Əsas Səhifə > Dünya > “Qapalı səma” nədir və NATO onu Ukraynaya niyə vermir?
“Qapalı səma” nədir və NATO onu Ukraynaya niyə vermir?8-03-2022, 08:01 |
Qapalı səma – NATO-nun hava hücumundan müdafiə (HHM) sistemidir. NATO-nun özü bu termindən istifadə etmir. Alyansın HHM sisteminin, ümumiyyətlə, vahid adı yoxdur. NATO HHM sistemi – düşmən təyyarə və raketlərindən müdafiə üçün nəzərdə tutulmuş bir neçə sistemin toplusudur. “Qapalı səma” sisteminin ən vacib hissəsi Active Layered Theater Ballistic Missile Defence (ALTBMD) (Aktiv Qatlı Ballistik Raket Müdafiə sistemi – red.) adlanır. Bu, NATO-nun raketdən müdafiə üzrə kontinental qalxanı sayılır. Sözün əsl mənasında fantastik sistemdir. Buraya yüksək hündürlükdə daimi nəzarət aparan Lockheed Martin F-35 qırıcı-bombardmançıları daxildir. Təyyarələr yüksək həssaslığa malik radiolokasiya sistemləri (RLS) ilə təchiz olunub. Təsəvvür edin, cəmi bir neçə F-35 planetin bir yarımkürəsinə nəzarət etməyə, raketlərin buraxıldığı yeri qeydə almağa və onun trayektoriyasını müəyyənləşdirməyə bəs edir. F-35-lərin ötürdüyü məlumatlar yerdəki RLS-ə və idarəetmə mərkəzinə daxil olur. Dərhal da önləyici raketlər işə salınır. Avropada indinin özündə də geniş şəkildə istifadə olunan bu sistemlərin dəyəri bir neçə trilyon dollardır (bu barədə dəqiq məlumat yoxdur – red.). Tək F-35 qırıcısının qiyməti isə milyard dollardan artıqdır. Ancaq necə deyərlər, verilən pula dəyər. Sistem o qədər mükəmməl qurulub ki, hətta eyni zamanda buraxılan istənilən sayda düşmən raketini məhv etməyə qadirdir. Yaxşı, bəs NATO bunu Ukraynadan niyə əsirgəyir? Bu heyrətamiz qalxan NATO üzvü olan ölkələrin üzərində 90 faiz qurulub və normal şəkildə işləyir. Paradoksal olan budur ki, “qapalı səma” sisteminin haqqında söz açdığımız ən vacib komponenti Ukraynanın ən böyük probleminə çevrilib. Hələ 2009-cu ildə ABŞ prezidenti Barak Obama bu layihənin reallaşdırılmasına başlanıldığını elan etdi. Və… Bəli, bəli. Putin dərhal buna etirazını bildirdi. Etiraz məntiqli idi – NATO-nun bu HHM sistemi Avropanı Putinin raketləri üçün əlçatmaz edirdi! Rusiyanın HHM sistemləri sayılan C-200 və C-300 faktiki olaraq, F-35-ə qarşı dayanmaq gücündə deyildilər. Ekspertlər bildirirdilər ki, hələ 20 il sonra da Rusiya bu sistemin qarşısına nəsə çıxartmaq gücündə olmayacaq. F-35-in ən mühüm özəlliyi eyni zamanda həm hücum etmək, həm də müdafiə olunmaq imkanıdır. Rusiya hesab edirdi ki, NATO bu sistemi yaratmaqla, Avropada Adi Silahlar Haqqında müqaviləni pozub. Bir sözlə, iş başlamamış gərginlik maksimuma çatdı. Bax, indi NATO-nun çəkindiyi bu məsələdir – Ukraynada “qapalı səma” sistemi işə salınsa, Alyansın Rusiya ilə hərbi münaqişəsi başlayacaq. Putin NATO sistemlərinin Polşa, Rumıniya və Çexiyadakı bazalarını məhv etməyə cəhd edəcək. NATO, təbii ki, cavab zərbəsi endirəcək. Və üçüncü dünya müharibəsi hazırdır. Onun isə bircə nəticəsi olacaq – sivilizasiyanın məhvi, insanlığın sonu… Dalan? Yoxsa Ukrayna nəsə edə bilər? Ukrayna səması bağlansa, Putin doğrudanmı NATO HHM bazalarını vurar? Bu, hələ bəlli deyil. O, bir neçə dəfə xəbərdarlıq edib ki, Ukraynadan gözünüzü çəkməsəniz, Avropanı vura bilərəm. Həqiqətən də vurarmı, heç kim bilmir. Hələ ki, heç kim onu belə bir seçim qarşısında qoymayıb. Keçmişdəki bütün bənzər epizodlarda (Gürcüstan, Donbas, Suriya) NATO ona baş qoşmamağa çalışırdı. Bəs, birdən öz gücünü göstərməyə cəhd etsə? Onda necə olacaq? Bir şey aydındır ki, Zelenski “qapalı səma” məsələsində israr göstərməkdə haqlıdır. Yeri gəlmişkən, Avropada Ukrayna prezidentini bu mövzuda dəstəkləyən qüvvələr meydana çıxır. Hələ ki, azlıqda qalsalar da… Bir sözlə, Ukrayna üçün “qapalı səma” – xilas deməkdir. Bu, müharibənin gedişini və nəticələrini əsaslı şəkildə dəyişdirəcək yeganə faktordur. Bəlkə “Dəmir günbəz”? İsrail HHM sistemi olan “Dəmir günbəz” (ivritcə – Kipat barzel) sınaqdan uğurla çıxmış və yaxşı nəticələri olan sistemdir. Ancaq bu sistem orta və uzaq mənzilli raketlərə qarşı hesablanıb. Rusiyanın “İskander”inə qarşı çətin ki, dayana bilsin. Ukrayna öz “günbəz”ini yarada bilərmi? Əlbəttə. Amma zaman, texnologiya, mütəxəssis hazırlığı, sınaqlar, təlimlər… bütün bunlara vaxt lazımdır, o isə sadəcə, yoxdur. Bəs bu şəraitdə qərb Ukraynaya real olaraq necə kömək edə bilər? Cavab sadədir – özünün Patriot, yaxud THAAD tipli HHM sistemlərini verməklə. Bu sistemlər, 100 faizlik olmasa da, hazırkı vəziyyəti xeyli dərəcədə yaxşılaşdıra bilər. Bu cür mobil və universal sistemlər təyyarə və raketləri asanlıqla məhv etməyə qadırdir. Hə, bu yerdə bir şad xəbəri bölüşmək olar. Ukrayna hazırda bu cür HHM sistemlərini qəbul etməyə hazırlaşır. Nə vaxta, hansı sistemləri, təchizatın həcmi – bunlar, təbii ki, sirdir. Başqa bir sirr də var. Hələ ki, NATO-nun heç özü də bilmir ki, onun malik olduğu bu taktiki sistemlər Putinin yüksək dəqiqlikli silahları qarşısında nə dərəcədə effektivdir. Bax, bunu yoxlamaq üçün əsl fürsətdir. Daha bir fürsət isə bu günlərdə meydana çıxıb – NATO-nun Ukraynaya HHM sistemləri göndərməsinə əvvəl etiraz edən Macarıstan indi qərarını dəyişib, qapıları açıb… Press Klub Geri qayıt |