Əsas Səhifə > Dünya > Rusiyanın oduna hegemonluq eşqinə düşən Çin də yanacaq

Rusiyanın oduna hegemonluq eşqinə düşən Çin də yanacaq


30-06-2022, 08:28
Rusiyanın oduna hegemonluq eşqinə düşən Çin də yanacaq
ABŞ Prezidenti Cozef Bayden NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə Birləşmiş Ştatların bütün Avropada hərbi mövcudluğunu artıracağını deyib. ABŞ Prezidentinin sözlərinə görə, NATO bütün istiqamətlərdə - havada, quruda və dənizdə təhdidləri dəf etməyi bacarmalıdır. Cozef Bayden, həmçinin Avropaya əlavə olaraq F-35 döyüş təyyarələrindən ibarət iki eskadrilya göndəriləcəyini bildirib. Bundan əlavə, Vaşinqton Polşada ABŞ Silahlı Qüvvələrinin 5-ci Ordu korpusunun (quru qoşunları) qərargahını yerləşdirəcək. DİA.AZ xəbər verir ki, Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin “Şərq”ə açıqlamasına görə, ABŞ-ın Avropada hərbi mövcudluğunu artırması, döyüş təyyarələrindən ibarət eskadrilyaların göndərilməsi, 5-ci Ordu korpusunun qərargahının Polşada yerləşdirilməsi birbaşa Rusiyanın aqresiv siyasətinə hesablanmış adekvat reaksiyadır:

“Bu mənada Rusiyanın və onun mövqeyini müdafiə edən digər ölkələrin əks mövqeləri həlledici deyil. NATO-nn Şərqə doğru irəliləməsindən narahat olan Rusiya təhlükəsizliklə bağlı zəmanət tələbi iddiasında idi və bunu bəhanə edərək Ukraynaya qarşı hücum siyasəti yeridərək şəhərlərini gülləbaran etdi. Yəni əvvəllər Ukraynanın NATO-ya üzv olmasının qarşısını almaq istəyən Rusiya, bu gün bilavasitə Finlandiya və İsveç kimi Skandinaviya ölkələrinin NATO-ya üzv olmasına səbəb oldu. Buna görə Rusiyanın kimisə günahlandırması doğru deyil. Proseslər bununla da bitməyəcək. Avropanın Şərq sərhədində hərbi gücünü iki dəfə artıran NATO Polşa və Rumıniya kimi ölkələrdə öz mövcudluğunu möhkəmləndirməkdə davam edir. Onu da deyim ki, Putin daima “NATO-nun bizim sərhədlərə yaxınlaşmasının qarşısını aldıq” kimi mənasız arqumentlərlə “əzələ nümayiş” etdirir. Həm də artıq strateji cəhətdən məğlubiyyətin eşiyində olduğunu bilə- bilə. Reallıq odur ki, Rusiyanın Ukraynaya hücumundan öncə NATO ilə quru sərhədlərinin uzunluğu 1215 km idi, Finlandiya və İsveç alyansa üzv olduqdan sonra quru sərhədin uzunluğu iki dəfə artaraq 2478 km olacaq. Rusiyanın “qazancı” budur”.

NATO-nun artıq Rusiyanı tərəfdaş ölkə deyil, bir təhlükə kimi gördüyünü vurğulayan politoloqun sözlərinə görə, Madriddə keçirilən sammitdə Rusiyanın statusu dəyişəcək və yeni konsepsiyada bu dəyişiklik öz əksini tapacaq:

“ Rusiyanın oduna hegemonluq eşqinə düşən Çin də yanacaq. Bu baxımdan deyə bilərəm ki, Baydenin NATO sammitindəki açıqlamaları sadəcə Rusiyaya barmaq silkələməsi deyil, həm də Çin üçün bir mesajdır. Fikir verirsinizsə, artıq sadəcə NATO ölkələri çərçivəsində deyil, Sakit Okean hövzəsində olan ölkələrin də ABŞ ətrafında toplanması prosesi gedir. Əvvəllər Hind və Sakit Okean hövzəsində üçlü, dördlü formatda birliklər yaradılmışdı. Bütün bu formatlar isə birbaşa hər hansı bir hərbi siyasət yeridəcəyi təqdirdə Çini mühasirəyə alaraq neytrallaşdırmağa hesablanmışdı. Deməyim odur ki, NATO-nun Avropada hərbi mövcudluğunu artırması qərarından Rusiya və Çin məmnun qalmayacaq. Ancaq dünyadakı geosiyasi proseslər nə Çinin, nə də Rusiyanın geosiyasi iradəsi ilə tənzimlənir. Ayrıca hər iki ölkə bir şeyi anlamalıdır ki, NATO-nun güclənməsi üçün Rusiya səbəb yaratdı, Çin isə artıq zəmin yaradır. Tayvanın hərbi güc ilə Çinin tərkibinə daxil edilməsi bəyanatı birbaşa ABŞ-ın hərəkətlənməsi üçün səbəb olacaq”.

Geri qayıt