Əsas Səhifə > Dünya > “Ukrayna başlanğıcdır, böhran bitməyəcək”
“Ukrayna başlanğıcdır, böhran bitməyəcək”10-05-2022, 10:54 |
Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb ki, Rusiya Ukraynaya hərbi müdaxiləsini 2022-ci ilin sentyabr ayına qədər davam etdirməyi planlaşdırır. Halbuki bundan öncə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç Rusiyanın Donbassı ələ keçirməyi yaxın günlərdə qələbə kimi elan edəcəyini demişdi. Rəsmi Kiyevdən verilən informasiyaya görə, Moskva Ukraynada faktiki məğlubiyyətə uğrayıb və məhz elə bu səbəbdən də təcavüzü davam etdirir. Bu müharibənin nə vaxta qədər davam edəcəyi hazırda dünya gündəmini məşğul edir. Bəziləri müharibənin digər ölkələrin ərazisinə keçəcəyini, nəticədə Üçüncü Dünya müharibəsinin başlayacağını, digərləri isə Rusiyanın təzyiqlərə tab gətirməyərək geri çəkiləcəyini düşünürlər. dia-az.life xəbər verir ki, ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin professoru, Dr. Əli Əskərli AYNA-ya müsahibəsində Ukraynada baş verənlərdən danışıb. - Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir. Sizcə, bu münaqişəni alovlandıran səbəb nə oldu? - Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda bu məsələyə daha çox subyektiv aspektdən yanaşırlar. Çünki ölkəmizin son 200 illik tarixi Rusiya ilə bağlı olub və əsas təhlükələr də məhz Rusiyadan gəlib. Bu mənada soydaşlarımızın Rusiya əleyhinə fikirlər bildirməsi və birmənalı şəkildə şimal qonşumuzu tənqid etməsi anlaşılandır. Təbii ki, vətənini, dövlətini sevən, Rusiyanın təhdidlərindən əziyyət çəkən bir xalqın nümayəndəsi, azərbaycanlı olaraq mən də bu məsələdə Rusiyanın əleyhinə, Ukraynanın isə tərəfindəyəm. Lakin bir alim kimi məsələyə daha çox akademik müstəvidən yanaşılmasının vacibliyini də anlayıram. Bu mənada hər hansı fikir bildirərkən daha çox obyektiv mülahizələr səsləndirməyə çalışacağam. Bu münaqişənin tarixi ötən əsrin 90-cı illərinə dayanır. XX əsrdə Ukrayna üç müharibədə iştirak edib. 1917, 1925 və 1944-1950-ci illər. SSRİ dağılandan sonra Rusiyanın birinci Prezidenti Boris Yeltsin açıq şəkildə bəyan edirdi ki, Sovet İttifaqı olmadığına görə NATO dağılmalıdır. Hələ o zamandan rəsmi Moskva bəyan edirdi ki, NATO-nun mövcudluğu Rusiyaya qarşı təhdiddir. Digər yandan ABŞ hər hansı ciddi atım atarkən bunu təxminən 10 il öncədən planlaşdırmağa başlayır. Bu mənada Qərb onillərdir ki, Rusiya ilə münaqişəyə hazırlaşırdı. Hər bir müharibə üç mərhələdən ibarət olur: Müharibə öncəsi, müharibə dövrü və müharibə sonrası mərhələlər. Bu gün artıq Avropada müharibə sonrası planlar haqqında danışmağa başlayıblar. Ukraynaya gələcək yardımlar, bərpa planı və s. istiqamətlərdə müzakirələr başlayıb. Açıq şəkildə deyim ki, Zelenski müharibə öncəsi vəziyyəti peşəkar şəkildə idarə edə bilmədi. O, təcrübəsiz bir siyasətçi olsa da, artıq ona qarşı şəxsiyyətə pərəstiş səviyyəsində münasibət formalaşmağa başlayıb. Adətən ictimaiyyətin emosiyalarına xitab edir ki, bu da öz növbəsində təcrübəli dövlət rəhbərinə xas keyfiyyətlər kimi qiymətləndirilə bilməz. Misal üçün, müharibə yeni başlayanda Türkiyəni özünün təminatçısı