələrin da sanksiya dalğasına qoşulmasıdır. Müharibədən öncə Kremlin atdığı addımlar göstərir ki, hücuma hərbi müstəvi ilə yanaşı, siyasi-iqtisadi müstəvidə də hazırlıq görülüb. Qərblə bütün körpülərin yandığı vaxt Rusiya qonşu ölkələrə, ümumilikdə, Asiya bazarına ümid edir. Ukrayna müharibəsindən sonra postsovet məkanında Rusiyaya qarşı sanksiyalara qoşulacaq ölkənin olacağı inandırıcı deyil, ən azı yaxın dövrdə. NATO-nun “açıq qapı” münasibəti qurduğu əsas ölkələrdən olan Gürcüstan belə, bu prosesə qoşulmaqdan imtina etdi. Rəsmi Tbilisi bunu Gürcüstan vətəndaşlarının əziyyət çəkməsi ilə əlaqələndirir, lakin həm də Rusiyanın hücum edə bilməsindən narahatdır. “Beş günlük” müharibə ilə onlar bu təcrübəni yaşayıblar.

Fikrimcə, Putinin bu xəbərdarlığı postsovet məkanı ilə yanaşı, Uzaq Şərqə də ünvanlanıb, xüsusilə, Yaponiyanın sərgilədiyi mövqe Rusiyanı narahat etməyə bilməz. Söhbət təkcə iqtisadi sanksiyalardan yox, Rusiyaya qarşı açıla biləcək ikinci cəbhədən də gedir. Yaponiya Kuril adaları məsələsini yenidən aktuallaşdırdı və Uzaq Şərqdə mümkün eskalasiya Ukraynada işğal müharibəsi aparan Rusiyanın imkanları xaricindədir. Moskvanın hücuma keçəndən sonra nüvə silahını aktiv vəziyyətə gətirməsi də ikinci cəbhənin açılması riskinə qarşı strateji çəkindirmə gedişi idi.

Hazırda Ukraynaya hücumu davam etdirən Rusiya üçüncü tərəflərin müharibəyə birbaşa qoşulmasının qarşısını almaqla üstün mövqe əldə etsə də, hadisələrin inkişafını proqnozlaşdıra bilmir. Çünki Ukraynada ciddi müqavimətlə qarşılaşdı və müharibənin uzanması əlavə çətinlik yaradır. Zaman keçdikcə anti-Rusiya cəbhəsinin genişlənəcəyi də mümkün ola bilər. Putin hadisələrin bu istiqamətdə inkişafının qarşısını almaq üçün öncədən xəbərdarlıq edir.

- Gürcüstan və Moldova Avropa İttifaqına üzvlüklə bağlı müraciət etdi. Sizcə, Putin onlara “buna getməyin” deyə səslənir?

- Gürcüstan və Moldova da bu xəbərdarlıq mesajının ünvanlarındandır. Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələ aktuallaşan kimi Gürcüstan və Moldova da bununla bağlı müraciət etdi. Üzvlük məsələsi asan olmasa da, hər iki ölkə Ukrayna presedentindən yararlanmaq istəyir. Ukrayna müharibəsi həm də bu ölkələrlə bağlı məsələnin həllini aktuallaşdırır. Bu baxımdan, Gürcüstan və Moldovanın üzvlüyü məsələsinin tezləşdirilməsi baş verə bilər. Moskvanı təbii ki, bu, narahat edir. Çünki hər iki ölkə Rusiyanın sərhədləri dibindədir və ikinci cəbhə olaraq istifadə edilə bilər.

- Ola bilərmi ki, Rusiya onunla razı olmayan qonşu ölkələrə təcavüz etsin?

- Ukraynaya qədər bu haqda əminliklə danışmaq çətin olsa da, indi şübhəsiz ki, belədir. Ukraynaya hücum göstərdi ki, Moskva siyasətini bəyənmədiyi qonşu ölkələr üçün böyük təhlükədir. Hətta Ukraynadan fərqli olaraq, postsovet məkanının digər ölkələrinə hücum Rusiya üçün daha asan ola bilər. Putinin xəbərdarlığı da göstərir ki, Rusiya hətta niyyətini gizlətmir belə.

- Azərbaycan hansı önləyici addımlar atmalı, hansı siyasət həyata keçirməlidir?

- Rusiya təhlükəsinə qarşı iki istiqamətdə strategiya həyata keçirmək mümkündür: birincisi, Qərblə münasibətləri dərinləşdirmək, ikincisi, Rusiyanın özü ilə münasibətləri isti saxlamaq. Hər ikisi qurban tələb edir, lakin veriləcək qurbanların miqyasını hesablamaq, buna uyğun addım atmaq lazımdır. Qərbə dərin inteqrasiya Rusiyanın işğal hücumunu vəd edir, bu hücum hazırda Ukraynadakı kimi genişmiqyaslı da ola bilər, yaxud separatizm fəaliyyəti üzərindən də. Rusiya ilə isti münasibətlər ölkənin inkişafına, sivil dünyaya inteqrasiyasına mane olur. Bizim üçün tarix boyu torpaq daha önəmli olub. Qarabağ məsələsinə görə çox qurban vermişik, problemin böyük hissəsi həll olunub, separatizmi ləğv etmək üçün də Rusiya ilə münasibətləri nəzərə almalıyıq.

Rəsmi Bakı bu strategiyanı izləyir, lakin sivil dünyadan uzaqlaşmamaq xəttini də davam etdirir. Avropa İttifaqı ilə saziş imzalamaq məsələsinin gündəmdə olması da bunu deməyə əsas verir. Bununla yanaşı, Rusiya ilə imzalanan mütəffiqlik Bəyannaməsi də təhlükənin neytrallaşdırılması məqsədi daşıyır. Fikrimcə, ən doğru gediş nə Rusiya, nə də anti-Rusiya cəbhəsinə keçməkdir. Azərbaycanın həyata keçirdiyi siyasət də budur. Bakı geosiyasi qarşıdurmada iştirak etmir və əsas seçimi Türkiyədən yanadır. Türkiyə Azərbaycana qarşı mümkün təhlükələrdə qalxan rolunu oynaya bilər.

Geri qayıt