Əsas Səhifə > Dünya > Gürcüstanın xeyli problemləri var, Avropaya yaxınlaşmaq uzun çəkəcək

Gürcüstanın xeyli problemləri var, Avropaya yaxınlaşmaq uzun çəkəcək


28-05-2022, 08:01
Gürcüstanın xeyli problemləri var, Avropaya yaxınlaşmaq uzun çəkəcək
Gürcüstanın Tbilisi şəhərində Azadlıq meydanında Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib. Mərasim zamanı ölkə Prezidenti Salome Zurabişvili Gürcüstan üçün Avropa yolunda tarixi imkan yarandığını vurğulayıb:

"Bu yol qan tökmədən və qurbanlarsız mümkün olmayıb, əcdadlarımız salıb. Ümumi dəyərlər Gürcüstanı Avropa sivilizasiyası ilə çoxdandır bağlayır. Biz və Avropa bu ənənələri davam etdirməliyik. Biz yaxşı anlamalıyıq ki, bu dəyərlərin qorunması diktə olunmuş iradənin yerinə yetirilməsi, milli identikliyin itirilməsi deyil, Avropaya yaxınlaşmaq, özümüzə qayıdışdır. Bu gün yaranmış real şansı əldən versək, nə əcdadlarımız, nə də gələcək nəsil bunu bizə bağışlayar".

Daha sonra Baş nazir İrakli Qaribaşvili deyib ki, Gürcüstanın əsas məqsədi müasir Avropa dövləti qurmaqdır:

“Builki Müstəqillik Günümüz xüsusi tarixi anda qeyd edilir. Martın 3-də Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd ölkə olması üçün müraciət imzalamışam. Bu, Gürcüstan tarixində tamamilə yeni mərhələnin başlanğıcı olub”. Hökumət başçısı qeyd edib ki, qısa vaxt ərzində Gürcüstanda Avropa İttifaqına yaxınlaşmaq üçün bir sıra mühüm addımlar və islahatlar həyata keçirilib. dia-az.life-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, hazırda Gürcüstanda prezidentlik ilə baş nazir institutu arasında ciddi böhran yaşanır:

"Səbəb Gürcüstanda hökumətin Rusiya ilə əlaqələri korlamaq istəməməsindən ibarətdir. Çünki hazırkı hakimiyyətin təmsil olunan bir çox kadrı Rusiyaya yaxınlığı ilə bilinən Bidzina İvanişvilinin yetişdirdiyi, yaxud da onunla yaxın olanlardır. Digər bir tərəfdən Gürcüstanın Avropaya inteqrasiyası gözlənilən məqamdır. Çünki rəsmi Tbilisi separatizmdən ciddi şəkildə əziyyət çəkən ölkələrin başında dayanır. Bütövlükdə yaxın perspektivdə Cənubi Osetiya və Abxaziyadakı separatçılıq elementlərinin bitəcəyi gözlənilmir. Bu da təbii ki, Gürcüstanla münasibətlərin Avropa İttifaqı (Aİ) üçün də önəmli olduğunu deməyimizə əsas verir. Lakin şimal-qərb qonşumuz hazırda nə qədər Avropaya yaxınlaşsa da, nəzərə almaq lazımdır ki, Avropa Birliyi (AB) Gürcüstanın üzvlüyü üçün ciddi prosedurlar müəyyənləşdirib. Bu gedişatı aşmaq və yerinə yetirmək rəsmi Tbilisi üçün yaxın perspektivdə o qədər də mümkün görünmür. Ümumilikdə Gürcüstanda Avropa İttifaqının tələb etdiyi müəyyən siyasi islahatlar var ki, onlar hansısa bir formada AB-yə üzv qəbul edilə bilərlər. Bundan başqa, Gürcüstan yaxşı başa düşür ki, onun Aİ-yə üzvlüyü Rusiya ilə əlaqələrinin daha da korlanmasına səbəb ola bilər. Ona görə də şimal-qərb qonşumuz özü də daha əvvəllər Aİ üzvlüyü üçün canfəşanlıq göstərsə də, son dövrlər bu məsələdə bir qədər passiv mövqe nümayiş etdirirlər".

Geri qayıt