Əsas Səhifə > Dünya > Rusiya iqtisadiyyatında nə baş verir: Qorxulu perspektivlər...

Rusiya iqtisadiyyatında nə baş verir: Qorxulu perspektivlər...


16-03-2022, 12:01
Rusiya iqtisadiyyatında nə baş verir: Qorxulu perspektivlər...
Rusiyaya qarşı sanksiyalar öz işini görür və Qərbin yeni məhdudlaşdırıcı tədbirləri yoldadır. Beləliklə, ABŞ Rusiya ilə ticarətə tam embarqonu istisna etmir . Ancaq hətta artıq həyata keçirilən tədbirlər də Rusiya iqtisadiyyatına böyük ziyan vurur.
İlk “qurban” əsas dünya valyutaları qarşısında çökən rus rublu oldu. Rusiya Federasiyasının Mərkəzi Bankı rublu faktiki dəstəkləyə bilməz, çünki onun təxminən 300 milyard dollarlıq valyuta ehtiyatları sanksiyalara görə dondurulub. Eyni zamanda, hazırda Rusiyada dollar və avro almaq mümkün deyil. Bununla belə Mərkəzi Bank valyuta satışına qadağa qoymaqla inzibati qaydada rublun tam iflasını əngəlləməyə çalışır. Rusiyada birjalar hələ də bağlı saxlanır, çünki onlar işə düşən kimi, Rusiyanın qiymətli kağızlar bazarının fəlakəti tam gücü ilə görünə bilər. Amma inzibati tədbirlər sonsuz gücə sahib deyil - əgər Şimali Koreya deyilsənsə...

Bundan əlavə, Rusiya Federasiyasında istehlak qiymətləri də sürətlə artır. Rusiya mağazalarında satıcılar deyirlər ki, məişət texnikası və elektronikanın qiymət etiketlərini gündə bir neçə dəfə dəyişirlər. Populyar modellər hazırda ümumiyyətlə satılmır, qismən daha yüksək qiymətə satmaq üçün saxlayırlar. Dünya brendlərinin əksəriyyəti Rusiya bazarından çəkildiyini elan etdiyi üçün bir çox mağazalar, xüsusən də brend mağazalar bağlanıb.

Qənnadı məmulatları istehsalçıları satış qiymətlərinin artması ilə bağlı pərakəndə satıcıları xəbərdar ediblər. Bəzi şirniyyatlar 50 faizdən çox bahalaşıb. Mağazalarda şəkər tozu və qənd üçün uzun və dava-dalaşlı növbələr yaranıb. Hətta əsas ərzaq məhsulları, xüsusən də çörək bahalaşır, şəkər, duz, qarabaşaq və bəzi digər mallar isə əsasən əyalətlərdə bir çox mağazanın piştaxtalarından yoxa çıxıb, bir şəxsin ala biləcəyi malların sayına məhdudiyyət qoyulub. Əməliyyat monitorinqi göstərir ki, orta hesabla Rusiya supermarketlərində qiymətlər artıq 30 faiz artıb.

Əsl şok isə “McDonalds” restoranlarının bağlanması olub . Martın 13-də, hələ 1990-cı ildə SSRİ-də ilk “McDonalds” olan Moskvanın Puşkinskaya meydanındakı restoranın son günündə normal həyatla vida ab-havasında uzun növbə düzülüb. Amma dairə artıq qapandı Rusiya SSRİ-yə qayıtdı.

Üzdə görünməsə də, ən böyük zərbələrdən biri “Upwork” şəbəkəsinin Rusiya vətəndaşları üçün bağlanması oldu. Bu nəhəng şəbəkə öz xidmətlərini satmaq istəyənlərlə onların alıcılarını üz-üzə gətirir. Yüz minlərlə Rusiya vətəndaşı, xüsusən də İT mütəxəssislər, proqramçılar burada xarici ölkələrdən sifarişlər alırdılar, xidmət göstərib pul qazanırdılar. İndi yüz minlərlə frilanser iş yerini birdən-birə itirdi. Onların əksəriyyəti qonşu ölkələrə qaçırlar. Təbii ki, indi bu şəbəkəyə oradan qoşulacaqlar və vergiləri də həmin ölkələrin büdcələrinə ödəyəcəklər.

Əgər Rusiya tezliklə müharibəni dayandırıb xarici iqtisadi əlaqələrinə tarazlıq gətirməyə çalışmasa, burada hiperinflyasiya da qaçılmaz olacaq. Yəni qiymətlər səhər, günorta və axşam fərqli olacaq, başqa sözlə, inflyasiya günlər deyil, saatlar ərzində müşahidə olunacaq.

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya sözsüz ki, borclarını vaxtında ödəyəcək, lakin ödənilməli olan məbləğləri rublla ödəyəcək. Borc sahibləri isə rublun indiki halında ona sahib durmaq istəmirlər.

Beynəlxalq Maliyyə İnstitutunun baş iqtisadçısı Robin Bruks hesab edir ki, 2022-ci ildə Rusiyanın ÜDM-i 30 faiz azalacaq. 1990-cı illərdə Qərb Rusiyaya kömək etməyə hazır idisə, indi vəziyyət əksinədir - bütün sahələrdə Rusiyadan imtina edirlər. İstehlak şəbəkələri, texnologiya şirkətləri, müasir avtomobil istehsalçıları ölkədən üz döndərirlər.

"Rusiyanın bank sistemi kommunizmə hazırlaşır. Rusiya Federasiyası tarixində ən pis bank böhranı gündəmdədir",- deyə iqtisadçı Vitali Şapran sosial şəbəkə hesabında yazıb. O xatırladıb ki, müharibənin başlamasından bu yana Moskva birjası fond indekslərinin çökməsi səbəbindən ticarəti qeyri-müəyyən müddətə dayandırıb. Amma ticarətin dayandırılması problemin həlli deyil, yalnız onun gecikməsi və sonradan daha kəskin şəkildə ortaya çıxmasıdır: “Dünya təcrübəsinə görə, ÜDM-in 10 faizdən çox azalması adətən, bankların kredit portfelinin keyfiyyətinin kəskin şəkildə pisləşməsinə səbəb olur və kəskin bank böhranına gətirib çıxarır. Moskva Birjası açıldıqdan sonra Rusiya bankları, şübhəsiz ki, öləcək. 90-cı illərdəki kimi birbanklı sistem – “Sberkassa” ( “SSRİ Əmanət Bankı” – red.) olacaq. Amma bu əmanət bankı da kredit böhranından sağ çıxmaya bilər və o zaman Rusiya vətəndaşlarının əmanətlərinin bir hissəsi SSRİ-nin dağılması zamanı olduğu kimi sadəcə olaraq, buxarlanacaq”.

Bizimyol.info

Geri qayıt