Əsas Səhifə > Dünya > “Bəlkə də, Kremlin qorxduğu yeganə ölkə Türkiyədir”
“Bəlkə də, Kremlin qorxduğu yeganə ölkə Türkiyədir”19-04-2022, 10:31 |
Ermənistanın Baş naziri Nikol Paşinyan bu həftə Moskvaya rəsmi səfər edəcək. Bu barədə “Rossiya 1” telekanalında efirə gedən “Moskva. Kreml. Putin” verilişində məlumat verilib. “Ermənistanın Baş naziri Rusiyaya rəsmi səfərə gəlir. Hazırkı beynəlxalq vəziyyətdə bu, xüsusi əhəmiyyət kəsb edən hadisədir”, - deyə məlumatda bildirilib. Xüsusilə nəzərə alsaq ki, səfər bu yaxınlarda Avropa İttifaqının (Aİ) vasitəçiliyi platformasında, Bakı ilə İrəvan arasında keçirilən ikinci danışıqlardan bir qədər sonra baş tutacaq, Paşinyanın Moskva səfəri xüsusilə əhəmiyyətlidir. Xatırladaq ki, Əliyev, Paşinyan və Şarl Mişel arasında Brüsseldə keçirilən görüşdən sonra Moskva qəfildən ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyündə iştirakdan açıq şəkildə imtina etmək qərarına gəlib və hətta vasitəçisinin ranqını və adını dəyişib. Bundan sonra İqor Xovayevin vəzifəsi başqa cür adlanır: “Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi”. Bütün bunlar Rusiya üçün nə deməkdir? Bu, bir növ təkbaşına vasitəçiliyi mənimsəmək cəhdidirmi? Biz Putinlə Paşinyan arasında Kreml görüşündən nə gözləməliyik? Moskvanın son “hərəkətləri” göstərir ki, sülh prosesinin onun iştirakı olmadan intensivləşməsi ilə bağlı bir növ qısqanclıq və təşviş var. Moskva sülh prosesində həqiqətən nəyi görmək istəməzdi? Moskva Bakı ilə İrəvanın öz aralarında olan bütün problemləri necə həll edəcəyindən, bundan sonra Qarabağda rus “sülhməramlılarının” olmasına ehtiyac qalmamasından ehtyiyatlanır? DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar. Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru, Tbilisidən olan politoloq Yeqor Kuroptev: “Şübhəsiz ki, Moskvanın kabusu Bakı ilə İrəvan, İrəvanla Ankara arasında münasibətlərin qurulmasıdır. Kreml bunun baş verməməsi üçün hər şeyi etməyə çalışacaq. Digər tərəfdən, Moskva indi çox zəifləyib və Azərbaycan üçtərəfli sazişin tam gücü ilə işə başlamasını səbirsizliklə gözləyir. Biz bunu həm “Bayraktar”ların uçuşlarında, həm də Bakının digər birmənalı addımlarında görürük. Kreml iki taktika seçə bilər: sonradan müdaxilə etməyə çalışmaq üçün İrəvanı bütün gücü ilə sülh yolu ilə həlli ləngitməyə sövq etmək və ya bu istiqamətdə enerji sərf etməmək üçün, həmçinin, təkcə Azərbaycan deyil, həm də Putinin çox ehtiyatlandığı Türkiyə ilə üzbəzüz gəlməmək üçün gələcək irəliləyişlərə yol vermək. Bəlkə də, Kremlin həqiqətən qorxduğu yeganə ölkə Türkiyədir. Onlar həmişə Qərbi zəif hesab edirdilər. Ukraynadakı müharibə və Kiyevin güclü dəstəyi bu münasibəti dəyişdi, lakin hərbi baxımdan Kreml qətiyyən Türkiyə ilə üzbəüz toqquşmaq istəməzdi. Buna görə də, bu və ya digər şəkildə, indi Moskva Ukraynaya qarşı açdıqları müharibədən məğlub olaraq da olsa, simasını saxlamaqla çıxmaq üçün bütün istiqamətlərdə zamanla oynamağa çalışacaq. Bunu necə etmək qərarına gəliblər - yaxın həftələrdə görəcəyik. Aydındır ki, Kreml Kiyevə göndərilən sanksiyalar və silahlarla Moskvanı sərt və təhqiramiz şəkildə sillələyən Aİ ilə hansısa formatlarda masa arxasında oturmaq istəmir və öz sərhədləri yaxınlığında ən azı bəzi məsələləri təkbaşına həll etməyə çalışacaq. Sual olunur: Ukraynada, məsələn, Buçada, bu qədər dinc sakini qətlə yetirmiş manyakın öz problemlərini həll etməsi Azərbaycan və Ermənistana yarayırmı?”. Azərbaycanlı diplomat, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev: “Hələlik vəzifə ikitərəfli dialoqa başlamaqdır və Aİ-nin vasitəçiliyi bizim üçün daha faydalı oldu, çünki buna real töhfə verdi. Təbii ki, Rusiya tərəfindən vəziyyətə nəzarət etmək cəhdləri görünür, lakin eyni zamanda, Lavrovun son bəyanatlarına baxmayaraq, mən deməzdim ki, Ermənistan və Azərbaycanın gördüyü hər bir iş Rusiyada düşmənçiliklə qarşılanır. Ən azı rəsmi səviyyədə Moskva tərəflərin sülh müqaviləsi bağlamaq niyyətini alqışlayıb. Rusiya təbii olaraq Ermənistanla Azərbaycan arasında siyasi proseslərə təsirini davam etdirmək istəyir. Sülhməramlılara nə vaxt ehtiyac qalmayacaq məsələsinə gəlincə, hesab edirəm ki, bütün bunlar haqqında danışmaq hələ tezdir. Bu məsələ 3 ildən sonra öz həllini tapacaq. Biz təcili problemlərin həllinə diqqət yetirməliyik. Bu, sülh müqaviləsidir, sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat layihələri, kommunikasiyaların açılması, humanitar problemlərin həllidir. Əgər biz bu məsələlərdə irəliləyiş əldə etsək, bu, bütün regionumuzun təhlükəsizlik vəziyyətinə çox müsbət təsir göstərəcək”. Geri qayıt |