Əsas Səhifə > Dünya > “KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur”
“KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur”30-06-2022, 10:45 |
usiyanın Ukraynaya qarşı "xüsusi əməliyyat" adı altında apardığı işğalçı müharibədə, bu dövlətin də təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin heç biri iştirak etmir. Hərbi təşkilatda olan dövlətlər nəinki işğalçı müharibədə əsgəri güclə iştirak etmir, hətta siyasi anlamda Kremlə dəstək də ifadə edilmir. Belarusdan başqa, KTMT-də təmsil olunan dövlətlərin rəsmi şəxsləri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər. Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Qasım Comərd-TokayeviSankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinin qarşısında Ukraynanın Luqansk və Donetsk bölgələrindəki qondarma qurumları "kvazidövlət" adlandırdı və onların "müstəqilliklərini" heç vaxt tanımayacaqlarını bəyan etdi. Nəzərə almaq lazımdır ki, Qazaxıstan KTMT-nin əsas dövlətlərindən biridir. KTMT-nin işğalçı müharibədə Rusiyanın yanında dayanmaması, əksinə, bu ölkələrin rəhbərləri səviyyəsində dolayısı ilə Ukraynaya dəstək verilməsi sözügedən hərbi təşkilatın de-fakto ləğv edildiyini göstərir. Rusiyanın istər rəsmi, istərsə də qeyri-rəsmi siyasi dairələrində KTMT ölkələri tənqid olunur, televiziyalardakı siyasi verilişlərdə Kremlə yaxın analitiklərin dilindən "KTMT Rusiyanın yanında deyilsə, o zaman bu təşkilat bizim nəyimizə lazımdır?" deyə ritorik suallar verilir. Rusiyanın işğal müharibəsinə dəstək verməyən KTMT-nin dağıldığını söyləmək olarmı? dia-az.life-ın məlumatına görə, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya deyib ki, Qazaxıstan Prezidenti Tokayevin Putinin qarşısındakı çıxışı Rusiyanın apardığı müharibəyə də, KTMT-yə də münasibətin göstəricisi idi: “Rusiyanın xarici siyasəti ciddi böhran altındadır. Rusiyanın postsovet məkanındakı nüfuzu ciddi şəkildə azalmaqdadır. Tokayevin bəyanatı onu göstərir ki, Qazaxıstanla bağlı rəqabət mühiti yaranıb. Qazaxıstana yönəlik əvvəl Rusiya əsas oyunçu idisə, indi Çin də var. Qazaxıstan Prezidentinin belə açıq şəkildə bəyanatı, Rusiyaya qarşı fikirləri sıradan deyil”. “Ola bilsin ki, qlobal güclər tərəfindən Qazaxıstana təhlükəsizlik təminatları da verilib. Eyni zamanda, Qazaxıstanda, Orta Asiyada Türkiyə fəallaşıb. Bu gün Qazaxıstanda Qərb şirkətləri də mövcuddur. Bu baxımdan, Rusiyanın təsirindən, KTMT-dən qopma mümkündür”, - deyə həmsöhbətimiz bildirib. Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini də xatırladıb: “Orada səslənən fikirlər, hansısa simvolik addımlar, tərcüməçisiz çıxışlar onu göstərir ki, türk dövlətlərinin birliyi aktullaşır, Türk Dövlətləri Təşkilatı güclənir. Bu dəyişikliklərə baxanda, əlbəttə, demək olar ki, KTMT kimi, Rusiyanın çətiri altındakı postsovet təşkilatlarının əhəmiyyəti azalacaq. Bəzi təşkilatlar tamamilə siyasi səhnədən gedəcək. Buna heç kəsin şübhəsi yoxdur”. dia-az.life-ın məlumatına görə, Avropada yaşayan azərbaycanlı politoloq Rauf Mirqədirov isə AYNA-ya şərhində KTMT-nin heç vaxt ciddi təşkilat olmadığını söyləyib: “Rusiya zəiflədikcə bu hərbi təşkilatdakıların mövqeyi də dəyişir. Rusiya müharibədə məğlub olduqda bu təşkilat da tarix olacaq. Baxın, bu gün dünyada əsas hərbi qurum NATO-dur. Hazırda NATO-ya yeni üzvlərin daxil olması müzakirədədir. Türkiyə üzvlərin qəbulu ilə bağlı şərtlər irəli sürür, öz maraqları naminə istifadə edir. NATO-nun digər dövlətləri, ABŞ Türkiyənin mövqeyinə münasibət bildirir, problemin həlli üçün müəyyən səylər göstərirlər və s”. “Deməyim odur ki, NATO-da bir sistem var. Hətta Alyansdakı balaca dövlətlər, aparıcı olmayan ölkələr də öz maraqlarını müdafiə etməyi bacarır, buna imkanları var. Düzdür, Türkiyə balaca dövlət deyil, amma Qərbin aparıcı ölkəsi də deyil. Yaxud da, Macarıstan. Macarıstan rəhbərliyinin siyasəti heç xoşagələn deyil, amma öz maraqlarını müdafiə edir, müəyyən qərarların qəbuluna imkan vermir. KTMT-də belə sistem yoxdur axı”, - deyə analitik vurğulayıb. Müsahibimiz KTMT-də əsas bir dövlətin söz sahibi olduğunu qeyd edib – Rusiya: “Bu təşkilatda təmsil olunan digər dövlətlərin nə səs hüququ var, nə qərar verə bilmək hüququ var, nə də hansısa prosesin qarşısını ala bilirlər. Bu gün çox absurd bir situasiya yaranıb. Əslində Tokayevin Sankt-Peterburqda Putinin qarşısında verdiyi bəyanat həmin absurd vəziyyəti gözlər önündə canlandırdı. Ukraynadakı qondarma qurumları Tokayevin "kvazidövlətlər" adlandırması Qazaxıstanla Rusiyanın necə müttəfiq olduğunu, KTMT-nin necə mənasız qurum olduğunu göstərdi. Çünki Tokayevin "kvazidövlətlər" adlandırdığı "respublikalar"ı Rusiya tanıyır, həmin separatçı qurumlarla Moskva diplomatik münasibətlər qurub. Eyni zamanda, Rusiya həmin "dövlətlərin" müraciəti əsasında, həmin "dövlətlər"ə görə Ukraynaya qarşı elan olunmamış müharibə aparır”. Mirqədirov qeyd edir ki, hərbi-siyasi blok çərçivəsində Qazaxıstan KTMT-dəki müttəfiqi Rusiyanı yox, Ukraynanı dəstəkləmiş oldu: "Bu, absurdun absurdudur. Əgər sən Rusiyanın uğrunda müharibə etdiyi qondarma qurumları "kvazidövlətlər" adlandırırsansa, onların "müstəqillikləri"ni tanımağı qeyri-mümkün sayırsansa, o zaman gərək KTMT-dən çıxasan. Çünki həmin təşkilatın əsas dövləti Ukraynaya qarşı işğalçı müharibə aparır. KTMT heç bir hadisəyə münasibət bildirmirsə, deməli, belə bir təşkilat faktiki olaraq yoxdur”. Geri qayıt |