Əsas Səhifə > Dünya > PUTİN KADIROVU NİYƏ İRƏLİ VERİB?
PUTİN KADIROVU NİYƏ İRƏLİ VERİB?18-03-2022, 12:31 |
“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə dalana dirənib. Bu barədə təkcə Ağ Evin sözçüsü Jen Psaki, ABŞ, İsrail və Avropa hərbi ekspertləri deyil, həm də Şərqi Ukraynadakı separatizmin memarlarından olan keçmiş FSB polkovniki İqor Strelkov deyir. Bütün ekspertlər hərbi uğursuzluğun əsas səbəbləri kimi ordu hissələrinin sayca yetərincə olmamasını, döyüş taktikasının yanlış seçilməsini və Ukrayna ordusunun düzgün dəyərləndirilməməsini göstərirlər”. DİA.AZ “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu fikirləri politoloq Ərəstun Oruclu Ukraynada hazırkı vəziyyəti şərh edərkən deyib. O, hərbi ekspertlərə istinadla qeyd edir ki, müharibə artıq üzücü mövqe döyüşlərinə keçib. “İrəliləmənin mümkün olmaması səbəbindən qəzəblənən Rusiya ordu komandanlığı hava məkanındakı üstünlükdən istifadə edərək Ukraynanın şəhərlərinə dağıdıcı raket-bomba zərbələri endirmək yolunu tutub”, - politoloq vurğulayıb. Onun sözlərinə görə, bununla Rusiyanın siyasi və hərbi rəhbərliyi özü üçün gələcəkdə hərbi cinayətlərə dair tribunala yol açmaqdadır. Ərəstun Oruclu Ukrayna cəbhəsində baş verənlərdə qeyri-adiliyi ilə diqqət çəkən bir sıra məqamlara nəzər salır. Ekspert qeyd edir ki, bunların arasında ən qeyri-adisi isə Ukraynaya qarşı aparılan işğalçı müharibədə Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin özəl yer almasıdır. Onun sözlərinə görə, bu mənada baş verənləri hər hansı normal dövlətdə təsəvvür etmək belə mümkün deyil: “Prezident Putin Çeçenistan rəhbəri ilə olan telefon danışığı zamanı rəsmi məlumatda deyildiyi kimi, Kadırova Ukraynadakı çeçen ordusunun hərbçilərinə onun salamını çatdırmağı tövsiyə edir. Putinin Kadırovla telefonla danışdığını təsdiqləyən Kreml sözçüsü Dmitri Peskov bildirir ki, hərbi vəziyyətlə bağlı onun açıqlama verməsi düzgün olmaz. Ardınca Peskov "hərbi əməliyyatlar haqda məlumat vermək Müdafiə Nazirliyinin səlahiyyətinə aiddir" deyərək, hərbi əməliyyatların gedişi ilə bağlı həmin nazirliyə və Kadırova müraciət etməyi məsləhət bilib. Burdan belə anlamaq olur ki, Kadırovun "ordu" adlandırılan dəstəsi işğalçı müharibədə müstəqil qurum kimi iştirak edir. Belə bir durumun isə iki səbəbi ola bilər: - Ordu rəhbərliyinə güvənməyən Putin hərbi əməliyyatlara "etibarlı əsgəri" olan Kadırovu qoşub; - Ramzan Kadırov faktorunu qabartmaqla Putin daxildəki opponentlərinə müvafiq mesajlar vermək istəyir”. Ə.Oruclu qeyd edir ki, birinci səbəb tam istisna olunur, çünki nə Kadırov hərbçidir, nə də onun Ukraynaya göndərdiyi qoçu dəstələri ordu statusuna iddia edə bilməz: “Hətta bu dəstənin iddia olunduğu kimi 10 min çeçen "döyüşçüsündən" ibarət olduğunu qəbul etsək də o, Ukraynanın işğalına cəlb olunmuş 200 minlik Rusiya ordusu ilə heç bir müqayisəyə gedə bilməz. Deməli, söhbət daha çox ikinci səbəbdən gedə bilər ki, bu da daha inandırıcı görünür. Uzun illərdir Kadırovun "çeçen ordusunun" Putinin şəxsi cəza dəstəsi kimi fəaliyyət göstərməsi heç kəsdən sirr deyil. Buna əyani sbutlar də yetərincədir. Elə Anna Politkovskaya, Boris Nemtsov kimi simaların və bir çox digər ictimai-siyasi fəalların açılmayan qətlinin arxasından "çeçen izinin" çıxması kifayət edir”. Politoloq vurğulayır ki, buna işarə edən başqa bir məqam da kadırovçuların Rusiya paytaxtındakı ən yaxşı halda sərbəst adlandırıla biləcək davranışıdır. “Buna isə imkan yaradan yalnız Putinin özü ola bilər”, o qeyd edir. Ərəstun Oruclu inanır ki, Ukraynaya qarşı işğalçı müharibənin yaratdığı ağır fəsadlar isə onsuz da dayanıqlı olmayan Kreml ierarxiyasında dərin çatlar, bəlkə də parçalanmalar yaradıb: “Belə olduqda da Putinin hakimiyyətdaxili opponentlərini Kadırovla təhdid etməsi daha inandırıcı görünür. Hər bir halda bu, "sərkərdə Kadırov" versiyasından daha inandırıcıdır. Amma Putinin hakimiyyətin daxilindəki rəqiblərinin də sadəlövh olmadığını nəzərə aldıqda 3 gün əvvəl baş tutmuş bir görüş də diqqət çəkməyə bilməz. Söhbət Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Çeçenistana olan səfərindən və orada Ramzan Kadırovla keçirdiyi görüşdən gedir. Rəsmi məlumatda Patruşevlə Kadırovun görüşündə Çeçenistan ərazisində dövlət və ictimai təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilsə də, başqa və daha konkret mövzularda müzakirələr olduğu istisna deyil. Bunlardan biri yuxarıda qeyd olunduğu kimi, çeçen cəza dəstələrinin hansısa siyai zorakılıq əməllərində iştirakı ola bilər. Digər inandırıcı versiya "Çeçen ordusunun" Rusiyanın Azərbaycan və Gürcüstan kimi cənub qonşularına qarşı təzyiq vasitəsi kimi istifadəsi ola bilər”. Ə.Oruclu deyir ki, bu mənada da kadırovçuların onlara heç bir ehtiyac olmadığı halda Ukrayna cəbhəsinə cəlb olunması təsadüfi görünmür, çünki belə missiyanı yerinə yetirmək üçün cəza dəstələri az da olsa real savaş şəraitində döyüş təcrübəsi toplamalıdır: “Nəhayət, üçüncü mümkün ehtimal da Rusiyadakı qarşıdan gələn hakimiyyət böhranı zamanı Şimali Qafqaz bölgəsində sabitliyin təmin olunması missiyasını Kadırovun və onun "ordusunun" üzərinə qoyulmasıdır. Bu 3 ehtimalın üçünün də üzə çxardığı ümumi bir səbəb var ki, bu da qarşıdan gələn yaxın dövrlərdə Rusiyada ictimai-sabitliyin pozula biləcəyi və siyasi böhranın yaranacağıdır”. Geri qayıt |