Əsas Səhifə > Dünya > İşğal müharibəsi nə gətirdi, nə götürdü, nələr gözlənilir
İşğal müharibəsi nə gətirdi, nə götürdü, nələr gözlənilir25-06-2022, 08:20 |
Bu gün iyunun 24-dür. Düz dörd ay əvvəl, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başladı. Yaşadığımız dünya və bir parçası olduğumuz Avropa coğrafiyası bu gün 24 fevraldan çox fərqlidir. Ötən dörd ayın hesabatına başlayarkən, ilk addım olaraq işğalın humanitar tərəfindən başlamalıyıq. Əvvəlcə qaçqın-köçkünlər. Birləşmiş Millətlər Təşkilatının (BMT) 15 iyun tarixli rəsmi məlumatına görə, işğal nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 5 milyon ukraynalı qaçqın kimi Avropanın müxtəlif ölkələrinə səpələnib. Bu cəmin təxminən yarısı müharibəyə və erkən yaşda qaçqın həyatı yaşamaq reallığına məruz qalan uşaqlardır. Köçkün vəziyyətinə düşərək ölkə daxilində başqa bir nöqtəyə köçmək məcburiyyətində qalan ukraynalıların sayı 7,1 milyon nəfər olaraq hesablanır. BMT yardıma ehtiyacı olan insanların sayını 15,7 milyon nəfər göstərir. Bundan əlavə, ölkənin şərq bölgəsində davam edən müharibə səbəbindən bombardımanlar altında evlərini tərk etmək məcburiyyətində qalanların sayı günü-gündən artır. Hazırda Ukraynanın hədəfi Rusiya mühasirəsində olan qəsəbə və şəhərlərdən humanitar dəhlizlər açmaqla mülki insanları xilas etməkdir. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı 15 iyun tarixinə müharibədə həlak olan mülki vətəndaşların sayını 4452 nəfər olaraq açıqlayıb. Yaralıların sayı isə 5531 nəfər olaraq göstərilir. Lakin itkilərin faktiki sayının bu açıqlanan rəqəmlərdən qat-qat çox olduğu hesab edilir. Hər iki tərəfdən öldürülən əsgərlərin sayı ilə bağlı çox ziddiyyətli rəqəmlər var. Bu arada Rusiyanın, çox vaxt mülki və hərbi ayrı-seçkilik etmədən mülki yaşayış məntəqələrini hədəfə alaraq açıq şəkildə müharibə qanunlarını pozan hücumları artıq bu ölkədə ağır hərbi cinayətlər rekordu yaradıb. Müdafiə xərcləri yenidən artır Rusiyanın Ukraynaya təcavüzünün nəticələri hər sahədə heyrətləndirici olub. Avropa qitəsi indi daha az təhlükəsizdir. 1990-cı illərin əvvəllərində “soyuq müharibə” başa çatdıqdan sonra Şərq-Qərb münasibətlərində otuz ildən artıq hakim olan nisbi sabitlik mühiti aradan qalxıb, bu mühitin əsaslandığı status-kvo pozulub. Rusiya bütövlükdə Qərb dünyası ilə münasibətlərində uzanan münaqişə dövrünə qədəm qoyur. Bu vəziyyətin nəticələri təkcə Avropa ilə məhdudlaşmır, yaşadığımız planetin hər bir hissəsinə yayılır və Yaxın Şərqdən Uzaq Asiya və Çinə qədər qlobal miqyasda bütün güc balanslarına təsir edə biləcək potensial nəticələrə malikdir. Rusiya işğalının doğurduğu problemlərdən biri də dünyada hərbi xərclərin yenidən artırılmasıdır. Ukraynada müharibənin yaratdığı təhlükəsizlik narahatlıqları hamını ehtiyat tədbirləri axtarmağa vadar edir. Hətta Almaniyada Sosial Demokratlar, Yaşıllar və Azad Demokratların bir araya gəldiyi koalisiya hökumətinin işğal üçün 100 milyon avroluq əlavə müdafiə büdcəsinə qərar verməsi bu sahədəki müharibənin ən diqqətçəkən nəticələrindən biridir. Fevralın 24-dən əvvəl hərbi ittifaqlardan kənarda qalma ənənələri ilə seçilən Finlandiya və İsveç kimi ölkələr öz təhlükəsizliyi üçün müdafiə zəmanətindən faydalanmaq məqsədilə NATO-ya üzvlük müraciət edib. Avropada dinc bir mühitdə təhsilə, səhiyyəyə və cəmiyyətlərin rifahına ayrıla bilən resurslar indi hərbi xərclərə yönəldilir və silah sənayesi bundan bir daha qazanır. Avropa iqtisadiyyatı necə təsirlənəcək? Sarsıntılar hər cəhətdən böyükdür. Rusiyadan neft və qaz asılılığından qurutuluş yolları axtarışları Avropada bərpa olunan enerji mənbələrinə müraciət planlarına yenidən baxılmasına gətirib çıxarır, kömür və atom elektrik stansiyalarına qayıtmaq planları gündəmdədir. Rusiya və Ukraynanın