Əsas Səhifə > Dünya > Türkiyə-NATO BAZARLIĞI: Kim qazandı?
Türkiyə-NATO BAZARLIĞI: Kim qazandı?30-06-2022, 09:12 |
İsveçlə Finlandiya PKK və onun uzantıları ilə mübarizədə Ankaranın şərtlərini qəbul etdiyi üçün bloka üzvlüklərinə “hə” deyildi, Baltik dənizi “NATO gölü” halına gəlir, Putin şimal alyansını doğulub-böyüdüyü Sankt-Peterburqa qədər gətirdi “Düşünürəm ki, Türkiyə, İsveç və Finlandiya arasında imzalanan bu razılaşma çox vacibdir”. “Yeni Müsavat” xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Baş katib bildirib ki, bu razılaşma müttəfiqlər olaraq bizim həmrəyliklə bağlı öhdəliyimizi əks etdirir: “Bu, eyni zamanda İsveç və Finlandiyanın Türkiyə ilə müəyyən məsələlərdə, xüsusilə də informasiya mübadiləsi, ekstradisiya və terrorla mübarizədə daha yaxından əməkdaşlıq etməsinə imkan verəcək”. Onun sözlərinə görə, iyunun 30-da sammit çərçivəsində keçiriləcək sessiyada alyansın cənub qanadında terror məsələsi ilə bağlı müzakirələr aparılacaq və burada Türkiyənin qaldırdığı məsələlər də diqqətə alınacaq. İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı alyansın baş katibi vurğulayıb ki, bu proses çox qısa zaman müddətində baş verir. Hansı ki, indiyə qədər belə bir hal baş verməyib: “Heç bir üzvlük prosesi bu qədər qısa müddətdə, bir neçə həftə ərzində baş verməyib. Mayın ortalarında iki ölkə üzvlük ərizəsi ilə müraciət etdi və hazırda biz bu ölkələri rəsmi şəkildə dəvət edəcəyik. Təbii ki, bu dəvətdən sonra 30 ölkənin parlamentində bu ratifikasiya olunmalıdır. Bu, zaman alır, ancaq mən gözləyirəm ki, bu proses də daha tez baş verəcək”. Bəli, Türkiyə Finlandiya və İsveçin NATO üzvü olmasına “hə” dedi. Və paraleldə onlara öz şərtlərini də qəbul etdirdi, istədiyini qopardı. Şərtlər aşağıdakılardı: PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsi, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi. Həmçinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması, terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması, PKK, onun qolları və cəbhə təşkilatlarının pultoplama və işəgötürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, Finlandiya və İsveçin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi, bu addımların icrasına nəzarət etmək üçün Ədliyyə, Kəşfiyyat və Təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizmin yaradılması. Amma bəzi tənqidçilər iddia edirlər ki, Finlandiya və İsveç bu şərtlərdən zaman-zaman boyun qaçıracaq, üzərlərinə götürdükləri öhdəliyin icra edilməsindən yayınacaqlar. Bu, mümkündürmü? Əgər belə olarsa, Türkiyənin əlində nə kimi təsir rıçaqları var? Rəsmi Ankara bu iki Skandinaviya ölkəsində PKK və onun qollarını bitirə, fəaliyyətlərini əngəlləyə biləcəkmi? Bu arada Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı razılıq verməsini alqışlayıb. “NATO sammitinə başlayarkən fantastik xəbər. İsveç və Finlandiyanın üzvlüyü bizim parlaq ittifaqımızı daha güclü və təhlükəsiz edəcək”, - Britaniya hökumətinin başçısı yazıb. Bundan sonra Rusiyanı nələr gözləyir? Putin NATO-nu Ukraynadan uzaqlaşdırmaq istəyərkən digər sərhədi olan Finlandiyada görmüş olacağı halda, rus ordusu növbəti cəbhəni aça bilərmi? Rusiya-Finlandiya müharibəsi SSRİ-Fin arasında yaşanmış “qış müharibəsi” kimi təkrarlana bilərmi? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, NATO Finlandiya və İsveç hesabına genişlənəcək: “Bu, həm Avropanın təhlükəsizliyinə, həm də ABŞ-ın maraqlarına cavab verir. Vaşinqton bununla kifayətlənmir. ABŞ yeni ittifaq təsis edib. Sakit okean bölgəsini əhatə edən ittifaqa ABŞ-la yanaşı Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya və Yaponiya daxildirlər. İttifaqı elan edən dövlətlərin ortaq bəyanatında bildirilib ki, ”Partners in the Blue Pacific" (PBP) adı verilən tərəfdaşlıq formatı effektiv əməkdaşlığın inkişafı və regionun ada dövlətlərinə dəstək üzrə növbəti təşəbbüsdür. Bəyanatda ittifaqın məqsədi barədə bunlar yazılıb: “Beş ölkə Sakit