Əsas Səhifə > Dünya > Qazaxıstan kökündən dəyişir: bunu Rusiya edir, yoxsa Qərb...

Qazaxıstan kökündən dəyişir: bunu Rusiya edir, yoxsa Qərb...


9-06-2022, 11:14
Qazaxıstan kökündən dəyişir: bunu Rusiya edir, yoxsa Qərb...
Qazaxıstanda bazar günü referendum keçirildi və ölkədə prezident səlahiyyətləri azaldıldı. Bu, çoxsaylı suallara yol açdı, “təsadüfi deyil” rəylərini ortaya çıxardı. Çünki aylar öncə bu ölkədə Rusiya-Qərb qarşıdurmasının şahidi olmuşduq...

Qazaxıstan prezident səlahiyyətlərini azaldan referenduma niyə getdi? Bu, Qərbin, yoxsa Rusiyanın təklifi ilə baş verən islahatdır? Ümumiyyətlə, islahatdırmı? Bunu keçmiş prezident Nursultan Nazarbayev klanının tabutuna vurulan son mismarlar hesab etmək olarmı? Prezident Tokayev görüntü yaradır, yoxsa gerçəkdən ölkəsinin yaxşılığı üçün nələrsə etməyə çalışır? Hər kəsə bəllidir ki, Qazaxıstan böyük layihələrin keçdiyi əsas tranzit ölkədir. Orada Çin, ABŞ, AB, Rusiya və s. qlobal oyunçular çox maraqlıdırlar. Prezidentin səlahiyyətlərinin azaldılması Qazaxıstana nə verəcək?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu addımı səhv sayır: “Fikrimcə, bu səhv addımdır. Qazaxıstan ərazi baxımından Turanın ən böyük ölkəsidir. İki dünya nəhəngi Rusiya və Çinin arasında olan Qazaxıstanın güclü prezident üsul-idarəsindən parlament idarəetməsinə keçib mərkəzi yönətimi zəiflətməsi bu ölkəyə baha başa gələcək. Mürəkkəb postsovet məkanında demokratik sistem ölkənin ərazi bütövlüyünün sonuna gətirirsə, belə demokratiya zəhər tuluğundan başqa bir şey deyil. Gürcüstan, Ukraynadan sonra indi də təəssüf ki, Qazaxıstanı bu tələyə salmaq istəyirlər. Fikrimcə, bu islahat təlimatı rəsmi Nursultana Qərb tərəfindən verilib. Məqsəd demokratiya, islahatlar adı, şüarları altında keçmiş SSRİ respublikalarında xaos yaratmaqda davam edib Rusiyanı əhatə çəmbərinə almaqdır. 21-ci əsrdə Qərblə Rusiya arasında soyuq müharibənin ikinci mərhələsi başlayıb. Əgər 20-ci əsrdəki Qərblə Rusiya arasındakı soyuq müharibə Şərqi Avropa, Yaxın və Uzaq Şərqdə gedirdisə, 21-ci əsrdə bu soyuq müharibə postsovet məkanında davam edir. Ona görə çox ehtiyatlı olmaq lazımdır, ələlxüsus da bizə. Çünki xalq və ölkə olaraq Azərbaycan da postsovet məkanına daxildir. Keçmiş müttəfiq respublikalarda baş verənləri diqqətlə izləyib doğru nəticələr çıxarmağı bacarmalıyıq. Əgər Ermənistan kimi balaca müstəmləkə ölkənin baş naziri Paşinyan belə parlament keçidini səhv adlandırdısa, görün indi bu keçid hansı fəsadları Qazaxıstana gətirib çıxara bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu fərqli düşünür: “Qazaxıstanda bu ilin yanvar hadisələrindən sonra siyasi sistemdə dəyişikliklərə ehtiyac yarandı. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə konstitusiya dəyişiklikləri məqsədilə iyun ayının 5-də referendum təyin olundu. Bu, Qazaxıstanda müstəqillik əldə edildikdən sonra üçüncü referendum idi. Konstitusiyanın 33 müxtəlif maddəsində 56 dəyişiklik səsverməyə çıxarıldı. Qazaxıstan vətəndaşları dəyişikliklərə paket şəklində səs verdilər. Yeni dəyişikliyə görə keçmiş prezident Nursultan Nazarbayev ”elbaşı" titulundan və digər imtiyazlardan məhrum edildi. 30 ilə yaxın müddət ərzində hakimiyyətdə olan ölkənin birinci prezidenti keçən il Qazaxıstan Xalqları Assambleyasının sədrliyindən, bu ilin yanvarında isə baş verən etiraz aksiyaları zamanı isə Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən istefa verdi. Nursultan Nazarbayev referendumda Tokayevi dəstəklədiyini bildirib. O, bundan sonra qlobal nüvə təhlükəsizliyi məsələləri ilə məşğul olacağını vurğulayıb. Göründüyü kimi, Nazarbayev reallığı qəbul edib, keçmiş prezident hətta korrupsiyaya bulaşmış qohumlarının məsuliyyətə cəlb olunması, mühüm vəzifələrdən uzaqlaşdırılması amili ilə barışdığını elan edib. Yeni konstitusiyaya görə, məhkəmənin sədrini təyin etmək və hakim müavinlərini təsdiq etmək səlahiyyəti dövlət başçısında qalıb. Bundan başqa, prezident parlamenti buraxmaq, hökumət üzvlərini təyin etmək, yüksək rütbəli