Əsas Səhifə > Dünya > “Putin ikinci cəbhəni açarsa, Rusiya darmadağın olar”
“Putin ikinci cəbhəni açarsa, Rusiya darmadağın olar”16-05-2022, 10:59 |
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Finlandiyanı hədələyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya Finlandiyanın NATO-ya mümkün üzvlüyünə cavab olaraq öz milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını almaq üçün hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq. “Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyəti və xalqından asılıdır. Bununla belə, Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. NATO-ya daxil olmaq Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa regionunda sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya öz milli təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün həm hərbi-texniki, həm də digər addımlar atmağa məcbur olacaq”, - deyə bəyanatda qeyd olunur. Finlandiyadan verilən cavab xarakterli bəyanatda isə ölkənin NATO-ya üzvlüyünün heç kəsə qarşı yönəlmədiyi vurğulanır. Belə ki, Finlandiyanın Prezidenti Sauli Niinistö hökumətin saytında dərc olunan "NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirir" başlıqlı məqaləsində diqqətə çatdırıb ki, ölkəsinin təhlükəsizlik təminatı hakimiyyətin ən vacib hədəfidir: "Bu istiqamətdə vaxtında və müvafiq addımlar atılır". Prezident bəyan edir ki, NATO-ya üzvlük hökumətin vaxtında və məntiqli şəkildə düşünülərək verilən qərarıdır: “NATO-ya üzvlüklə Finlandiya öz təhlükəsizliyini maksimum dərəcədə gücləndirir. Bu, heç kimə qarşı deyil. Alyansın üzvü kimi Finlandiya təbii olaraq bütün cəmiyyətin təhlükəsizliyinə töhfə verəcək”. "Rusiya Finlandiyanın sərhəd qonşusudur və belə olaraq da qalacaq. Ölkəmiz Rusiya ilə praktiki məsələləri həll etməyə, müzakirəyə davam etməlidir, necə ki, NATO üzvü olan Norveç bunu edir. Bizim konstruktiv xəttimiz hər zaman təqdir olunur”, - Sauli Niinistö vurğulayıb. Dövlət başçısı əlavə edib ki, NATO-ya üzvlüklə Skandinaviya regionunda əlaqələr daha da yaxınlaşır: “Rifah, demokratiya və insan haqları ilə yanaşı, Skandinaviya modeli "təhlükəsizlik" məfhumu daha da tanınacaq. Bu, tarixi bir qərardır, lakin Finlandiyanın NATO-ya üzvlüyü ilə ölkə siyasətində dəyişiklik olmayacaq. Finlandiyanın təhlükəsizliyi xarici və təhlükəsizlik siyasətimizin ən mühüm məqsədi olaraq qalacaq”. Dünya siyasi gündəmində diqqətlər isə Finlandiya Prezidentinin məqaləsindən daha çox Rusiya XİN-in hədələyici tondakı bəyanatına yönəlib. Bildirilir ki, əgər Rusiya Finlandiyaya da güc tətbiq etməyə başlayarsa, bu, dünya müharibəsi demək olacaq. dia-az.life xəbər verir ki, baş verənləri AYNA-ya şərh edən Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı əvvəlcə dünya müharibəsi iddialarının düzgün olmadığını deyib: “Baş verənlərin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağı yönündəki proqnozları qəbul etmirəm. Dünya müharibəsi anlayışı odur ki, bir çox ölkələr, hətta bütün qitələr bu müharibəyə qatılır. Bunun üçün bütün Avropa ölkələri, ABŞ, Çin, Avstraliya, hətta Afrika da bu müharibəyə qatılmalıdır. Bu, gözlənilən deyil. Çünki Rusiyanın hazırda heç bir müttəfiqi yoxdur”. “Kimdir Moskvanın müttəfiqi? Pekinmi? Xeyr! Çin Rusiyanın müttəfiqi deyil. Rusiyanın müttəfiqi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) ölkələrdir ki, bu ölkələr də Rusiyanın yanında dayanmır, boyun qaçırırlar. İstər Ermənistan olsun, istərsə də Qazaxıstan olsun, istərsə də digərləri. Ona görə də dünya müharibəsi iddialarına qatılmıram”, - deyə həmsöhbətimiz bildirib. Rusiyanın Finlandiyanı hədələməsinə gəldikdə, analitik hesab edir ki, bu, blef xarakterli mənasız hədədir: “Rusiya hansı ordu ilə Finlandiyaya hücum edəcək? Hazırda Rusiya Ukrayna müharibəsində nələrsə əldə etmək üçün Suriyadakı 30 minlik qoşununu qaytarmaq istəyir. 30 minlik ordu ilə Finlandiyanın üzərinə gedəcəklər?!”. “Nəzərə almaq lazımdır ki, Finlandiya hərbi baxımdan Ukraynadan daha güclüdür. Bu baxımdan, düşünürəm ki, Rusiya XİN-in hədə xarakterli bəyanatı boş, arxasında reallıq olmayan bir bəyanatdır”, - deyə Qasımlı vurğulayıb. Onun fikrincə, Rusiya Finlandiyanı belə bəyanatlarla çəkindirmək istəyir: "Amma bu da mənasızdır. Çünki hamı bilir ki, Rusiyanın əlində hansı silahlar var, ordusu nəyə qadirdir, gücü nədir və s. Hər kəsə, elə Rusiyanın özünə də aydındır ki, Ukraynada bataqlığa girib. Hələ Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın ikinci cəbhə açması, Finlandiyaya hücum etməsi inandırıcı deyil. İkinci cəbhə açsalar, əksinə, bu, Rusiyanın tamamilə darmadağın olması deməkdir. Bununla Rusiya Ukraynaya dolayısı ilə yardım etmiş olar. Bu, Putinin ikinci ən böyük səhvi olardı”. Geri qayıt |