Əsas Səhifə > Dünya > Kremlin “pəncəsindən” qurtulmaq üçün Avropanın son ümidi
Kremlin “pəncəsindən” qurtulmaq üçün Avropanın son ümidi18-06-2022, 08:41 |
Ukrayna müharibəsinin kölgəsində Rusiyadan enerji asılılığına son qoymağa çalışan Avropanın yeni ümidi Şərqi Aralıq dənizinin karbohidrogen enerji ehtiyatlarıdır. Bu kontekstdə Yaxın Şərq son vaxtlar iki mühüm səfərə şahidlik edib. ABŞ-dan olan bir qrup Livan və İsrail arasında dəniz yurisdiksiyasının sərhədini müəyyən etmək üçün danışıqlar aparıb. Çünki Livanın da iddia etdiyi bir ərazidə İsrailin qazma işlərinə başlaması iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirib. İki önəmli səfər Amerika rəsmilərinin Beyrutda danışıqlar apardığı saatlarda İtaliyanın Baş naziri Mario Draqi və Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də təbii qaz təchizatı ilə bağlı Yaxın Şərqdə danışıqlar aparıblar. Ursula fon der Leyen Ukraynanı işğal etməyə çalışan Rusiyanın enerji resursları ilə bağlı şantajına qarşı olduqlarını, alternativ tədarükçü axtarışında olduqlarını bildirib. Rus qazı ABŞ və Aİ rəsmiləri Yaxın Şərqdə danışıqlar apararkən Rusiya qaz tədarükünü əvvəlcə Almaniyaya, sonra Avstriya və İtaliyaya dayandıracağını açıqladı. Rusiya Almaniyaya göndərdiyi bildirişdə qeyd olunub ki, Kanadanın sanksiyaları səbəbindən Almaniyanın “Siemens” şirkəti kompressorun texniki xidməti üçün lazımi hissələri təmin edə bilmir və bunun üçün daşınma həcmini azaltmaq məcburiyyətindədirlər. Almaniyada həyəcan Alman rəsmiləri isə Rusiyanın iddia etdiyi kimi, bununla bağlı heç bir sanksiya olmadığını, Moskvanın sırf siyasi motivlərlə hərəkət etdiyini bəyan edirlər. Rusiyanın bu addımı məhz Almaniya və digər Avropa ölkələrinin qaz çənlərini qışa qədər doldurmağa çalışdığı bir vaxtda atılıb. Almaniya panikadadır. Avropanın ən böyük iqtisadiyyatı olan bu ölkə elektrik enerjisinə olan tələbatının təxminən 35 faizini Rusiya qazı hesabına qarşılayır. Rusiya iki gün ərzində təbii qaz tədarükünü 60 faiz azaldıb. Almaniya Baş nazirinin müavini Robert Habek tədarükdə heç bir problem olmadığını desə də, vətəndaşlara və sənayeçilərə “Pullara qənaət edin, hər kilovatsaat çox vacibdir” çağırışı edib. Ötən il Avropa İttifaqı təbii qaza olan tələbatının 40 faizindən çoxunu Rusiyadan alıb. Lakin Ukrayna böhranından sonra tətbiq edilən sanksiyalar və Aİ-nin Rusiya təbii qazından asılılığına son qoymaq qətiyyəti Avropanı çətin mənzərə ilə tanış edir. İsrail qazı artıracaq Bu perspektivlə Avropanın yeni ümidi Şərqi Aralıq dənizindəki təbii qaz ehtiyatlarıdır. Aİ Komissiyasının sədri Ursula fon der Leyenin İsraildən sonra Qahirəyə səfəri zamanı Avropaya qaz satışını artırmaq üçün İsrail ilə Misir arasında anlaşma memorandumu imzalanıb. Buna uyğun olaraq Şərqi Aralıq dənizində əhəmiyyətli təbii qaz ehtiyatlarına sahib olan İsrail təbii qazı mövcud boru xətti ilə Misirdəki obyektlərə çatdıracaq və maye təbii qaza (LNG) çevrilərək tankerlərlə Avropaya daşınacaq. İsrailin Baş naziri Naftali Bennet “Twitter” səhifəsində İsrail bayrağının rənglərinə işarə edərək, razılaşma ilə bağlı "İsrail tarixdə ilk dəfə mavi-ağ təbii qazı Avropaya çatdırmaq üçün Misirlə əməkdaşlıq edəcək" açıqlamasını verdi. Türkiyə seçimi Rusiya-Ukrayna böhranı bir gün aradan qalxsa belə, Avropanın Rusiyadan enerji asılılığından qurtulmaq planı davam edəcək. Aİ qlobal istiləşmə səbəbiylə qalıq yanacaqlardan imtina etməyə hazırlaşsa da, yaxın bir neçə ildə enerji ehtiyacını qarşılamaq üçün ABŞ-dan başqa Şərqi Aralıq dənizi və Körfəz ölkələri ilə daha çox əməkdaşlıq edəcəyi anlaşılır. Lakin təbii qazın LNG şəklində idxalı daha baha başa gəlir. Həmçinin, onun imkanları məhduddur. Avropanın enerji böhranı Şərqi Aralıq dənizində paylaşma və əməkdaşlıq axtarışlarını artıra bilər. ABŞ İsrail qazını Kipr və Yunanıstan üzərindən “EastMed” boru kəməri ilə nəql etməkdən imtina etmişdi – çünki baha başa gəlir. Aİ-nin nəzərdən keçirdiyi digər alternativ isə İsrail qazının sualtı boru kəməri ilə Türkiyəyə nəqli və qurudan davam edəcək bir xətlə Avropaya nəqlidir. Lakin layihənin reallaşması üçün ilk növbədə müvafiq dövlətlər arasında siyasi konsensusun yaradılması və maliyyə probleminin aradan qaldırılması lazımdır. Müəllif: Nilgün Tekfidan Gümüş Mənbə: "hurriyet.com.tr" Uyğunlaşdırma AYNA-ya məxsusdur Geri qayıt |