adlandırırdı - hansı ki, bu, müqavilə ilə tənzimlənir və Türkiyə ilə Ukrayna arasında belə müqavilə mövcud deyildi. Sonradan isə yunan televiziyalarına müsahibələri zamanı Türkiyənin əleyhinə fikirlər səsləndirdi. Qərb Ukraynaya açıq şəkildə dəstək verir, artıq böhran Rusiya-Ukrayna münaqişəsi kontekstindən çıxıb və NATO-Rusiya münaqişəsi səviyyəsinə qədər irəliləyib. Bundan sonra Zelenski istəsə də, bu müharibəni dayandıra bilməz. Rusiya beynəlxalq hüquq normalarını, əxlaq kodeksini, suveren dövlətin ərazi bütövlüyünü pozur və buna görə məsuliyyət daşımalıdır. Lakin Qərbin özündə də bu gün beynəlxalq hüquq normalarına riayət olunmur. Təsəvvür edin ki, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt kameralar qarşısında deyirdi ki, “İraqa tətbiq olunan sanksiyalar nəticəsində yarım milyon uşaq ölüb və buna dəyərdi”. Bu, qeyri-əxlaqi yanaşma deyilmi?! Siyahını uzatmaq da olar. - Bayden Ukraynada baş verənləri “demokratiya ilə avtokratiya arasında ilk real döyüş” adlandırıb. İddialar var ki, ABŞ-ın məqsədi demokratiyanı qorumaq yox, Rusiyanı zəiflətməkdir... - Əvvəla onu qeyd edim ki, dünyada ideal demokratiya yoxdur və nisbi demokratiya anlayışı mövcuddur. Misal üçün, ABŞ, Böyük Britaniya demokratiyası Türkiyə və ya Hindistan demokratiyasından daha yaxşıdır. 2000-ci illərin əvvəllərində İraqda baş verənlərə nəzər yetirsək, görərik ki, ABŞ tərəfindən ciddi korrupsiya faktlarına yol verilib. Bu mənada Baydenin demokratiya və avtokratiya arasında döyüş olması ilə bağlı açıqlaması səmimi sayıla bilməz. Amerika və Avropa nə üçün bu müharibənin qarşısını almağa cəhd etmədi? Hazırkı şəraitdə əsas sual məhz bu olmalıdır. Halbuki 2008-ci ildə Rusiya qoşunları Qoriyə qədər gəlib çıxanda, 2014-cü ildə Krımı işğal edəndə Qərb buna ciddi reaksiya vermədi. Dağlıq Qarabağ münaqişəsi zamanı da oxşar münasibətin şahidi olduq. Bayden ABŞ-ın vitse-prezidenti olanda deyirdi ki, “Ərdoğanı iqtidardan devirmək üçün əlimdən gələni edəcəyəm”. Axı Türkiyə demokratik ölkədir və Ərdoğan xalq tərəfindən mandat alıb. Niyə xalqların iradəsinə hörmət etmirlər? Hesab edirəm ki, ABŞ bu gün Ukraynada təşəbbüsü ələ alıb və bütün bunların fonunda dünyaya nəzarəti təmin edir. Demokratiyanı isə silahla qorumurlar. Şübhəsiz ki, burada əsas məqsəd Rusiyanı zəiflətmək və hegemon dövlət olaraq dünyaya tam nəzarəti ələ almaqdır. Böyük Britaniya Avropa Birliyini tərk etdi və bundan sonra Bayden yeni dünya düzənindən danışmağa başladı. Bu dünya düzəni özündə nəyi ehtiva edir - bu suala da konkret cavab yoxdur. Aydın şəkildə demək olar ki, ABŞ və Böyük Britaniya supergüc olaraq mövqeyini qorumaq niyyətindədir və atılan addımlar da bu məqsədə xidmət edir. - Putin belə bir açıqlama verib ki, SSRİ daim sanksiyalar altında yaşayıb və inkişaf edib. Doğrudanmı bu sanksiyaların şimal qonşumuza ciddi təsiri olmayacaq? - Putin bu müqayisə ilə çox ciddi səhvə yol verir. Ona görə ki, SSRİ fərqli idarəetmə modelinə malik idi. Planlı iqtisadiyyat hökm sürürdü və daxili imkanlar hesabına öz müqəddəratını həll edə bilirdi. Müasir Rusiyada isə belə deyil. Dünya artıq qloballaşıb