Əsas Səhifə > Dünya > “Facebook” və “Instagram”sız Rusiya

“Facebook” və “Instagram”sız Rusiya


23-03-2022, 08:10
“Facebook” və “Instagram”sız Rusiya
Rusiyaya qarşı beynəlxalq sanksiyalara qlobal brendlər və nüfuzlu korporasiyalar da qoşulub. Dünyanın məşhur enerji, maliyyə, texnika, avtomobil, aviasiya, qida, içki, geyim, tütün, kimya sənayesi, daşınma, sənaye markaları, o cümlədən idman və insan hüquqları təşkilatları Ukraynaya qarşı işğala etiraz olaraq Rusiyanı tərk ediblər. “Facebook”, “Instagram”, “TikTok” kimi nəhəng sosial media platformaları da bu sırada yer alır.

Nəzərə alsaq ki, bu gün Rusiyada milyonlarla həmyerlimiz yaşayır və fəaliyyət göstərirlər, sosial şəbəkələrin bağlanması onların da həyatına təsirsiz ötüşmür. dia-az.life xəbər verir ki, AYNA mövzu ilə bağlı Rusiyada yaşayan soydaşlarımızla həmsöhbət olub.

Sankt-Peterburq şəhərində yaşayan politoloq Teymur Yəhyayev AYNA-ya açıqlamasında bildirib ki, həm internetə, həm də sosial şəbəkələrə girişdə çətinliklər yaranır: “Əsasən “Twitter” və “Instagram” sosial şəbəkələrindən istifadə edirəm. “Twitter”ə daha çox zaman ayırıram və dünyada baş verən siyasi hadisələrlə bağlı öz mövqeyimi ortaya qoyuram. Hazırda Rusiyada “Twitter” fəaliyyətini davam etdirsə də, çox ciddi məhdudiyyətlər mövcuddur. Misal üçün, bir neçə gün öncə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bir status paylaşmışdım. Bundan sonra “Twitter”dən mənə məktub gəldi ki, bu cür statuslar paylaşmaq qadağandır. Mən bunu ədalətsiz hesab edərək, demokratik dəyərlərlə bir araya sığmadığı üçün statusumu pozmaqdan imtina etdim. Bundan sonra “Twitter” mənim hesabımı əngəllədi. “Instagram”a isə giriş ümumiyyətlə mümkün deyil. Çünki bu platforma sanksiyalarla əlaqədar olaraq Rusiyada öz fəaliyyətini dayandırıb. İnternetə giriş çətin olsa da, “WhatsApp”a girişdə heç bir problem yoxdur”.

Yəhyayev qeyd edir ki, Rusiyada sanksiyaların təsiri bir o qədər də hiss olunmur: “Paralel olaraq kiçik biznes fəaliyyəti ilə də məşğul oluram. Açıq şəkildə söyləmək istəyirəm ki, qida və qeyri-qida məhsulları ilə bağlı heç bir qıtlıq yoxdur. Qiymətlərdə cüzi artım olsa da, əhali sanksiyaların təsirini ciddi şəkildə hiss etmir. Pensiyalar, maaşlar və təqaüdlər vaxtlı-vaxtında verilir. Sankt-Peterburq şəhərində həyat öz axarı ilə davam edir və hamı öz işində-gücündədir. İctimai iaşə obyektləri işləyir, insanlar istirahətindən qalmırlar. Sahibkarlar da ciddi maliyyə böhranı ilə üzləşmirlər. Bundan ən çox təsirlənən Abramoviç və onun kimi oliqarxlardır. Hesab edirəm ki, onlar var-dövləti halal yollarla deyil, quldurluq yolu ilə əldə ediblər və xaricdəki sərvətlərinin müsadirə olunması tarixi ədalətin təntənəsidir”.

