Əsas Səhifə > Dünya > “Neft embarqosu tətbiq etmədən Rusiyanı zəiflətmək mümkün olmayacaq”
“Neft embarqosu tətbiq etmədən Rusiyanı zəiflətmək mümkün olmayacaq”3-06-2022, 08:04 |
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiya paketində, nəhayət, neft embarqosu məsələsini razılaşdırıb. Aİ-nin qərarına görə, Rusiyaya qarşı sanksiyaların altıncı paketi, boru kəməri ilə daşınan xam neft üçün müvəqqəti istisna olmaqla, Rusiyadan Aİ-yə üzv ölkələrə daşınan xam neft və neft məhsullarına şamil ediləcək. Qəbul edilmiş qərara görə, Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaldacaq. Tankerlərlə idxal tam dayandırılacaq, qismən idxal isə “Dostluq” neft kəmərləri sistemi ilə həyata keçiriləcək. Bu da, əsasən, Macarıstan və Çexiyanın tələbatını ödəmək üçün nəzərdə tutulub. Digər Avropa ölkələri isə rus neftindən tam imtina edəcək. Qeyd edək ki, Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə, Rusiyanın neft ixracının 42 faizi Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da atıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7 faizini təmin edir. Eyni zamanda altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı “Sberbank” SWIFT sistemindən təcrid edilib. Bundan başqa, Aİ Ukraynaya 9 milyard avro yardım ayırıb. İddialara görə, Rusiya iqtisadiyyatı Avropa İttifaqının altıncı sanksiya paketindən daha çox təsirlənəcək və ilin sonunda defolt vəziyyətinə düşəcək. Lakin əks qənaətdə olanlar da var və onlar hesab edirlər ki, Rusiyanı iqtisadi baxımdan çökdürmək asan məsələ deyil və bunun üçün illərlə zaman tələb olunacaq. DİA.AZ xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib. Türkiyənin Mərmərə Universitetinin professoru, siyasi şərhçi Emirhan Göral deyib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarda ən çox çətinlik çəkdiyi sahə enerji sektorudur: “Məhz buna görə də Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa İttifaqı ilə ABŞ və Böyük Britaniya arasında müəyyən fikir ayrılıqları hökm sürür. Əslində Kremldə belə hesab edirlər ki, Avropa Rusiya neftindən asılılığına son qoya bilməz və bu xüsusda onlar digər iqtisadi sanksiyaların təsirlərindən yayına biləcəklər”. “Avropada fərqindədirlər ki, neft embarqosu tətbiq etmədən Moskvanı zəiflətmək mümkün deyil. Bu səbəbdən enerji sahəsi ilə bağlı sanksiyalar gündəmə gəldi. Moskva bu gün çətin seçim qarşısındadır. Avropa Rusiya neftindən imtina edərsə və alternativ bazarlar taparsa, bu, dünya miqyasında rus neftinə olan marağı azaldacaq”, - deyə həmsöhbətimiz bildirib. Ekspert Rusiyaya qarşı neft embarqolarının effektiv olacağı qənaətində deyil: “Təsəvvür edin ki, bu qərar verilən kimi dünyada neftin qiyməti sürətlə bahalaşmağa başladı. Görünən odur ki, Avropa İttifaqı uzunmüddətli perspektivdə Rusiyaya qarşı neft embarqolarını davam etdirə bilməyəcək. Mövcud şəraitdə Rusiya onsuz da bu nefti satacaq. Düşünürəm ki, İtaliya və Fransa üçüncü ölkələr vasitəsilə aranı qarışdıraraq rus neftini almaqda davam edəcək. Avropa İttifaqı bu və ya digər şəkildə Rusiyadan neft idxal etməyə məcbur qalacaq”. “Təbii ki, ABŞ Səudiyyə Ərəbistanı ilə təmas quraraq neft tədarükünü artırmağa çalışacaq. Rusiyaya qarşı təzyiqlər fonunda, hətta Venesuelaya qarşı sanksiyaların yumşaldılması da müzakirə mövzusudur. Bütün hallarda tərəflər çıxılmaz durumdadır və nəticə ya Avropa İtitfaqı, ya da Rusiya üçün sarsıdıcı olacaq”, - Göral söyləyib. Əlavə edib ki, bəzi Avropa dövlətlərinin alternativ neft tədarükü imkanları yoxdur: “Çexiya, Slovakiya və Macarıstan Avropanın ortasında yerləşir. Coğrafi mövqeyinə görə Rusiyadan kənarda neft tədarük etmək şansları yoxdur. Bəzi Avropa dövlətləri sona qədər təzyiqlərini davam etdirəcək və bu da öz növbəsində Moskvanın əlinə oynayacaq”. Politoloq Şahin Cəfərli isə qeyd edib ki, Aİ Rusiyada neft-qaz almaq məsələsində əsas maneələrdən olan Macarıstanı razı salmağı bacarıb: “Altıncı sanksiya paketinin qəbul olunmasına qarşı çıxan ölkələrdən biri Macarıstan idi. Onlar iddia edirlər ki, Rusiyadan neft idxalını dayandırmaq imkanları yoxdur. Budapeşt üçün artıq formul tapılıb. Dəniz yolu ilə neftdən imtina ediləcək, əvəzində quru yolu ilə Rusiyadan neft idxalı davam edəcək. Bu gün Macarıstan da daxil olmaqla bəzi Avropa ölkələrinin dənizə çıxışı yoxdur. Bu, kifayət qədər ciddi qərardır və Rusiya iqtisadiyyatına ölümcül zərbə vuracaq”. Cəfərli hesab edir ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Ukrayna məsələsində sona qədər dirəniş göstərəcək: “Altıncı sanksiya paketində Ukraynaya növbəti vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda ABŞ Prezidenti Ukraynaya yardım məsələsində təkbaşına qərar vermək hüququ əldə edib. Kiyevə dəstək davam edir və yəqin ki, bundan sonra da davam edəcək”. “Rusiya isə həm müharibənin yükünü çəkməli, həm də sanksiyaların təsirindən qorunmalıdır. Təbii ki, hadisələr bu şəkildə davam edərsə, yekunda Rusiya iqtisadiyyatı çökəcək. Amma bunun üçün nə qədər zaman tələb olunduğu dəqiq bilinmir. Hər şey Qərbin birgə səylərindən və mübarizəsindən asılı olacaq”, - deyə analitik fikrini yekunlaşdırıb. Geri qayıt |