Əsas Səhifə > Dünya > Zelenski Berlini Rusiyanın çəkdiyi “divarı sökməyə” çağırır
Zelenski Berlini Rusiyanın çəkdiyi “divarı sökməyə” çağırır17-03-2022, 14:34 |
DİA.AZ: - Prezident Volodimir Zelenski Almaniya deputatları qarşısında çıxışında Rusiyanın Ukraynanı işğal etməklə Avropanı parçalamaq üçün çəkdiyi divarı “sökməyə” çağırıb. “Bu Berlin Divarı deyil, Mərkəzi Avropada azadlıq və köləlik arasında divardır və ölkəmizə atılan hər bir bombayla bu divar böyüyür”, – Zelenski martın 17-də Berlində Bundestaqa yığışmış deputatlara deyib. “Əziz cənab Şolts, bu divarı sökün”, – o, Almaniya Kansleri Olaf Şoltsa müraciətlə deyib. DİA.AZ xatırladır ki, 1987-ci ilin iyununda ABŞ-ın ovaxtkı prezidenti Ronald Reyqan Brandenberq Qapısı qarşısında çıxışında sovetlərdən həmkarı Mixail Qorbaçova eyni xahişlə müraciət etmişdi. Zelenski daha öncə Kanada və ABŞ qanunvericiləri qarşısında oxşar çıxışlar edərək Rusiya qüvvələrini dəf etmək üçün daha çox dəstək istəyib. Rusiya fevralın 24-də Ukraynaya irimiqyaslı hücuma başlayıb. Ukrayna lideri Berlini ölkəsinin Avropa İttifaqına üzvlük planını dəstəkləməyə çağırıb. Amma Berlini Rusiyayla Şimal axını-2 təbii qaz kəmərində iştirakını dayandırmaq üçün cəld hərəkət etmədiyinə görə tənqid edib. Zelenski deyib ki, Ukraynanın layihədən əl çəkməklə bağlı çağırışlarına “İqtisadiyyat, iqtisadiyyat, iqtisadiyyat” cavabı verilib. Almaniya Rusiyadan qaz axınını ikiqat artırmağı nəzərdə tutan layihəni qeyri-müəyyən müddətə təxirə salıb. 1225 kilometrlik, 11 milyard dollarlıq kəmər tamamlansa da Almaniyadakı orqanların təsdiqini gözlədiyindən işə salınmamışdı. Kansler Olaf Şolts fevralın 22-də kəmərin sertifikasiyası üçün tələb olunan əsas sənədin geri çəkildiyini, yəni əslində, layihənin indilik dayandırıldığını açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin həmin gün Ukraynanın şərqindəki separatçı qurumları tanıyıb, iki gün sonra Ukraynaya irimiqyaslı hücuma başlayıb. Bayden administrasiyası və Konqresin bir çox üzvləri bu kəmərin Avropanın Rusiya qazından asılılığını artıracağını, Ukraynanı ərazisindən keçən kəmərlərə görə tranzit haaqından məhrum edəcəyini deyirdilər. Geri qayıt |