Əsas Səhifə > Dünya > Paşinyan növbədənkənar seçkilərə hazırlaşır?

Paşinyan növbədənkənar seçkilərə hazırlaşır?


1-06-2022, 08:20
Paşinyan növbədənkənar seçkilərə hazırlaşır?
Ermənistan hakimiyyəti müxalifəti deputat mandatından məhrum edəcəyi barədə xəbərdarlıq edib.

Buna səbəb müxalifət fəallarının parlamentin islaslarına gəlməyərək Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə itaətsizlik mitinqi keçirməsidir. Hakimiyyət hesab edir ki, küçə etirazlarınbda iştirak edən “Ermənistan” və “Şərəfim var” fraksiyalarından olan deputatlar iclaslarda qanuni səbəb olmadan iştirak etməməklə güzəşt limitini keçib.

Ona görə də müxalifətçilərin mandatı əllərindən alınmalıdır.

Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edilən tələblə Milli Məclisə müraciət etməyə hazır olduğunu, lakin hələlik belə bir qərarın verilmədiyini deyib.

“Mən özümün buna hazır olmağımdan danışıram. Düşünmürəm ki, nə vaxt istəsən, onda da iclasa gələ biləsən”, - deyə spiker bildirib.

Qeyd edək ki, müxalifət eks-prezident Robert Köçəryanın və Vətən Partiyasının sədri Artur Vanesyanın liderlik etdiyi fraksiyların deputatları aprelin 25-də etirazların başlamasından sonra parlamentə demək olar ki, gəlməyib.

Ermənistan mediasının ötən həftə yaydığı məlumatda isə bildirilir ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri iclasa gəlməməsinin səbəbləri barədə arayış təqdim etməyən müxalifətçilərin deputatlıqdan məhrum edilməsində israrlıdır.

“Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan Ermənistan parlamentinin spikeri Alen Simonyanın müxalif deputatları iclaslara gəlmədiyinə görə mandatdan məhrum etməkdə qərarlı olduğu barədə bəyanatına cavab verib:

“Sadəcə, hakimiyyət deputat statusunun nə demək olduğunu anlamır. Onlar başa düşmürlər ki, deputata siyasi çoxluq kimi təkcə iclas zalında düymələri basmaq lazım deyil. Yox, deputat seçicinin ona, bizdə isə yüz minlərlə insana verdiyi mandatı həyata keçirir. Ona görə də biz seçicimizin verdiyi mandata uyğun olaraq fəaliyyətimizi həyata keçiririk”.

Geqam Manukyan hakimiyyətin belə bir prosesə başlayacağına inanmadığını deyib.

Qeyd edək ki, Ermənistan Seçki Məcəlləsinin 98-ci maddəsinə görə, parlamentdəki deputatların üçdə biri müxalifət nümayəndələrindən ibarət olmalıdır. Əks təqdirdə, ali qanunverici orqan buraxılmalı və növdənəkənar seçkilər keçirilməlidir. Bu baxımdan, müxalifət deputatlarının mandatının ləğv edilməsi Ermənistanda növbədənkənar seçkiləri gündəmə gətirə bilər. dia-az.life-ın məlumatına görə, mövcud vəzyiyyəti Cebhe.info-ya şərh edən İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı hesab edir ki, hazırda Ermənistanda siyasi xaos hökm sürür:

“Ona görə də Baş nazir Paşinyan 2021-ci ilin iyun ayında keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra formalaşmış status-kvonun dəyişməsində maraqlı deyil. Əgər qanunverici orqan fəaliyyətini davam etdirə bilmirsə, bu anormal vəziyyətdir. Ermənistan Milli Məclisinin iclaslarına qatılmayan deputatlarla bağlı məsələ müzakirə oluna bilər. Parlamentin onların mandatını əlindən almaq səlahiyyəti var. Amma Paşinyan hakimiyyəti buna getməz. Fikrimcə, Ermənistanda siyasi xaos yaşana bilər və parlament seçkilərinin yenidən keçirilməsi gündəmə gələ bilər.

Ona görə də Alen Simonyanın açıqlamasına baxmayaraq, bu, razılaşdırılmalıdır. Ermənistan hakimiyyəti belə bir addım atmayacaq. Çünki bu qərar nəticədə, hakimiyyətin ziyanına ola bilər.

Ermənistanda onsuz da siyasi xaos hökm sürürü. Bu xaos küçə demokratiyasından cəmiyyətin bütün təbəqələrinə qədər yayılıb. Müxalifətin Paşinyanı vəzifədən uzaqlaşdırmaq səyləri nəticə vermir. Amma mən 1999-cu ildə tətbiq edilən variantın da tətbiq ediləcəyini, yəni Paşinyanın terror yolu ilə aradan götürüləcəyini istisna etmirəm.

Bu gün belə bir xəbər də yayılıb ki, bu ilin avqust ayında Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin görüşü keçiriləcək və orada hansısa sənədin imzalanması gözlənilir.

Müxalifət isə aksiyaları avqusta qədər davam etdirmək istəyir. Əgər müxalifət prosesləri bu istiqamətdə yürütsə, nəticələri əvvəlcədən proqnozlaşdırmaq çətin olar. Yəni onsuz da Ermənistanda bir xaos mövcuddur. Bu situasiyanın nə ilə nəticələnəcəyi bəlli deyil.

Müxalifət deputatları iclaslara qatılmasa da, hakimiyyətin onların mandatını ləğv edəcəyinə inanmıram. Paşinyan bir il öncə seçkilərdə qalib gəlib və bəyan edir ki, xalq ona mandat verib.

Ona görə də yenidən seçkilərə getməz. Paşinyanın siyasi reytinqinin düşdüyünə inanmıram. Ona müxalifətdə olan daşnakların, “Hayastan” blokunun reytinqi yoxdur. Onların tərəfdarları öz qohumları, dostları, “Qarabağ klanı”nın üzvləridir. Onalar Ermənitanda korrupsioner, talançı, xalqı ağır duruma salan qüvvələr kimi tanınır”.

Qafar çaxmaqlı bildirdi ki, Ermənistan müxalifətinin sıraları azdır və hakimiyyəti dəyişmək gücündə deyil. Müxalifət aksiyalara 100-150 min insanın çıxdığını bildirsə də bu, reallığı əks etdirmir.

Ekspertin sözlərinə görə, müxalifətin etirazlarında 10 min nəfərdən artıq adam iştirak etməyib. Bu isə cüzi say təşkil etdiyindən hakimiyyəti dəyişmək üçün yetərli deyil.

Lakin Qafar Çaxmaqlı Ermənistanda hakimiyyətə alternativ yeni müxalifətin meydana çıxacağını istisna etmədi:

“Bu, əsasən Milli Demokratiya Qütbü adlanan siyasi təşkilatdır. Onlar daha radikal və revanşist qüvvələrdir. Bu təşkilatda birləşənlər həm Paşinyanı xəyanətkar hesab edir, həm də aksiya keçirən müxalifəti qəbul etmir.

Milli Demokratiya Qütbünün İdarə Heytətinin rəhbərliyində Jirayr Sefilyan kimi terrorçular da var.

Onların bir qismi ABŞ-a və başqa ölkələrə bağlıdır. Bu qüvvələr həm də Rusiyaya qarşıdır. Yəni Ermənistanda yeni siyasi qüvvənin meydana çıxacağı gözləniləndir”.

Geri qayıt