Əsas Səhifə > Dünya > Moskvaya bağlı revanşist-radikal qüvvələrin 8 may hədəfi...

Moskvaya bağlı revanşist-radikal qüvvələrin 8 may hədəfi...


30-04-2022, 09:26
Moskvaya bağlı revanşist-radikal qüvvələrin 8 may hədəfi...
Ermənistanda radikal-revanşist müxalifətin Paşinyan hökuməti əleyhinə ölkə boyu küçə yürüşləri, daha dəqiqi, çığır-bağırı və qara şivəni davam edir. Belə görünür, 4 il qabaq böyük rüsvayçılıqla hakimiyyətdən salınmış qüvvələr Nikol Paşinayanı elə öz üsulu ilə devirmək niyyətindədir.

Lakin hələ ki, baş verənlər inqilabdan daha çox “stəkanda fırtına”ya bənzəyir. Çünki bununla neçənci dəfədir ki, radikal müxalifət öz ətrafına sanballı sayda narazı kütləni toplaya bilmir. Ona görə ki, erməni cəmiyyətinin əksəri əsasən korrupsioner və kriminal Qarabağ klanına bağlı bu boşboğazlar yığnağına, heç bir real “yol xəritəsi” olmayan qaragüruhçulara sadəcə, inanmır. Bu səbəbə elə Paşinyanın iqtidarda qalmasını istəyir.

*****

Bu xüsusda Tedoş Arşakyan ad-soyadlı erməni şərhçinin Armenianreport.com-dakı məqaləsi diqqət çəkir və kapitulyant ölkədə narazı ab-havanın mahiyyətini, oradakı etirazların mümkün inkişaf dinamikasını daha yaxşı anlamağa imkan verir.

Müəllif yazır: “Ermənistanda siyasi müharibənin yeni mərhələsi başlayıb. Hər halda, həm parlament müxalifətinin, həm də ötən ilki seçkilərin nəticələrindən sonra parlament divarlarından kənarda qalan müxalifətin fikri belədir. Ölkənin hər yerindən paytaxta doğru narazı insanların yürüşləri təşkil olunur, İrəvanın küçə və prospektləri bağlamağa çalışırlar. Ən utancverici və xoşagəlməz hal isə odur ki, müharibədə həlak olan hərbçilərin valideynləri də küçə mübarizəsinə cəlb olunurlar”.

Məqalədə ardınca deyilir: “Şübhəsiz ki, son ilyarım ərzində (44 günlük savaşdan sonrakı dövrdə - red.) ölkədə etiraz kütləsi xeyli artıb. Bunun da obyektiv səbəbləri var - müharibədə məğlubiyyət, iqtisadiyyatın çox ləng yaxşılaşması və əksinə, hakimiyyətin Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq yönündə çox sürətli hərəkəti, cəmiyyətimizin böyük əksəriyyətinin isə buna sadəcə, psixoloji cəhətdən hazır olmaması. Səbəblər çoxdur, lakin onların hamısının cəmi belə, çətin ki, Nikol Paşinyanı devirib ”keçmiş" hakimiyyətlərini bərpa etmək üçün müxalifətin güclənməsinə kömək eləsin".

Erməni siyasi şərhçinin qənaətincə, bunu əslində, müxalifət liderlərinin özləri də başa düşürlər, lakin etiraf eləməyə qorxurlar: “Ona görə də bəyanatlar verirlər ki, bəs biz Paşinyana yenə göstərəcəyik. Xeyr, uşaqlar, inqilablar və rejim dəyişikliklərini belə eləmirlər. Axı sizin Ermənistanı düşdüyü indiki vəziyyətdən çıxarmaq üçün heç bir proqramınız yoxdur. Siz sadəcə, Paşinyanı aradan götürmək istəyirsiniz. Yaxşı, ondan sonra nə olacaq? Mən deyə bilərəm. Ondan sonra Köçəryan, Sərkisyan, Vanetsyan, daşnaklar və digər siyasi qüvvələrin hakimiyyət bölgüsü başlayacaq. Sizi birləşdirən yeganə şey indiki hakimiyyətə qarşı qatı nifrətdir. O yox olan kimi fitnə başlayacaq”.

Lakin müəllifə görə, hazırda Ermənistan özünə məhz belə bir lüksü rəva bilən durumda deyil. “O halda (müxalifət iqtidara qayıdacağı halda - red.) biz təkcə ”artsax"ın işğal olunmamış qalan hissəsini deyil, həm də Ermənistanın özünün böyük ərazilərini itirəcəyik. Axı Əliyevlə Ərdoğan bunu gizlətmirlər. Üstəlik, “artsax”ı siz necə qaytarmağa hazırlaşırsınız? Müharibə ilə? Buna gücümüz varmı? Yaxud dünya birliyi bizə bunu etməyə icazə verəcəkmi? İndi onun başı tamamən Rusiya-Ukrayna müharibəsinə qarışıb, ermənilərin bəlaları və müsibətlərinin hayında deyil. Bəlkə Rusiya bizə kömək edəcək? O Rusiya ki, onun rəhbərliyindən heç kəs erməni xalqına və Ermənistana “erməni soyqırımı”nın 107-ci ildönümü ilə bağlı adi kədər hissi ifadə eləməyi belə özünə rəva bilmədi?", - deyə Arşakyan sual edib.

*****

Müxalifət isə artıq son şansını da “xərcləməyə” başlayıb. Onun geniş ictimai dəstəksiz qalmasının ən mühüm və vazkeçilməz səbəbi odur ki, erməni xalqının əksəriyyəti yeni müharibədən qorxur. Erməni ailələri öz övladlarının təzədən boşuna qurbanlıq olmasını istəmirlər. Bununla belə, görünür müxalifət vabank getməkdə israrlıdır. Eyni zamanda tələsir. Heç nə alınmasa, - yəqin ki, belə də olacaq, - radikal müxalifətin ənənəvi terror üsuluna əl atacağı istisna deyil.

Xatırladaq ki, Ermənistanda bənzər qarışıq situasiya 1999-cu ilin oktyabrında yaranmışdı. O vaxt Azərbaycan və Ermənistan ABŞ-ın, daha dəqiqi, dövlət katibinin o zamankı köməkçisi Straut Telbotun moderatorluğu ilə sülh anlaşmasının bir addımlığına gəlib çıxmışdı. Lakin Kremlin “dobro”su ilə Ermənistan parlamentinin gülləbaran edilməsi prosesi tormozladı...

*****

Qeyd edək ki, mayın 8-də baş nazir Nikol Paşinyanın “məxməri inqilab” yolu ilə Sərkisyanın xunta rejimini devirib hakimiyyəti ələ keçirməsinin 4 ili tamam olacaq. Siyasi opponentlər çox istərdilər ki, həmin tarixədək Nikol Paşinyan iqtidarını heç olmasa, laxlatsın. Amma çox böyük ehtimalla müxalifət həmin tarixə də müxalifət olaraq gəlib çıxacaq, nəinki yeni (köhnə) iqtidar kimi.

Azərbaycan dövləti üçün isə kapitulyant ölkədə kimin hakimiyyət sükanı arxasında durması önəm kəsb eləmir. “İlanın ağına da lənət, qarasına da”. Əsas odur ki, Bakı bütün hallarda “barıtı” quru saxlayır və Ermənistanı kimin idarə eləməsindən asılı olmayaraq, kapitulyant ölkəni sülhə vadar eləmək üçün yetərli rıçaqlarına malikdir...
“Yeni Müsavat”

Geri qayıt