Əsas Səhifə > Dünya > Rusiyanın KTMT-dən umacağı nədir?

Rusiyanın KTMT-dən umacağı nədir?


6-05-2022, 10:09
Rusiyanın KTMT-dən umacağı nədir?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) may ayında Moskvada keçirilməsi planlaşdırılan yubiley sammitinə hazırlıq gedir. Sammitin dəqiq vaxtı açıqlanmır.

KTMT-yə üzv olan dövlətlərin başçılarından Moskvaya kimin gəlib-gəlməyəcəyi də məlum deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Rusiyanı dəstəkləmir və Ukraynaya qarşı müharibədə iştirak etmək arzusunu ifadə etmir.

Bu barədə ötən həftə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. “Rusiya Federasiyasının təkidlərinə baxmayaraq, KTMT üzvləri öz ölkələrindən kənarda sülhməramlı əməliyyatların aparılması ilə bağlı qərar qəbul etmək istəmirlər. O cümlədən “DNR” və “LNR” adlanan ərazilərdə baş verən münaqişəyə qoşulmaq istəmir. Digər tərəfdən, KTMT üzvləri milli kontingentin Rusiya Federasiyası və ya Belarus ərazisində məhdud şəkildə yerləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər. Ancaq Ukraynanın onların ərazisinə hücumu ilə bağlı rəsmi bəyanatdan sonra", - kəşfiyyatın hesabatında deyilir.

Qeyd edək ki, Ermənistan 16 sentyabr 2021-ci ildən etibarən 2 il müddətinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edir. Rusiyanın KTMT-dən umacağı nədir? Putin “NATO”su Rusiyaya hansı dəstəyi verə bilər?

BAXCP sədrinin müavini, əməkdar jurnalist, politoloq Elçin Mirzəbəyli Rusiyanın dəstəklənməsini tam mümkünsüz hesab edir: “KTMT üzvü olan dövlətlərin Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləmələri bir neçə aspektdən mümkün deyil. Əvvəla, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi həm BMT-nin, həm də KTMT-nin nizamnaməsinə ziddir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsində BMT Nizamnaməsinə istinad olunur və BMT-yə üzv dövlətlərin öhdəliklərinin KTMT-nin fəaliyyətində əsas götürüldüyü bildirilir. Digər tərəfdən, KTMT üzvü olan ölkələr təşkilatın nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı birinə təcavüz olunacağı təqdirdə hərbi əməliyyatlara qoşula bilərlər. Məlum olduğu kimi, Rusiyaya hər hansı bir ölkə hücum etməyib, bu dövlətin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığına təhdid yaranmayıb, əksinə, Rusiya BMT Nizamnaməsinin və digər beynəlxalq hüquqi-normativ aktların tələblərini pozaraq suveren dövlətin ərazisinə hücum edib və bu baxımdan, KTMT üzvü olan dövlətlər bu amili nəzərə alaraq, Rusiyanın təşkilatdan kənarlaşdırılması ilə bağlı məsələ qaldırmalıdırlar. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinin 20-ci bəndində bildirilir ki, ”üzv dövlət nizamnamənin tələblərini yerinə yetirmədiyi təqdirdə, KTMT-nin Təhlükəsizlik Şurası həmin dövləti üzvlükdən kənarlaşdıra bilər. Bu zaman üzvlükdən çıxarılan dövlətin səsi nəzərə alınmır. Rusiya, şübhəsiz ki, müharibənin davam etdirilməsi üçün KTMT üzvü olan dövlətlərin dəstəyini istəyir. Toplantının da səbəbi çox güman ki, bu istəklə bağlıdır. Amma üzv dövlətlər bu müharibəyə qoşulduqları zaman təcavüzün iştirakçısına çevriləcəklər ki, bu da həm KTMT Nizamnaməsinin preanbula hissəsində yer alan məqamlara, o cümlədən KTMT-nin fəaliyyətində istisnasız olaraq, BMT Nizamnaməsinin əsas götürüləcəyi barədə öhdəliyə, həm Baş Assambleyanın qəbul etdiyi qərarlara, həm də üzv dövlətlərin Ukrayna ilə imzaladıqları dövlətlərarası müqavilələrə ziddir. Bununla yanaşı, KTMT-yə üzv dövlətlərin Ukraynaya müdaxilədə iştirakı təsdiqlənərsə, o zaman həmin dövlətlər də sanksiyaların altına düşəcəklər ki, Rusiyanın onların itkilərini qarşılamaq imkanı yoxdur. Ola bilsin ki, bu amili nəzərə alıb Rusiya öz istəyini imperativ şəkildə bəyan etməyəcək. Əks təqdirdə, bu, KTMT-nin tamamilə sıradan çıxmasına gətirib çıxara bilər".

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu toplantıdan ciddi nəyinsə əldə olunacağını, ümumiyyətlə, düşünmür: “Rusiyanın bütün müttəfiqləri ilə ”səmimiyyət" problemi var. Müttəfiqlər sanki “dost çuxuruna” düşüblər. Ona görə də rusların bu sahədə nəyəsə nail olması çətindir. Sadəcə, üzdə elə- belə Rusiyanın xətrinə dəyməmək üçün şimal qonşumuzun beynəlxalq əhəmiyyətindən söhbət edib dağılışacaqlar. Böyük ehtimalla da bu formada toplantı olacaq. Rusiya SSRİ-nin 1979-cu il aqibətini yaşaya bilər. SSRİ-nin Əfqanıstana girməsi hamıya məlumdur. Amma Rusiyanın xarici siyasəti həmişə yarıhərbi olur. Ona görə də Rusiya tarixində önəmli diplomat adı az görərsiniz. Amma çoxlu “polkovodets” var. Qayıdaq KTMT məsələsinə, real bir şey olacağını düşünmürəm".
“Yeni Müsavat”

Geri qayıt