İvanova şəhərində yaşayan və Araz Gündüz təxəllüsü ilə məşhur olan yazıçı Malik Rzayev AYNA-ya deyib ki, Rusiya ərazisindən sosial şəbəkələrə daxil olmaq müşkülə çevrilib: “Sosial medianın fəal istifadəçilərindənəm. Vaxtaşırı olaraq ölkədə və dünyada baş verən hadisələrlə bağlı öz mövqeyimi bildirir, müxtəlif statuslar paylaşıram. Əsas istifadə etdiyim sosial media platforması isə “Facebook”dur. Demək olar ki, günün əksər saatlarında “Facebook”da aktiv oluram. “Facebook” da beynəlxalq sanksiyalara qatıldı və Rusiyada fəaliyyətini dayandırdı. Bu səbəbdən bir müddət sosial şəbəkələrdən kənar qaldım. Hətta Azərbaycandakı dostlarım bundan narahat oldular. Hazırda isə müxtəlif üsullarla “Facebook”a qoşulsam da, aktiv istifadə edə bilmirəm. Daxil olan məktublara cavab yaza bilmir, şərhləri cavablandıra bilmirəm. Çox çətinliklə və məhdud imkanlarla sosial şəbəkələrə qoşulmuşam və yalnız statuslar paylaşıram. “WhatsApp”la bağlı isə heç bir problem yoxdur”.

Paytaxt Moskvada yaşayan Atatürk Kamallı AYNA-ya söyləyib ki, Rusiyadan sosial şəbəkələrə giriş faktiki olaraq mümkün deyil: “Özümüz burada olsaq da, ürəyimiz daim vətəndədir. Sosial şəbəkələr hesabına özümüzü Azərbaycandan kənarda hiss etmir, ölkəmizlə bağlı xəbərləri, yenilikləri sosial media üzərindən əldə edirdik. Demək olar ki, gün ərzində sosial şəbəkələrdə oluram. “Facebook”, “Instagram” və “TikTok” platformalarına giriş qətiyyən mümkün deyil. Çünki qeyd olunan sosial şəbəkələrə Rusiyadan giriş yasaqlanıb. Lakin “Youtube”, “Telegram” və “WhatsApp” şəbəkələrindən istifadə etməkdə heç bir problem yoxdur. “WhatsApp” vasitəsilə Azərbaycandakı doğmalarımızla mütəmadi əlaqə saxlayırıq. Azərbaycanla bağlı xəbərləri isə internet portallarından əldə edirik və bu məsələdə heç bir problem yoxdur. Sanksiyaların təsirinə gəldikdə isə, hazırda vəziyyət stabildir. Rus rublu müəyyən qədər dəyər itirsə də, elə də ciddi böhran yaşanmır. Hər şey öz axarı ilə gedir. Qiymətlərdə isə çox cüzi artım var”.

AYNA-ya danışan Nijni Novqorod şəhərində yaşayan həmyerlimiz Surac Niftiyevin sözlərinə görə, internetə daxil olmaqda heç bir problemlə qarşılaşmasalar da, sosial şəbəkələrə girişdə ciddi çətinliklər mövcuddur: “Elə bir dövrə gəlmişik ki, artıq internetsiz, sosial şəbəkələrsiz həyat yoxdur. Həm rabitə, həm informasiya, həm də əyləncə vasitəsi kimi sosial şəbəkələrin əhəmiyyəti böyükdür. Əvvəla onu qeyd edim ki, sanksiyalardan sonra Rusiyada smartfonların qiyməti bahalaşıb. Eyni zamanda internetin sürətində ciddi problemlər mövcuddur. Azərbaycanla müqayisədə Rusiyada hər zaman internetin keyfiyyəti yüksək olsa da, hazırda internetin sürəti dial-up dövründəki kimi aşağı səviyyədədir. Deyilənə görə, bu bütün şəhərlərdə belə deyil. Yəni, şəhərdən şəhərə dəyişir. Sosial şəbəkələrlə bağlı isə onu deyə bilərəm ki, nə “Facebook”, nə “Instagram”, nə də “TikTok”a daxil olmaq mümkün deyil. Digər sosial şəbəkələr isə işləyir və heç bir problem yoxdur”.

Geri qayıt