dünya taxıl istehsalında böyük payı olması səbəbindən müharibənin başlanması qlobal ərzaq problemi təhlükəsini də doğurdu. Digər tərəfdən, enerji daşıyıcılarının bahalaşmasının və Avropa iqtisadiyyatına tətbiq edilən sanksiyaların mənfi təsirləri artıq özünü hiss etdirməyə başlayıb. Yaşayış səviyyəsinin aşağı düşməsini istəməyən Avropa cəmiyyətləri üçün bu cür hadisələr yaxşı xəbər deyil. Müharibə kilid nöqtəyə doğru gedir Son dörd ayda müharibənin gedişatına nəzər saldıqda birbaşa Kiyevə qarşı əməliyyata başlayan Rusiyanın meydanda böyük hərbi güc iddiasına kölgə salan bir nəticə ilə üzləşdiyinin birlikdə şahidi olduq. Bunun üzərinə bütün müharibə strategiyasını gözdən keçirən Rusiya bu mərhələdə Kiyev hədəfindən əl çəkərək, Ukraynanın şərqindəki Luqansk və Donetsk inzibati vahidlərindən ibarət Donbass bölgəsində qərarlaşdı. Bu strategiya dəyişikliyi Rusiyanın sərhədə bitişik Luqansk vilayətində müəyyən nəticələr əldə etməsinə şərait yaratdı. Rusiya ordusu, xüsusilə, artilleriya və raket sistemlərindəki say üstünlüyü sayəsində bu bölgədə Ukraynaya qarşı əhəmiyyətli uğurlar qazana bildi. Lakin Rusiya hələ də bütün Luqanskda halqanı tam bağlaya bilməyib. Bundan əlavə, Donetskdə Moskvanın nəzarətindən kənarda qalan xeyli ərazi var. Bu məqamda Ukrayna da Qərbdən artan miqdarda silah yardımı tələb edir. Yardımın gəlməsi gözlənilən həcmdə və sürətlə olmasa da, Ukrayna ordusu təsirli şəkildə Rusiyaya qarşı müqavimət göstərə bilir. Hərbi ekspertlərin əhəmiyyətli bir hissəsinin razılaşdığı fikir ondan ibarətdir ki, münaqişələr uzun sürən yıxılma müharibəsinə çevrilir və beləliklə, dalana dirənir. Belə olan halda Ukrayna və bütün dünya uzunmüddətli müharibəyə hazır olmalı olacaq. Qərb dünyası həmrəyliyini nə qədər qoruya bilər? Qərb dünyası üçün işin çətinliyi müharibənin sonrakı dövrdə uzadılması ehtimalındadır. Ehtimallara görə, Rusiya Prezidenti Vladimir Putin öz oyun planını belə bir fərziyyə üzərində qurmuşdu ki, o, Ukraynanı işğal etsə, Qərb dünyası ona qarşı vahid mövqe nümayiş etdirə bilməyəcək. Lakin Qərb dünyasının ABŞ-dan Aİ-yə qədər uzanan birlik çərçivəsində güclü həmrəylik nümayiş etdirməsi təxminləri alt-üst etdi. Qərb bir-birinin ardınca gələn sanksiya paketləri ilə Rusiyaya heç vaxt hesablamadığı miqyasda itki verdirə bildi. Ən azından beynəlxalq ictimaiyyətə təsirli şəkildə nümayiş etdirildi ki, Rusiya bütün beynəlxalq qaydaları pozmaqla başqa bir ölkənin suverenliyini və ərazi bütövlüyünü pozmaqdan yaxa qurtara bilməyəcək. Lakin müharibənin beşinci ayına girdiyi bir vaxtda Avropada Rusiyaya qarşı barışmaz münasibətin davam etdirilməsini müdafiə edənlərlə problemin gecikmədən həllini tapması xətti arasında fərqli fikirdə olanların meydana çıxmağa başladığı müşahidə edilir. Burada əsas bir çətinlik var. Qərb ölkələri demokratik rejimlərinə görə hər bir məsələni kollektiv şəkildə müzakirə etmək məcburiyyətindədirlər. Hökumətlər ictimaiyyət qarşısında hesabat vermək üçün təzyiq altındadır. Ancaq Rusiyada bütün qərarların tək adamın ağzından gəldiyi avtoritar sistemdə Putinin heç kimə cavab vermək öhdəliyi yoxdur. Bu vəziyyət Rusiya liderinə, müharibə uzandıqca, Avropadakı həmrəyliyi poza bilmək imkanı yaradır. Bu baxımdan Qərbin Putinə qarşı nə dərəcədə möhkəm dayana biləcəyi, indiki xəttini nə qədər saxlaya biləcəyi, gələcəkdə necə bir dünyada yaşayacağımız suallarına da cavab vermək vacibdir. Məsələnin kökündə ən azı Avropa qitəsində demokratiyanın, yoxsa qayda-qanun tanımayan avtoritar rejimlərin qalib gələcəyi sualı durur. Söhbət demokratiyaya dəyər verən və qaydalara əsaslanan beynəlxalq nizam idealına əhəmiyyət verən insanlar üçün həyati vacib sualdan gedir. Müəllif: Sedat Ergin Mənbə: "hurriyet.com.tr" Uyğunlaşdırma AYNA-ya məxsusdur Geri qayıt |