Əsas Səhifə > Dünya > GUAM Ukraynaya hücuma səssizdir

GUAM Ukraynaya hücuma səssizdir


9-03-2022, 15:18
GUAM Ukraynaya hücuma səssizdir
Rusiyanın Ukraynaya hücumunun artıq 14-cü günüdür. Hər iki tərəfdən itkilərin olduğu, Rusiyanın Ukraynanın hərbi obyektləri ilə yanaşı, mülki obyektlərinə də hava və raket zərbələri endirdiyi görünür.

Belə olan vəziyyətdə dünyanın əksər beynəlxalq təşkilatları məsələyə münasibət bildirib. Lakin 1997-ci ildə yaradılan və Azərbaycanda da bəzi insanların Müstəqil Dövlətlər Birliyinə alternativ kimi baxdığı GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat səssizliyini pozmur. Buna səbəb nədir? Bu təşkilatın artıq ömrü başa vurulubmu?

Suallara GUAM təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan Milli Məclisinin deputatı Aydın Mirzəzadə "Turan"a açıqlamasında GUAM-ın bu məsələ ilə bağlı münasibət bildirməməsinə təəssüf etdiyini bildirib.

"İkitərəfli münasibətlər sıxdır"
O qeyd edib ki, GUAM, bir təşkilat kimi, Ukraynadakı hadisələrə münasibət bildirməyib: "Amma ayrı-ayrı üzvləri münasibət bildiriblər. O cümlədən Azərbaycan bu məsələdə öz narahatlığını ifadə edir, müharibənin yolverilməzliyini, bütün problemlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu vurğulayır. Bu baxımından hesab etmək olar ki, ayrı-ayrılıqda bu təşkilatın mövqeyi var. GUAM üzvlərinin Ukrayna da daxil olmaqla mövqeyi birmənalıdır - hərbi əməliyyatlar dayandırılmalıdır, danışıqlar getməlidir və humanitar fəlakətə yol vermək olmaz".

Deputat təşkilatın fəaliyyəti, son dövrlər nə dərəcədə əlaqələndirildiyi barədə söz deməyə çətinlik çəkdiyini deyir: "Amma GUAM-a daxil olan ölkələr arasında ikitərəfli münasibətlər sıxdır. Ümumən götürdükdə bu təşkilat üzvlərinin bir-birinə həmişəki kimi yaxın olduğunu demək olar".

"GUAM artıq canlı ölüyə bənzəyir"
Siyasi şərhçisi İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, GUAM artıq canlı ölüyə bənzəyir: "Bir neçə ildir bu belədir".

Onun fikrincə, orada Azərbaycanın münasibətindən irəli gələn məsələlər baxımından bu təşkilat işləmir: "Çünki Qarabağ məsələsində biz Rusiyanı qıcıqlandıra bilməzdik. Rusiyanı qıcıqlandırsaydıq, Ukraynadakı etdiklərini bizim başımıza gətirə bilərdi. Ona görə də GUAM aktual deyil".

Xatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bəzi ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan sanksiyalara qoşulmur.

Geri qayıt