Əsas Səhifə > Dünya > Hitler və Putinin oxşar yalanları
Hitler və Putinin oxşar yalanları20-04-2022, 10:16 |
“Rusiya BMT-də Ukrayna hadisələri, o cümlədən Buça şəhərində dinc əhalinin qətliamları ilə bağlı beynəlxalq araşdırmaya başlamayacaq”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib. Onun səsləndirdiyi “arqumentasiya” da gülməlidir. Belə ki, Moskva bu məsələlərdə istintaqın qərəzsizliyinə şübhə edir. “İndiyə qədər bu mövzu BMT-də qaldırılmayıb. Baxmalıyıq ki, bu, hansı araşdırma ola bilər, onu kim aparacaq. Təəssüf ki, əvvəlki araşdırmaların təcrübəsi son dərəcə qərəzli mövqe nümayiş etdirildiyini göstərir”, - deyə “RİA Novosti” İliçevdən sitat gətirir. Heyrətləndirici sinizmdir. Rəsmi səviyyədə dayanmadan, uzun illərdir ki, yalanlar danışan Rusiya BMT-nin qərəzsizliyinə şübhə ilə yanaşır. Bu, həqiqətən də kimin ayıbına kor olması misalını xatırladır. Biz xatırlayırıq ki, bir vaxtlar ən yüksək tribunalardan Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Rusiya Federasiyasının Krımı ələ keçirmək niyyətində olmadığını demişdi. Və sonra Krımın ilhaqı oldu, sonradan bunda iştirak edənlərin hamısı mükafatlandırıldı. Eyni sözləri Donbass haqqında da demək olar. Vaxtilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Daria Aslamova ilə müsahibədə qondarma “DXR” və “LXR”-in “müstəqilliyinin” tanınması məsələsində təəccübləndiyini göstərmişdi. İndi isə onun hazırkı çıxışlarına qulaq asaq. “Ukrayna ordusunun atəşi gücləndirməsindən sonra Rusiyanın “DXR” və “LXR”-i tanımaqdan başqa çarəsi qalmadı”, - deyə Lavrov “India Today”ə deyib. O vurğulayıb ki, son hadisələr zamanı Ukrayna “NATO-nun körpüsünə” çevrilib və Vladimir Zelenski ölkənin nüvə silahına malik olmasına qayıtmaq imkanını nəzərdən keçirə biləcəyi barədə bəyanatlar verib. Aydındır ki, bu da sinizm dolu başqa bir yalandır. Rusiyanın seçimi var idi. Donbasda separatizmi və terroru maliyyələşdirməyə, ora hərbi təlimatçılarını göndərməyə, bölgəni silahla doldurmaya bilərdi. O, Ukraynanın daxili işlərinə qətiyyən qarışmaya bilərdi. Amma əslində nə baş verdiyini görürük. Rusiya qorxaqcasına müharibəni “xüsusi əməliyyat” adlandırmaqla Ukraynaya qarşı tammiqyaslı müharibəyə başladı. Və açıq-aşkar cinayətinə birtəhər bəraət qazandırmağa çalışan Rusiya Federasiyası hər cür cəfəngiyat, “feyklə” gündəmə gəlir. “Biz vurmasaydıq, bizi vurardılar” serialından. Amma bu, təzə hiylə deyil. Adolf Hitlerin 1939-cu il sentyabrın 1-də Kroll Operasında Reyxstaqın fövqəladə iclasındakı çıxışını xatırlamaq kifayətdir. Bu çıxış Polşaya qarşı açıq müharibə elanı idi, baxmayaraq ki, bu, rəsmi olaraq edilməmişdi. Artıq bənzərliklər var və onların sayı çoxdur. "Həmişə olduğu kimi, sülh yolu ilə bu dözülməz vəziyyətdən çıxmağa, dəyişikliyə nail olmağa çalışdım. Dünyanın bizi güc yolu ilə dəyişikliyə nail olmaqda ittiham etməsi yalandır. Bu, ağ yalandır. Eyni