və inteqrasiya olunmuş iqtisadi şəraitdə yaşayırıq. Artıq sovet dövründən fərqli olaraq qarşılıqlı iqtisadi asılılıq deyilən anlayış mövcuddur. Nəticə etibarilə SSRİ də çökdü və iqtisadi baxımdan o da yetərsiz oldu. Digər tərəfdən SSRİ ciddi sanksiyalarla üzləşməyib. Düzdür, Qərbin Rusiyaya qarşı sanksiyaları da hərtərəfli deyil. Misal üçün, Almaniya sənayesinin 80 faizi Rusiyadan alınan təbii qazın hesabına ayaqdadır. Bu mənada neft-qaz embarqoları effektiv olmayacaq və fikir ayrılıqlarına gətirib çıxaracaq. Hindistan, Çin və digər ölkələrin hesabına Rusiya alternativ bazar axtarışına çıxıb və və yeni maliyyə sistemi formalaşdırmağa çalışır. Rusiyanı bu yolla bir müddət zəiflətmək mümkündür, ancaq tarixi baxımından bu sanksiyalar Rusiyanı daha da gücləndirəcək. Sanksiyalar çıxış yolu deyil və alternativ mübarizə üsulları tapılmalıdır. Türkiyənin dialoq təklifi daha uyğundur və bu münaqişədə ən obyektiv tərəf də Türkiyədir. ABŞ və Qərb Rusiyanı zəiflətmək üçün müharibənin davam etməsində maraqlıdır və bu, aydın şəkildə müşahidə olunur. - Hadisələrin gələcək inkişaf perspektivləri ilə bağlı gözləntiləriniz nədən ibarətdir? Ukrayna bir başlanğıcdır, yoxsa böhran elə burada bitəcək? - Açıq şəkildə söyləmək olar ki, böhran Ukraynada bitməyəcək. Çünki dünyada “Qlobal Şimal” və “Qlobal Cənub” adlanan qüvvələr arasında kəskin mübarizə gedir. Qlobal-Şimal Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya və s. inkişaf etmiş sənaye ölkələridir. Onlar digər dövlətləri - hansılar ki, biz onları şərti olaraq “Qlobal Cənub” adlandırırıq - onillərdir söndürməyə çalışırlar. Müəyyən mənada buna nail olublar da. Təbii ki, Qərb bu nizamın dəyişməsində maraqlı deyil. Mövcud dünya güc amili üzərində qurulub və kim daha güclüdürsə, daha çox hakimiyyət əldə edir. Nə qədər ki, bu prinsip dünyaya hökmranlıq edəcək, vəziyyət belə də davam edəcək. Mövcud şəraitdə isə ABŞ, Böyük Britaniya və Qərb imkan vermək istəmir ki, yeni güc mərkəzləri formalaşsın. Bütün qlobal mübarizələrin mahiyyətində də bu səbəb dayanır. Təbii ki, böhran Ukraynada bitməyəcək. Buna əmin olun. Forma dəyişəcək, şəkil dəyişəcək, amma münaqişələr və böhran bitməyəcək. - Pandemiya, müharibələr, iqtisadi böhran... Dünyanın nizami dəyişir. Hamını düşündürən sual da budur: Qarşıda bizi nələr gözləyir? - Hər zaman insanları düşündürən bir sual olub: Biz hara gedirik? Bu gün dünya insanı böhran içindədir, qiymətlər sürətlə artır. Bir müddət öncə Azərbaycandaydım və ölkəmizdə qiymətlərin ciddi şəkildə artımına şahid oldum. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Səbəbləri isə müxtəlifdir. Koronavirus pandemiyası, müharibələr, münaqişələr və s. Yeni kəşflər - hansılar ki, bəşəriyyətin tərəqqisinə xidmət edir - çox azdır, dialoq platformaları formaldır, insanların kütləvi ölümündən zövq alınır, qlobal dəyərlər anlayışı itib. Birləşmiş Millətlər Təşkilatı isə yeni dövrün çağırışlarına cavab vermir, tam əhəmiyyətsiz bir quruma çevrilib. Baxış bucağı, format dəyişməlidir. Şübhəsiz ki, yanaşma və zehniyyət dəyişməyənə qədər, daim faciələrlə üz-üzə qalqacağıq. Geri qayıt |