okean prioritetlərini daha effektiv və səmərəli şəkildə dəstəkləmək üçün ”Partners in the Blue Pacific" tərəfdaşlığı adlı hərtərəfli qeyri-formal mexanizmi işə salıb. Bu yeni təşəbbüs bizim regiona uzunmüddətli öhdəliyimizə, Sakit okeanın ada ölkələri ilə sıx əlaqələrə və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Biz regionu suverenlik, şəffaflıq, hesabatlılıq prinsiplərinə uyğun olaraq və Sakit okean dövlətlərinin rəhbərliyi və liderliyi altında dəstəkləməsi mövzusunda həmrəyik". ABŞ və tərəfdaşları nədən yeni ittifaqa ehtiyac duyublar? Bu suala aydınlıq gətirən politoloq hesab edir ki, ABŞ və müttəfiqlərinin Rusiya və Çinlə münasibətlərində gərginlik hökm sürərkən bölgədə ittifaqların sayı artır: “Bir başqa ittifaqda ABŞ, Avstraliya, Hindistan və Yaponiya yer alıblar. Yeni ittifaqda Hindistan yoxdur. Görünür, Dehli əzəli rəqibi Çinlə münasibətləri daha da gərginləşdirmək istəmir. Hindistan Rusiya və ABŞ arasında birmənalı seçim etməkdən çəkinir. Ona görə də Hindistan həm Rusiya və Çinin yer aldığı BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının üzvüdür, həm də ABŞ, Avstraliya və Yaponiya ittifaqında yer alıb. Dehli əlavə ittifaqlarda yer almaq istəmir. Təhlilçi Şahin Cəfərlinin fikrincə, NATO-nun şərqə doğru 23 illik genişlənməsi nəticəsində ittifaqın Rusiya ilə 1215 km-lik sərhədi yaranmışdı: “Təkcə Finlandiyanın Rusiya ilə 1270 km quru sərhədi var. Yəni Rusiyanın NATO ilə sərhədlərinin uzunluğu 2 dəfədən də çox artır. İsveçin də qoşulması ilə Baltik dənizi ”NATO gölü" halına gəlir. “Ukraynanın NATO-ya girməsinə yol verə bilmərik, bu, sərhədlərimizdə bizə birbaşa təhdid yaradacaq” deyərək Avropanın şərqində dəhşətli müharibə cinayətlərinə imza atan Putin NATO-nu doğulub-böyüdüyü Sankt-Peterburqa qədər gətirdi. Bu, çox ağır strateji məğlubiyyət olmaqla bərabər, rusiyalı tiranın dünyadakı reputasiyasına da ciddi zərbədir". Ş.Cəfərlinin fikrincə, ən önəmli qərarlardan biri NATO-nun çevik reaksiya qüvvələrinin sayının 40 mindən 300 minə qaldırılması olacaq: “Quru, hava və dəniz komponentlərindən ibarət olan bu qüvvələr krizis situasiyalarına operativ müdaxilə üçün nəzərdə tutulub. Bundan başqa, Baltik ölkələrindəki NATO batalyonları briqada səviyyəsinə yüksəldiləcək. Qərb heç bir halda Rusiyanı işğalı genişləndirməyə imkan verməyəcək. Özünüz düşünün: NATO-ya ən ciddi və birbaşa təhdid olan bir ölkənin Ukraynada qalib gəlib, daha böyük təhdid halına gəlməsinə imkan verərlərmi? Putinin son günlər daha da aqressivləşərək Ukraynanı raket yağışına tutması həm də bu gəlişmələrlə əlaqədardır, o, Qərb liderlərinin tarixi qərarlar qəbul etməyə toplaşdıqları bir məqamda onlara xəbərdarlıq göndərir. Putin bu savaşdan öncə nə umurdu - nə buldu?...” Siyasi ekspert Samir Hümbətovun sözlərinə görə, əgər Türkiyənin qoyduğu tələblər tam şəkildə praktik formada həyata keçirilməzsə, istənilən mərhələdə Ankara İsveç və Finlandiyanın sözügedən hərbi alyansa üzvlüyünü veto etmək haqqını əlində saxlayır: “Digər tərəfdən, İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin razılıq verməməsini Rusiya ilə gizli şəkildə əldə edilmiş razılıq kimi dezinformasiyalarla tirajlamağa çalışırdılar. Son əldə edilmiş razılaşmadan da aydın olur ki, Türkiyə heç də Rusiya ilə gizli razılaşma etməyib, əksinə, regional və qlobal güc olaraq, həmçinin NATO-da ikinci ən böyük güc olaraq müstəqil siyasət yürüdür və özünün xarici siyasət maraqlarına uyğun olaraq addımlar atır. Beləliklə, Türkiyə təkcə öz təhlükəsizliyini deyil, eyni zamanda üzv olduğu NATO və əməkdaşlıq etdiyi Qərbin gələcək təhlükəsizliyi üçün də təminat almış oldu. Bundan sonrakı mərhələdə həm PKK/YPG, həm də FETÖ kimi terror təşkilatları əsas maliyyə və təşkilati dayaqlarından bir neçəsini itirmiş oldular. Eyni zamanda Türkiyə bu addımı ilə sübut etmiş oldu ki, onun razılığı və iştirakı olmadan regionda hansısa proseslərin baş verməsi mümkünsüzdür”. “Yeni Müsavat” Geri qayıt |