Əsas Səhifə > Dünya > İrəvan küçələrində 24 il əvvəlin ssenarisi: dalğa da eynidir, koordinat da

İrəvan küçələrində 24 il əvvəlin ssenarisi: dalğa da eynidir, koordinat da


11-05-2022, 15:13
İrəvan küçələrində 24 il əvvəlin ssenarisi: dalğa da eynidir, koordinat da
Ermənistanda 10 gündən çoxdur ki, Nikol Paşinyan hökumətinə itaətsizlik yürüşləri keçirilir. Aksiyaların əsas təşkilatçıları olan Ermənistan Parlamentinin "Şərəfim var" və "Ermənistan" müxalif fraksiyaları olsa da, yürüşlərə müxtəlif hərəkatlar, tələbələr qoşulurlar. Aksiyalarda əsas tələb Paşinyanın istefaya getməsidir. Müxalifət hesab edir ki, hazırkı hökumət Azərbaycanla sülh danışıqları aparmaqla Ermənistanın maraqlarını satır.

Paşinyan hakimiyyəti isə aksiyaların qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edir, bir çox hallarda zorakılığa əl atılır. Paytaxt İrəvan küçələrində erməni polislə etirazçılar arasında mütəmadi toqquşmalar yaşanır. Eyni zamanda, yürüş iştirakçılarının həbsləri davam etməkdədir.

Ermənistanda baş verənlərlə bağlı müxtəlif proqnozlar səsləndirilsə də, fikir üstünlüyü Paşinyanın hakimiyyətini saxlaya biləcəyinə verilir. dia-az.life-ın məlumatına görə, politoloq Sədrəddin Soltan AYNA-ya bildirib ki, hazırda Ermənistanda müxalifətin varlığı belə şübhəlidir. Onun sözlərinə görə, bu gün Ermənistan iqtisadiyyatı iflic vəziyyətdədir, ordusu dağılmış, cəmiyyəti parçalanmış durumdadır.

Analitik qeyd edib ki, İrəvan küçələrində bu gün baş verənlər ötən əsrin sonlarında baş verənlərin oxşarıdır: "1998-ci ildə Ermənistanın o vaxtkı Prezidenti Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun təklif etdiyi “Mərhələli həll” variantını Ermənistan üçün məqbul sayırdı. Bu istiqamətdə addımlar atılmaq ərəfəsində Xocalı cəlladı Robert Köçəryan, müdafiə naziri Vazgen Sarkisyan, daxili işlər və milli təhlükəsizlik naziri olan Serj Sarkisyan bundan narazı oldular. Həmin qüvvələr Ermənistanda etiraz aksiyası təşkil edib Ter-Petrosyanın istefasına nail ola bildilər. Köçəryan hakimiyyətə gəldi, ardınca da Sarkisyan və bu adamlar Qarabağla yanaşı, Ermənistanı da yağmaladılar. İndi yenidən həmin vəziyyətin baş verməsinə çalışırlar".

"Ermənistanda özünü müxalif adlandıran qüvvələr Azərbaycanla normallaşma proseslərinə mane olmağa çalışırlar. Belə haray-həşirlə guya danışıqlarda Ermənistan təmsilçilərinin əlini gücləndirdiklərini də zənn edirlər. Başqa sözlə, koçaryanlar normallaşma prosesini əngəlləmək, hökumət isə bu etirazlardan özünü gücləndirmək üçün istifadə edə bilər. Ancaq Ermənistandakı hadisələr 24 il əvvəlki ilə eynidir, - S.Soltan vurğulayıb.

Politoloq bu aksiyalarda xarici qüvvələrin maraqlı olduğunu istisna etməyib. Onun sözlərinə görə, proseslər eyni ssenari ilə həyata keçirilir: "1998-ci ilin fevralında Köçəryanı xaricdən dəstəkləyənlər yenə də baş roldadır. Baxın, aksiyaları işıqlandırmaq üçün Rusiyanın aparıcı, rəsmi informasiya vasitələri daha çox canfəşanlıq göstərirlər. Onların informasiya və şərhlərini izləyən hadisələrdən xəbərsizlərdə də elə təəssürat yaranır ki, bu qüvvələr Ermənistan və ermənilərin yolunda ən fədakar insanlardır. Əslində isə məqsəd Paşinyanı devirib yerinə "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanesyanı gətirməkdir. Necə ki, vaxtilə Ter-Petrosyanı devirib yerinə Rusiyanın regionda əsas adamı sayılan, Putinin dostu Köçəryanı gətirdilər. İndi də məqsəd Paşinyanı istefaya göndərib yerinə Rusiya FTX-sinin məzunu olmuş Vanesyanı gətirməkdir. 24 il əvvəldə olduğu kimi, dalğa da eynidir, koordinat da".

"Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma prosesinə təkbaşına nəzarəti ələ keçirmək istəyir. Fikir verin, mayın 2-3-də ABŞ-la Ermənistan arasında strateji dialoq olub. Rəsmi İrəvan xarici siyasi kursunun Qərbə doğru köklənməsini davam etdirir. Heç şübhəsiz, bu, Rusiyanın xoşuna gəlmir. Odur ki, Ukraynada baş verənlər fonunda etiraz aksiyaları Qərbin Cənub Qafqazda fəaliyyətinin, təsirinin azalmasına yönəlmiş hadisədir. Ona görə də erməni müxalifləri rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə mane olur. Bu həm Ermənistanın inkişafına, həm də regionda və dünyada etibar qazanmasına problem yaradır", - deyə analitik vurğulayıb.

Politoloq İlyas Hüseynov da hesab edir ki, Paşinyana etimadsızlıq aksiyalarının artmasında kənar qüvvələrin rolu var. Analitikin sözlərinə görə, sülh danışıqlarının kövrək olmasından erməni müxalifəti də, maraqlı xarici qüvvələr də istifadə etməyə cəhd edirlər: "Sülhə doğru addımlar atılan kimi Ermənistanda vəziyyət gərginləşir. Paşinyandan öncəki iqtidarlar da bu yoldan istifadə edirdilər".

"Hazırkı prosesləri ötən ilin fevral-mart ayları ilə müqayisə etdikdə deyə bilərik ki, Paşinyan tərəfdarlarını yenidən ətrafında toplaya biləcək. Nikol bununla mövcud Ermənistan hakimiyyətinin tərəfdarlarının daha çox olmasına və erməni xalqı tərəfindən dəstəklənməsinə vurğu edəcək. Bu, Ermənistanın "demokratiya" imici üçün də vacibdir. Bütövlükdə, cərəyan edən prosesləri Paşinyanın tarazlaya bildiyini görürük", - politoloq qeyd edib.

Geri qayıt