Əsas Səhifə > Dünya > İran öz quyusunu qazmaqda israrlıdır

İran öz quyusunu qazmaqda israrlıdır


3-06-2022, 08:10
İran öz quyusunu qazmaqda israrlıdır
Tehranın diplomatik səhvləri o qədər çox, o qədər miqyassızdır ki, insan hansı birindən bəhs edəcəyini bilmir. Məsələn, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Hatibzadənin Türkiyəyə yönəlik açıqlaması kimi: “Türkiyənin Suriya sərhəd təmizliyi əməliyyatını dəstəkləmirik”.

İranın bu qərarının səbəbi də qərarın özü qədər ilgincdir: Sən demə, Tehran problemlərin həllində digər ölkələrin ərazilərində gücdən istifadəyə qarşıymış…!

Elə bu məqamda ağla gəlməz ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq və Suriyada dolaşır, ABŞ və İsrail bu birliyin komandirlərini dovşan ovlayar kimi vurub öldürür. Həəə… Deməli, Tehran bir tərəfdən başqa ölkələrin ərazilərində gücdən istifadəyə qarşı çıxacaq, digər tərəfdən iki xarici ölkənin (Livanı da qatsaq, üç) ərazisində “at oynadacaq”. Olmaz belə şey!

Ziddiyyət bu qədəri ilə yetsəydi, yenə də yola vermək olardı. İranın İraq və Suriyada Türkiyədən qoruduğu PKK-nın İranda PJAK (Partiya Jiyana Azada Kurdistane – Kürdüstan Azad Yaşam Partiyası) adlı qanadı fəaliyyət göstərir. Halbuki, cəmi 3 il qabaq Tehran PKK və uzantılarına qarşı birlikdə hərəkət etmək üçün Ankaraya əməkdaşlıq təklif edirdi.

PKK və onun qolları nə kürd xalqını, nə də onun maraqlarını təmsil edir. İraqda kürdlərin öz partiyaları, yerli idarəetmə orqanları mövcuddur və onların PKK-ya və onun uzantılarına ehtiyacları yoxdur. Məsud Bərzani və yerli idarəetmənin rəhbəri Neçirvan Bərzani İraqdakı şiə və sünni olan bütüm kürdlərim liderləridir.

Lakin günlərin bir günü İran Bərzanilərin ayaqlarının altını qazmaq üçün bu ölkədə bir ordu birliyi təşkil edir. Tehran eyni addımı Suriyada da atır. Müttəfiqi saydığı Bəşər Əsədə qarşı əlində təsir vasitəsi olaraq Suriya şiələrini silahlandırır və SEPAH tərəfindən yönləndirirlir.

Bundan başqa, ABŞ-ın guya İŞİD təhlükəsinə qarşı özünə müttəfiq saydığı, silah və digər növ dəstək verdiyi PKK-nın PYD və YPG qanadlarına İran da dəstək göstərir. Halbuki, illərlə Suriyada ABŞ hərbi birliklərinin koordinatoru olan, indi isə Ağ Evin Yaxın Şərq və Afrika üzrə koordinatoru vəzifəsində çalışan Brett McGurkun əvvəl də, indi də tək bir görəvi var: Suriyanın parçalanması və İsrailin lehinə, İranın əleyhinə olan bir sünni kürd dövləti qurmaq.

İran XİN sözçüsü Səid Hatibzadənin Türkiyənin gözlənilən əməliyyatına qarşı müdafiə etdiyi terror təşkilatı məhz bu qruplaşmadır. Əgər ABŞ niyyətinə çatar və Suriyanı parçalamağı bacararsa, PKK uzantısı olan bu qruplaşma orada İrana qarşı qalxan rolunu üzərinə götürəcək.

İran mollalarının Türkiyə “sevgisi” məlumdur. Amma bu “sevgi”nin əndazəni aşmasına və Suriyanın bölünməsinə yol açacaq bir fəlakətə gətirib çıxarmasına imkan vermək olmaz. Təbii ki, Tehran Türkiyə ilə İsrail münasibətlərinin normallaşmağa başlamasından özü üçün nəticələr çıxarır. Mollalar unutmasınlar ki, bu yaxınlaşma onların rejimini də devrilməkdən xilas edə bilər.

Və bir fars atalar sözündə deyilir: “Dağlar qədər qızılın olmaqdansa ağıllı bir qonşun olsun”…

Müəllif: Hakkı Öcal
Mənbə: "milliyet.com.tr"
Tərcümə AYNA-ya məxsusdur

Geri qayıt