Əsas Səhifə > Dünya > Kreml düşdüyü vəziyyətdən çıxmaq üçün çırpınır

Kreml düşdüyü vəziyyətdən çıxmaq üçün çırpınır


1-04-2022, 11:05
Kreml düşdüyü vəziyyətdən çıxmaq üçün çırpınır
Gürcüstanda separatçı Cənubi Osetiya “respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib. Bibilovun açıqlaması onun öz qərarından daha çox, Kremlin sifarişinə bənzəyir. Ukrayna üzərindən yaşanan geosiyasi qarşıdurmanın Gürcüstan üzərindən Cənubi Qafqaza köçürülməsi ehtimallar arasındadır.

Rusların Ukraynaya hücumundan sonra rəsmi Tbilisi maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirir. Mümkündür ki, Rusiya Ukraynadan sonra Gürcüstan üzərində təzyiqi artıracaq. Abxaziyanın da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil. Ekspertlərə görə, Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tbilisinin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər. Rusiyanın Gürcüstana qarşı Cavaxetiya ermənilərini aktivləşdirməsi də real versiyalardandır. Cavaxetiyada erməni separatizminin alovlandırılması Gürcüstana qarşı “daxildən zərbə” vurmaqla yanaşı, Azərbaycanın neft-qaz kəmərlərinin bu bölgənin yanından keçən hissəsinə də risklər yarada bilər. Ukraynada separatçı bölgələrin Rusiyaya birləşmək istəyinin ardından Cənubi Osetiyanın da bu yola düşməsi ermənilərin iştahını daha da artırıb. Ermənilər bunu Rusiyanın post-sovet məkanındakı tanınmamış “respublikalar”la bağlı qərar verdiyi, Qarabağla bağlı da “tanınma” senarinin mümkünlüyü kimi dəyərləndirirlər. dia-az.life-ın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Şərq”ə bildirib ki, Qərbin ciddi sanksiyalarına məruz qalan Rusiya müxtəlif gedişlərə baş vurur. Partiya rəhbərinin sözlərinə görə, Gürcüstandakı separatçıların aktivləşmə prosesi birbaşa Moskvanın diktəsi ilə həyata keçirilir:

“Gürcü xalqı açıq-aşkar Ukraynaya dəstək verir və orada ruslara qarşı döyüşürlər. Kreml bir növ gürcüləri cəzalandırmaq üçün belə addım atıb. Ancaq belə gedişlərin heç biri Rusiyanı düşdüyü vəziyyətdən qurtarmaq gücündə deyil. Rusiya xilas olmaq üçün çırpınır. Özünün itirilmiş nüfuzunu bərpa etmək üçün müəyyən təşəbbüslərə əl atır. Lakin Kreml öz hərəkətləri ilə Qərbin daha genişmiqyaslı sanksiyaları ilə üzləşəcək və zəifləyəcək”.

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov da “Şərq”ə deyib ki, dünya ictimaiyyəti Rusiyanın təcavüzkar siyasətinə qarşı ciddi birlik nümayiş etdirir. Partiya təmsilçisi qeyd edib ki, Moskva təklənmiş durumdadır:

“Kreml öz aqressiyasını və işğalçılıq missiyasını genişləndirmək siyasəti həyata keçirir. Qərblə mübarizə cəbhəsini genişləndirməyə çalışır. ABŞ və Avropanın hansı tərəfdə maraqları varsa, həmin istiqamətdə zərbə vurmağa səy göstərir. Amma belə addımlar son nəticədə Kremlin özünə zərbə vurur. Rusiyanın separatçılığı yenidən qızışdırması məsələsi Qarabağ üçün də aktualdır. Onsuz da hamıya bəllidir ki, Qarabağdakı separatçıları silahlandıran, təlim keçən və onları təxribata sövq edən Rusiyadakı müəyyən dairələrdir. Kremlin qeyri-rəsmi sözçüsü A.Duqin deyir ki, “əgər Rusiya yoxdursa, dünya da olmayacaq”. Yanaşma budur, Rusiya yanırsa, çökürsə, bölgə də, dünya da dağılsın. Halbuki, Gürcüstan Rusiya-Ukrayna müharibəsində neytral mövqe sərgiləmiş, sanksiyalara qoşulmamış və buna görə Kiyevlə arası pozulmuşdu. Moskva buna rəğmən, Gürcüstana qarşı addım atdı, ölkənin ərazi bütövlüyünü təhdid etməkdən çəkinmədi. Yəni Rusiya ilə nə qədər ehtiyatlı davranılsa da, Kremlin nazı ilə oynanılsa da, Moskva öz maraqları naminə bütün addımları atır”.

Geri qayıt