Əsas Səhifə > Dünya > Qərbdən Kiyevə "ərazi güzəşti" çağırışları: NATO nəyə işarə etdi?
Qərbdən Kiyevə "ərazi güzəşti" çağırışları: NATO nəyə işarə etdi?14-06-2022, 08:10 |
Qərbin rəsmi və qeyri rəsmi dairələrindən Ukraynaya Rusiyaya “ərazi güzəştləri” barədə çağırışlar edilir. Bu çağırışlar Kiyevə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin dörd ayının bitməsinə az qalmış edilir. İyunun 12-də NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiyaya ərazi güzəştlərinin mümkünlüyü barədə danışıb. TASS-ın məlumatına görə, NATO-nun baş katibinin sözlərinə görə, müharibənin dayandırılması və sülh mümkündür: “Yeganə sual odur ki, bu Kiyevə nəyə başa gələcək. NATO Ukraynaya ona görə kömək edir ki, bu ölkə ən az itki versin”. “NATO hərbi əməliyyatlara son qoymalı olan Rusiya ilə danışıqlar masasında Kiyevə ən güclü mövqe qazanmaq üçün kömək etmək niyyətindədir”, - Stoltenberq bildirib. Beynəlxalq analitiklər bildirirlər ki, Stoltenberqin bu ifadələri onu deməyə əsas verir ki, Qərb Ukraynanın itkilərinin olacağını anlayır, sadəcə bu itkilərin az olmasını – heç olmasa status-kvonun 24 fevraldan əvvəlkinə qayıtmasını istəyir. Stoltenberq təmsil etdiyi hərbi blokun – NATO-nun müharibəyə qarışmamasına da aydınlıq gətirib. Baş katib qeyd edib ki, NATO Ukraynadan kənarda hərbi əməliyyatların güclənməsini istəmir: “Ona görə də Alyansın hərbçiləri heç vaxt Ukrayna ərazisinə daxil olmayıb və uçuşlara qadağa zonası yaratmaqdan imtina edib”. “Söhbət ərazi güzəştlərindən gedir” Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi, qocaman diplomat Henri Kissincer çıxışında bildirmişdi ki, Qərb Rusiyanın hərbi məğlubiyyətinə nail olmaq cəhdlərini dayandırmalıdır. Eyni zamanda, Ukraynanın müəyyən qədər “ərazi güzəştlərinə getməsi” lazımdır. Diplomat qeyd edib ki, tərəflər arasında danışıqlar yaxın iki ay ərzində bərpa edilməlidir. Onun fikrincə, əks halda “şoklar başlayacaq” və “gərginlik yaranacaq ki, bunu aradan qaldırmaq asan olmayacaq”. ABŞ Prezidenti Co Bayden isə bildirmişdi ki, Ukrayna hakimiyyəti münaqişənin həlli naminə hər hansı əraziləri qurban verib-verməmələri barədə özləri qərar verməlidirlər. Lakin bu bəyanatdan dərhal sonra Amerika lideri qeyd edib ki, onun fikrincə, Kiyev vəziyyəti həll etmək üçün heç bir ərazi itkisi ilə barışmalı olmayacaq. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Baydenin bəyanatını şərh edərkən bildirib ki, ABŞ lideri Ukraynanın Rusiya ilə danışıqlarda ərazisinin bir hissəsini güzəştə getməli olacağına işarə etməyib: "Mən bunu belə şərh etməzdim". Bu arada, Kanada Liberal Partiyasının senatoru İvan Beyker bildirib ki, Qərb dövlətləri Rusiya-Ukrayna münaqişəsindən yorulub və bu səbəbdən Kiyevi Moskvanın xeyrinə ərazi güzəştlərinə getməyə çağırlar. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda bildirib ki, Kiyev Rusiyanı ərazi güzəştləri ilə sakitləşdirməlidir. Eyni zamanda, siyasətçi belə söhbətlərdən narahat olduğunu qeyd edib. İtaliyalı analitik Alessandro Orsini də öz növbəsində Ukraynada gərginliyin daha da artmasının qarşısını almaq üçün Rusiyaya ərazi güzəştinə getməyə çağırıb. Onun sözlərinə görə, Qərb dövlətləri “əzələ nümayişini” dayandırmalıdır. Analitik hesab edir ki, məsələnin diplomatik yolla həlli üzərində işə başlamaq lazımdır. “Müharibənin ilk günlərindən dediyim kimi və bir çox başqalarının da sonradan bəyan etdiyi kimi, sadə bir səbəbdən Moskvaya ərazi güzəştləri edilməlidir – hansı ki, onlar artıq edilib, Rusiya bir çox əraziləri zəbt edib”, Orsini vurğulayıb. Ukraynanın mövqeyi Mart ayında Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin suverenlik və ərazi bütövlüyünün itirilməsi ilə barışmayacağını bildirmişdi: “Biz nəzarət etdiyimiz ərazilərlə müvəqqəti işğal olunmuş ərazilər arasında yeni müharibələrin qarşısını almaq üçün bir anlaşma modeli tapmalıyıq. Kiyev heç bir ultimatumu qəbul etməyəcək və bundan yeganə çıxış yolu dialoqdur”. Prezident Ukraynanın prioritetlərini də açıqlamışdı: “Şübhə doğurmayan Ukraynanın suverenliyi və ərazi bütövlüyüdür. Effektiv təhlükəsizlik təminatları dövlətimiz üçün vacibdir. Məqsədimiz də aydındır - Ukraynada sülh və normal həyatın tezliklə bərpası”. Zelenski onu da vurğulamışdı ki, fevralın 24-dən sonra itirilmiş ərazilər üzərində nəzarətin qaytarılması Ukrayna üçün ciddi müvəqqəti qələbə olacaq, lakin əsas məqsəd ölkənin bütün ərazisi üzərində suverenlik yaratmaqdır. Bu bəyanatlardan sonra rəsmi Kiyev tərəfindən fərqli açıqlamalar verilməyib. Deməli, Ukrayna rəhbərliyi Qərbdən gələn “ərazi güzəştləri” mesajlarını hələ ki, qəbul etmir. //AYNA// Geri qayıt |