şəkildə, Danziq problemini həll etməyə çalışdım. Bütün problemlərin sülh yolu ilə müzakirəsini təklif edirik" demişdi Hitler. Ukraynaya qarşı müharibəyə "məcbur olduqlarını" iddia edən Putinin, Lavrovun və digər Rusiya liderlərinin çıxışları ilə heyrətamiz oxşarlıq ortadadır. "Deputatlar, əgər Almaniya hökuməti və onun füreri Almaniyaya qarşı bu cür rəftarla səbrlə dözsəydilər, sadəcə olaraq siyasi səhnədən silinməyə layiq olardılar. Lakin mənim dünyaya sevgimi və səbrimi zəiflik və ya qorxaqlıq kimi qəbul etməyə başlamaq səhv olar”, – deyə Hitler iddia edirdi. Və bu, həm də bütün məsuliyyəti başqasının üzərinə atmağa çalışan Rusiya liderlərinin Rusiyanın ona qarşı müharibəyə başlamasında Ukraynanı ittiham edən tezislərini çox xatırladır. Rusiyanın yalanları və riyakarlığı BMT-də Ukrayna hadisələri ilə bağlı beynəlxalq araşdırmaya başlamaqdan imtina edilməsinin, o cümlədən Buça şəhərində dinc əhalinin qətliamına dair sübutların timsalında da özünü qabarıq şəkildə büruzə verdi. Xatırlayırıq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya Buçada dinc əhalinin qətlində əli olması ilə bağlı iddiaları rədd edir və Buçadakı hadisələri “mümkün olan ən yüksək səviyyədə” - BMT Təhlükəsizlik Şurasında müzakirə etmək fikrini müdafiə edir. Bəs indi sözdən əmələ keçid haradadır? Peskovun Rusiya Federasiyasının günahsızlığını sübut etmək istəyi haradadır?! Bunların heç biri yoxdur və ola da bilməz. Çünki Rusiya Prezidenti Vladimir Putin Buçada baş verən qətlləri “təxribat” və “feyk” adlandırıb. Yəni o, artıq ucadan və aydın şəkildə Rusiya Federasiyasının bu məsələdə mövqeyinin necə olduğunu göstərib. Bu, terroru təşviq edən dövlətin mövqeyidir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays CNN-ə deyib ki, onlar Rusiya Federasiyasının “terrorizmin sponsorları” siyahısına daxil edilməsi imkanlarını öyrənirlər: “Biz faktları diqqətlə öyrənirik. Biz qanunu diqqətlə öyrənirik”. Bəli, ABŞ yalnız Rusiya Federasiyasının “terrorçuluğun sponsorları” siyahısına salınması imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Buçada soyqırımı aktının baş verdiyinə dair çoxlu real sübutlar var. Çoxlu sayda dinc ukraynalı sırf ukraynalı olduqları üçün öldürüldü. Onların cəsədləri, o cümlədən kütləvi məzarlıqlar dünyanın aparıcı media nümayəndələri tərəfindən görüntülənib. Kiyev yaxınlığında yerləşən, bir vaxtlar çiçəklənən şəhərin külə çevrilməsinin foto və video sübutları var. Rus işğalçılarının ukraynalı qadın və uşaqları zorlamasına dair çoxlu sübutlar var. Lakin Rusiya Prezidenti Putin bütün bunların “feyk” olduğunu iddia etməkdə davam edir. Üstəlik, Buçada soyqırımında iştirak etmiş rus hərbçilərinin mükafatlandırılması faktı da var. Hansı ki, bu, özlüyündə bu soyqırımının Rusiya Federasiyası rəhbərliyinin şəxsi göstərişi ilə həyata keçirildiyinə dair aşkar faktın etirafıdır. //ayna// Geri qayıt |