Əsas Səhifə > Dünya > "Gürcü Arzusu" xalqın Avropa arzusuna "hə" deməlidir:

"Gürcü Arzusu" xalqın Avropa arzusuna "hə" deməlidir:


23-06-2022, 10:35
"Gürcü Arzusu" xalqın Avropa arzusuna "hə" deməlidir:
Gürcüstanda yenidən siyasi gərginlik yaşanır. İyunun 20-də ölkənin paytaxtı Tiflisdə Gürcüstanın Avropa kursunun dəstəklənməsi məqsədilə genişmiqyaslı aksiya başlayıb. Parlament binası qarşısında təşkil edilmiş və tələbləri yerinə yetirilməsə davamlı olacağı elan edilən aksiya “Vətən, Avropaya” şüarı ilə keçirilib.

Aksiya “Sirtsxvilia” (Utanc) hərəkatı tərəfindən təşkil edilsə də, müxtəlif siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ictimai fiqurlar parlament binası qarşısına gəliblər. Etirazçılar ölkə hakimiyyətindən Qərbə qarşı siyasətinə və ritorikasına son verməsini tələb edirlər. Aksiyada Rusiya əleyhinə və Ukraynanı dəstəkləyən şüarlar səsləndirilib.

Qeyd edək ki, iyunun 24-də Avropa İttifaqı Gürcüstanın namizəd statusu müraciəti ilə bağlı yekun qərar qəbul edəcək. Avropa Komissiyası Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstan üçün namizəd statusu deyil, Avropa perspektivi verilməsini təklif edib. dia-az.life xəbər verir ki, qonşu ölkədə baş verənlərin mahiyyətini və aksiyaların nə ilə nəticələnəcəyini Gürcüstandakı azərbaycanlı ictimai fəal, hüquq müdafiəçisi Samirə Bayramova AYNA-ya şərhində dəyərləndirib.

Fəalın sözlərinə görə, Gürcüstanda bir neçə müddətdir ki, Avropa Birliyinə üzv olmaq istiqamətində ciddi kampaniyalar həyata keçirilir: "Düzdür, hökumət nümayəndələri əvvəllər bu proseslərə dəstək olurdu, maraqlı olduqlarını nümayiş etdirirdilər. Amma Avropaya inteqrasiya prosesi ilə bağlı hansısa sənədlərə imza atmaq zamanı yetişdi, hökumət geri çəkilmək kimi hərəkətlər etməyə başladı. Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin müxalifətlə bağlı Gürcüstan hakimiyyəti ilə razılaşması vardı, hansı ki, bu, dövlət orqanlarının üzərinə müəyyən məsuliyyət qoyurdu. Həmin razılaşmanı da hökumət lazımi şəkildə yerinə yetirmədi. Gürcüstan Prezidenti də burada rol oynayırdı. Salome Zurabişvili Brüsselə səfərlər edərək, şəxsi əlaqələrindən də istifadə edərək bu prosesə dəstək olmağa çalışırdı. Son vaxtlar isə demək olar ki, hakimiyyət rəsmiləri, Baş nazir, parlament rəhbərliyi Avropaya inteqrasiyanı pisləyirlər, Avropaya nifrət dilində açıqlamalar verirlər. Gah ABŞ-ı günahlandırırlar, gah Avropa İttifaqını günahlandırırlar, insanları yanlış yönə istiqamətləndirirlər. İnsanlarda bu fikri aşılayırlar ki, Avropa Birliyinə inteqrasiyaya gərək yoxdur".

"Məlumdur ki, hakim Gürcü Arzusu Partiyasının əsas dəstəkçilərindən biri də gürcü kilsəsidir. Müvafiq olaraq kilsə də insanlarda Avropa ilə bağlı qara düşüncələr formalaşdırmağa başlayıb. Guya ki, Gürcüstan Avropa Birliyinə daxil olsa milli-mənəvi dəyərlər itəcək. Açıq şəkildə deyirlər ki, Avropada qadın qadınla, kişi kişi ilə evlənir, əxlaq pozulacaq. Eyni zamanda, belə fikir formalaşdırılır ki, Avropaya inteqrasiya Gürcüstanı müharibəyə doğru aparır. İndi keçirilən aksiyalar hökumətin və kilsənin bu təbliğatına qarşıdır", - hüquq müdafiəçisi vurğulayıb.

S.Bayramova qeyd edib ki, hazırda Gürcüstan vətəndaşlarının 80-90 faizi Avropaya inteqrasiyanın, ölkənin Avropa Birliyinə daxil olmasının tərəfdarıdır: "Təbii ki, çoxluğun fikri olduqca önəmlidir. İyunun 20-də Tiflisin Rustaveli küçəsində Gürcüstan əhalisinin böyük əksəriyyətinin qatıldığı möhtəşəm aksiya keçirildi. Bir vətəndaş olaraq mən də aksiyada iştirak etdim, tribunada çıxış edərək insanlara müraciət ünvanladım. Gürcüstanın inkişaf yolunun Avropaya inteqrasiyadan keçdiyini vətəndaşların diqqətinə çatdırdıq. Hökumət rəsmiləri bildirirdilər ki, bu aksiya xırda bir təşkilatın aksiyasıdır, Avropaya inteqrasiya ölkədə guya dəstəklənmir, guya aksiyaya heç kim gəlməyəcək və s. Bu gün etiraf edirlər ki, aksiya keçirilib. Hətta aksiyada hakim partiya tərəfdarlarının da iştirak etdiyini bildirirlər".

"Həqiqətən də, hökumət rəsmilərinin son aylarda Qərblə bağlı verdiyi bəyanatlar olduqca gülüncdür. Təsəvvür edin ki, ölkənin birinci adamı - Baş nazir bir gün bir söz, sabah başqa söz deyir. "Gürcü arzusu" demək olar ki, vətəndaşların itimadını itirib. Xalqa məlumdur ki, məmurlar bu gün nə deyəcəklər, sabah nə deyəcəklər. Təəssüflər olsun ki, hakimiyyət nümayəndələri bir oliqarxın əmr quludurlar. Bidzina İvanişvili nə deyirsə onun göstərişini icra edirlər. Gürcüstan vətəndaşları isə bunu qəbul etmir", - Bayramova əlavə edib.

Hüquq müdafiəçisinin qənaətincə, faktiki olaraq xalqın idarəçiliyi hakimiyyətin əlindən çıxıb: "Bunu iyunun 20-də keçirilən aksiyada xalq sübut etmiş oldu. Hazırda hakimiyyətin xalqın istəyinə "hə" deməkdən və xalqın istəyinə dəstək olmaqdan başqa yolu yoxdur. Əgər hakimiyyət xalqın iradəsinin əleyhinə gedərsə, Avropaya inteqrasiya kursunu dəyişərsə, bu, onların sonunu gətirəcək. Çünki xalq birmənalı şəkildə Avropaya inteqrasiyanı, Avropa Birliyinə daxil olmaq kursunu dəstəkləyir".

Geri qayıt