hakimləri vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq hüququnu özündə saxlayıb. Bununla yanaşı, dəyişikliklərdə demokratiyaya, o cümlədən qanunvericiliyin humanistləşdirilməsinə dair bəndlər də var. Qazaxıstan super prezident idarəetməsindən yarı prezident və yarı parlament üsul-idarəsinə keçib. Misal üçün, parlament seçkilərində iştirak etmək istəyən partiyalar üçün qeydiyyat həddi 4 dəfə azaldılıb. İndi qeydiyyatdan keçmək üçün partiyalar 20 min yox, cəmi 5 min imza toplamalı olacaqlar. Qazaxıstanda yüksək qeydiyyat həddi müxalifət partiyalarının parlamentə yolunu əngəlləyən əsas problemlərdən biri hesab olunurdu. Konstitusiya dəyişiklikləri Qazaxıstan üçün vacibdir. Bu, cəmiyyətin hakimiyyətin müxtəlif qollarına nəzarət imkanlarını artırmağa hesablanıb. Qazaxıstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Kasım Jomart Tokayev yanvar olaylarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəyəndə belə ehitmallar var idi ki, bundan sonra Qazaxıstanın Rusiyadan asılılığı artacaq. Ancaq belə olmadı. Misal üçün, Qazaxıstan hakimiyyəti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir, əksinə, həm Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini, həm də Qərbin Rusiyaya qarşı sanksiyaları nəzərə aldığını vurğulayır. Qazaxıstan Çinlə münasibətlərdə də diqqətli olmağa, bu ölkə ilə ticarət əlaqələrini qaydaya salmağa çalışır. Çünki Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın Çindən istisadi zəmində asılılığı Pekinin bu ölkələrə qarşı təzyiqlərinin artmasına gətirib çıxarır. Bundan başqa, Pekin Qazaxıstan bir qrup uyğura sahibləndiyi üçün də rəsmi Nursultana təzyiq etməyə çalışır. Qazaxıstanın sabit inkişafı və müstəqil xarici siyasəti türk dövlətləri üçün vacibdir. Qazaxıstan türk dövlətləri, o cümlədən Türkiyə və Azərbaycanla əlaqələrin inkişafına və ortaq layihələrə əhəmiyyət verir. Kasım Jomart Tokayev mayın 10-da Türkiyəyə ilk rəsmi səfəri zamanı iki dövlət arasında 15 sənəd imzalandı. Qazaxıstanda Türkiyə ilə birgə pilotsuz uçuş aparatları istehsal ediləcək. Bu, Türkiyənin Mərkəzi Asiyada hərbi texnika istehsal edəcək ilk mərkəzi olacaq. Birgə müəssisədə pilotsuz uçuş aparatlarının təmiri də həyata keçiriləcək. İki ölkə arasında ticarət həcmi 10 milyard dollara çatdırılacaq. Digər tərəfdən, imzalanan sənədlərdə Bakı-Tiflis Qars dəmir yolu ilə daşımaların həcminin 4 dəfə artacağı qeyd edildi. Aktau limanının ticarət imkanları genişləndiriləcək. Bu, Azərbaycan üçün də vacibdir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə Avropa dövlətləri Rusiya ilə dəmir yolu əlaqəsində maraqlı deyillər. Buna görə də Çin öz məhsullarını Rusiyadan yan keçən dəmir yolu ilə Avropaya daşımağa başlayıb. Bu yol isə Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən keçir. Bu yolun işlək olması üçün infrastrukturun genişlənməsinə, vahid gömrük rüsumunun tətbiqinə ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyev Kasım Jomart Tokayevi Azərbaycana səfərə dəvət edib. Qazaxıstan prezidentinin bu ilin sonuna qədər Azərbaycana səfər edəcəyi planlaşdırılır. Bu səfər və imzalanacaq yeni sazişlər iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək".

Politoloq Züriyə Qarayeva isə hesab edir ki, Tokayev verdiyi vədi yerinə yetirir: “Referendumda konstitusiyaya 33 dəyişiklik səsə qoyulub. Ölkənin əsas qanununa edilən dəyişikliklər ölkə prezidenti üçün bir sıra məhdudiyyətləri nəzərdə tutur. Belə ki, bir nəfər ardıcıl iki dəfədən artıq prezident seçilə bilməyəcək və səlahiyyət müddəti ərzində partiya mənsubiyyəti olmayacaq. Bundan başqa, prezidentin qohumları dövlət strukturlarında rəhbər vəzifələr tuta bilməyəcəklər. Bu dəyişikliklər birbaşa Tokayevin hakimiyyətə gələrkən Qazaxıstanda demokratik mühit quracağına dair verdiyi vədlərin təzahürü kimi görünür. Digər tərəfdən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin adının konstitusiyanın mətnindən çıxarılması demokratikləşmə adı altında Rusiyanın müdaxilə izlərindən xəbər verir”.
“Yeni Müsavat”

Geri qayıt