Əsas Səhifə > Dünya > Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə...
Barıt çəlləyi üstündəki İran: sosial tələbli etirazlar siyasi müstəviyə keçərsə...18-05-2022, 14:55 |
Xəbər verdiyimiz kimi, İranın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Etirazların başlamasına səbəb kimi ölkədə ərzaq məhsullarının qiymət artımı və bəzi qida məhsullarının çatışmazlığı göstərilir. Mayın 6-dan start götürən aksiyalar zamanı çox sayda etirazçının saxlanıldığı, Şəhri-Kurdda iştirakçılarla hökumət qüvvələri arasında qarşıdurma yarandığı bildirilir. Polisin əhaliyə qarşı ehtiyatlı davrandığı üçün İnqilab Keşikçiləri Korpusu (SEPAH) və xüsusi qüvvələrin cəlb olunduğu qeyd olunur. İddialara görə, mitinqlər təkcə sosial problemlərdən qaynaqlanmır və kökündə həm də siyasi səbəblər dayanır. DİA.AZ xəbər verir ki, Böyük Britaniyada yaşayan həmyerlimiz, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya açıqlamasında İrandakı kütləvi aksiyaların siyasiləşəcəyini gözləmədiyini deyib: “İranda son dövrlər başlayan etiraz aksiyalarının inqilab hərəkatına çevriləcəyinə inanmıram. Son etirazlar bir neçə şəhərdə, əsasən çörəyin bahalaşması ilə bağlı olub. İnsanlar qiymət artımına və onun doğurduğu nəticələrə etiraz edirlər”. “Ümumiyyətlə, İranda 40 ildir ki, bərqərar olmuş molla hakimiyyəti yerini etibarlı şəkildə möhkəmləndirib. Bu dini hakimiyyət Rusiyada qurulan korrupsiyaçı rejimdən heç nə ilə fərqlənmir və ona görə də devrilməsi asan olmayacaq. Korrupsiya ağacından hamıya az da olsa, pay düşür. Rejimlə barışmayanlar çıxıb gediblər. Yəni, mühacirətə üz tuturlar. Daxildəki qüvvələrin isə molla rejimini sarsıtmaq gücü yoxdur”, - deyə həmsöhbətimiz bildirib. Onun sözlərinə görə, mövcud şəraitdə İranın nüvə proqramı Qərbi elə də ciddi narahat etmir: “Bu barədə nə qədər çox danışılsa da, əslində Qərbi İranın nüvə proqramı və raketləri narahat etmir. Şimali Koreyada bunların hamısı var. Qərbi narahat edən İranın Yaxın Şərqdə terrorçu təçkilatları dəstəkləməsidir. Həm də Amerikanın müttəfiqlərinə qarşı olan qruplaşmalardan söhbət gedir. Lakin böyük planda ABŞ İranın üzərindən sanksiyaların qaldırılmasında maraqlıdır. Çünki bu, İran neftini bazara qaytarar, Putinin dilini qısa edərdi”. “Üstəlik gələcək perspektiv üçün İranın nəhəng qaz ehtiyatları mövcuddur. Bu qaz bazara çıxsa, Rusiya daha heç yerdə lovğalıq edə bilməyəcək. Qərb maraqlıdır ki, İrandan Rusiyaya qarşı təzyiq aləti kimi istifadə etsin. Xüsusilə son dövrlər baş verən hadisələr bu məsələni yenidən aktuallaşdırıb”, - deyə Rüfətoğlu söyləyib. Əlavə edib ki, dünyada baş verən iqtisadi böhran nəticəsində bir çox ölkələrdə sosial etirazlar gözlənilir: “Bu, təkcə İranda yox, bir çox dövlətlərin ərazisində baş verə bilər. Bu baxımdan hökumətlər iqtisadi böhranın doğurduğu fəsadları aradan qaldırmaq istiqamətində ciddi addımlar atmalıdır”. ABŞ-da yaşayan Cənubi Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalının AYNA-ya söylədiyinə görə isə, İran hökuməti son etiraz aksiyalarından ciddi şəkildə narahat olub və saxta vədlər verməklə məşğuldur: “İddia edirlər ki, guya sosial problemlər müvəqqəti xarakterlidir və qısa müddət sonra aradan qalxacaq. Müəyyən addımlar atılacağını bəyan edirlər. Lakin bunu necə həyata keçirəcəklər, bu barədə ictimaiyyətə heç bir açıqlama vermirlər. Bu isə öz növbəsində fars rejiminin şirnikləndirici vədlər siyasətinin davamıdır və onlar buna adət ediblər. Halbuki hökumətin borcudur ki, vətəndaşların problemlərini həll etsin. Lakin onlar bunu etmirlər”. “İran iqtisadiyyatı idarə olunan iqtisadiyyatdır və əhalinin əsas tələbi də odur ki, rejim bu siyasətdən imtina etsin. Liberal bazar iqtisadiyyatı yeganə çıxış yoludur və alternativi yoxdur. Fars rejimi bundan imtina etmədikcə etirazlar davam edəcək. Müəyyən repressiv üsullarla bunun qarşısını alsalar da, bu, uzun müddət davam etməyəcək. Əhalini susdurmaq, haqqını tələb etməkdən çəkindirmək yolunu tutmaqdansa, molla rejimi konkret və real islahatlara başlamalıdır”, - deyə müsahibimiz vurğulayıb. O, İran iqtisadiyyatının yerində saydığını qeyd edib: “Təsəvvür edin ki, dünyada milli valyutalar mütəmadi olaraq yenilənir. İranda isə köhnə əskinaslar qalmaqdadır. Pulların əksəriyyəti köhnəlib, üzərində Xomeyninin fotoları itib. İnteqrasiya olunmuş iqtisadi dünyada bu cür üsullarla uzağa getmək olmaz. Bu siyasət Rusiyanı sonu görünməyən yola gətirib çıxaxdı. Eyni aqibət İranı da gözləyir. Onlar düşünürlər ki, bunun qarşısını ala biləcəklər. Lakin unudurlar ki, dünya sürətlə dəyişir və artıq İran vətəndaşları da öz haqlarını tələb edəcəklər”. “Bu gün İranda baş verənlər bunun bariz nümunəsidir. Əhalidən tələb edirlər ki, evdə oturun və baş verənlərə etiraz etməyin. Artıq hamı başa düşür ki, məzlumun haqqını yeyən zalıma qarşı susmaq - onun əməllərinə şərik olmaqdır. Fars rejimi hər vəchlə Güneydə yaşayan soydaşlarımızın hüquqlarını pozur, onları təqib altında saxlamağa çalışır. Güneydəki soydaşlarımız da bu aksiyalarda fəal iştirak edirlər”, - deyə Obalı bildirib. Mühacir fəal İranda etirazların davam edəcəyi qənaətindədir: “Dünya ciddi dəyişikliklər ərəfəsindədir. Belə bir şəraitdə şər rejimlərinin, eləcə də İran rejiminin ənənəvi siyasəti keçərli olmayacaq. Nəhayət, İranda yaşayan soydaşlarımız da ayağa qalxacaq və molla rejiminə öz yerini göstərəcəklər”. Geri qayıt |