Əsas Səhifə > Dünya > Rusiya-NATO çəkişməsi hara qədər gedəcək...
Rusiya-NATO çəkişməsi hara qədər gedəcək...15-04-2022, 08:15 |
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev açıqlamasında bildirib ki, İsveç və Finlandiya NATO-ya üzv qəbul olunarsa, Rusiyanın düşmənlərinin sayı artacaq: "İsveç və Finlandiya NATO-ya qoşulmaq imkanlarını müzakirə edir. ABŞ hər imkanda Şimali Avropa ölkələrinə “Welcome!” deyir. Sadəcə qapımızı döyün, sizi dərhal evə dəvət edək. Bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın rəsmi düşmənlərinin sayı artacaq". O, həmçinin Rusiyanın buna soyuqqanlı cavab verəcəyini qeyd edib: “İsveç və Finlandiya NATO-ya daxil olsa, Alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfə artacaq. Təbii ki, bu sərhədləri möhkəmləndirmək lazım gələcək. Quru qoşunları və HHM ciddi şəkildə gücləndirilməli, Fin körfəzi hövzəsində xeyli hərbi-dəniz qüvvələri yerləşdirilməlidir. Bu olduğu halda, Baltik dənizinin nüvəsiz statusundan söhbət belə gedə bilməz. Balans bərpa edilməlidir. İndiyədək Rusiya belə addımlar atmırdı və atmağa da hazırlaşmırdı”. dia-az.life-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi uzun müddətdir müzakirə olunur: "Dəfələrlə bu iki ölkənin hakimiyyət təmsilçilərindən Alyansa üzvlüklə bağlı fikirlər səsləndirilib. Rəsmi Stokholm və rəsmi Helsinki hər zaman Rusiya ilə münasibətlərin normal qalmağına çalışıb. Həmçinin Rusiyanın NATO-nun onun sərhədlərinə daha da yaxınlaşmağı məsələsindən narahatlıq keçirəcəyini düşündüyü üçün bu məsələlərdə neytral və məsafəli davranmağa çalışıb. Amma son günlər hər iki ölkədən səslənən fikirlər də əvvəlki mesajların davamı xarakteri daşıyır. Yəni həmişəki kimi, adıçəkilən dövlətlər növbəti dəfə Hərbi alyansa üzvlük mesajları versə də, real və praktik olaraq NATO-nun tərkibinə qatılmayacaq. Çünki Ukrayna ilə bağlı hadisələr də göstərib ki, Şimali Atlantika alyansının Kreml sərhədlərinə çox yaxınlaşmağı növbəti aqressiyalara səbəb olur. Medvedyevin də bəyanatları ənənəvi Rusiyanın xəbərdaredici açıqlamalarından biridir. Hətta təşkilata üzv qəbul olunsa belə, rəsmi Moskvanın vəziyyətinin ağırlaşacağını hesab etmirəm. Rusiya buna cavab olaraq Şimali Avropa ölkələri ilə sərhədlərində silahların, raket arsenallarının sayını artıracaq. Bu da Şimali Avropa ölkələrində müəyyən qədər narahatlığa səbəb olacaq. Ümumilikdə hazırda belə bir addımın atılması qeyri-mümkün görünür. Düzdür, NATO İsveç və Finlandiyanın təşkilata üzv olmağı üçün uzun müddətdir cəhdlər edir. Özəlliklə, Rusiya-Ukrayna gərginliyindən sonra bu məqsədə nail olmaq üçün hətta üzvlük məsələlərində Şimali Avropa ölkələri üçün müəyyən sadələşdirmələr də edə bilər. Amma indiki şəraitdə rəsmi Stokholm və rəsmi Helsinkinin belə bir addım atacağı real görünmür". Geri qayıt |