Əsas Səhifə > Dünya > Moskvadan Nursultana xəbərdarlıq siqnalları:

Moskvadan Nursultana xəbərdarlıq siqnalları:


8-07-2022, 08:23
Moskvadan Nursultana xəbərdarlıq siqnalları:
İyulun 5-da Rusiyanın Novorossiysk Məhkəməsi “ekoloji qaydaların pozulması” səbəbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətini bir aylıq dayandırıb. Xatırladaq ki, Qazaxıstanın ixrac neftinin böyük qismi - üçdə ikisindən çoxu məhz bu konsorsiumun Novorossiysk limanındakı terminalı vasitəsilə dünya bazarına çıxarılır. Analitiklər bildirirlər ki, bu qərar Rusiya tərəfindən Qazaxıstana qarşı siyasi xəbərdarlıqdır. DİA.AZ-ın AYNA-ya istinadən xəbərinə görə, politoloq Şahin Cəfərli deyib ki, ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başladıqdan və bununla bağlı Qazaxstanın mövqeyində Moskvanı qane etməyən məqamların təzahüründən sonra Xəzər Boru Kəməri Konsorsiumu ətrafında qəribə hadisələr baş verir.

Analitik xatırladır ki, martın sonları terminalın 3 liman qurğusundan ikisinin fəaliyyəti "qasırğadan zərər gördükləri" səbəbi ilə dayandırılıb və onların fəaliyyəti 1 ay sonra bərpa edilib: "Bu müddətdə təbii ki, qazax neftinin ixracında ciddi (gündəlik ixracın 80%-i həcmində) azalma baş verib.

İyunun 15-də dənizdə “İkinci Dünya müharibəsindən qalmış minaların aşkarlanması” səbəbi ilə yenə 3 liman qurğusundan ikisinin fəaliyyəti 5 iyul tarixinə qədər dayandırılıb. Üçüncü dayandırılma qərarı isə elə həmin gün (5 iyul) – bu dəfə məhkəmə müstəvisində verilərək hər üç qurğuya şamil edilib və 30 sutka qüvvədə olacaq".

"Maraqlıdır ki, məhkəmə qərarından bir gün əvvəl – iyulun 4-də Prezident Tokayev Avropa Birliyinin prezidenti Şarl Mişel ilə telefon danışığında Qazaxıstanın Avropa bazarında vəziyyəti stabilləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə, yəni bazara əlavə neft çıxarmağa hazır olduğunu həmsöhbətinin diqqətinə çatdırıb. Digər önəmli məqam isə budur ki, Qazaxıstan Maliyyə Nazirliyi iyunun 8-də sanksiya altına düşən məhsulların Qazaxıstan vasitəsilə Rusiya və Belarusa çatdırılmasının qadağan olunmasına dair əmr layihəsi hazırlayaraq bunu rəsmi sayta yerləşdirib. Rusiya tərəfi bu məsələyə məhz indi - bir ay sonra rəsmi münasibət bildirməyi uyğun görüb. Peskovun dilindən səslənən mövqe məzmun baxımından standart olsa da, məhkəmənin Qazaxıstan neftinin ixracını bloklayan qərarından dərhal sonra ifadə edilməsi təsadüf sayıla bilməz", - Ş.Cəfərli hesab edir.

Analitik qeyd edib ki, baş verənlər Rusiya-Qazaxıstan münasibətlərində böhran olmasa belə, ən azı sıxıntıların olduğunu göstərir: "Rusiyanın Mərkəzi Asiyadakı maraqları və onun yürütdüyü Avrasiya inteqrasiyası prosesləri baxımından açar dövlət olan Qazaxıstanın müstəqil və balanslı xarici siyasət yeritməyə çalışması Moskvanı məmnun etmir. Tokayevin Rusiya tərəfindən rəsmən tanınan Ukraynadakı separatçı "DNR" və "LNR"i Putinin yanında "kvazi dövlətlər" adlandırması Moskvada qıcıq doğurub. Bu baxımdan qazax neftinin ixracına problemlər yaradılması rəsmi Nursultana xəbərdarlıq siqnallarıdır. Eyni zamanda, Qərbin Rusiya neftinə embarqo və yuxarı qiymət həddi tətbiq etməyə hazırlaşdığı bir dövrdə Rusiya onun infrastrukturu ilə Qazaxıstanın öz neftini bazara çıxarmasında və boşluğu az da olsa doldurmasında maraqlı deyil".

"Qazaxıstan isə bölgədə Rusiya maraqlarının ötürücüsü rolunu oynamağı qəbul etmir, çoxvektorluluq əsasında həm Çin, həm də Qərblə əlaqələrini inkişaf etdirmək istəyir. Ölkənin ən iri xarici ticarət tərəfdaşlarından biri və 1 saylı ixrac bazarı Avropa Birliyidir, ən böyük investorlarından biri isə ABŞ-dır. Qazaxıstan öz xarici və iqtisadi siyasətində bu faktoru nəzərə alır. Onu da qeyd edək ki, Elbası Nursultan Nazarbayev 32 il hakimiyyətdə olmasına baxmayaraq, bu müddətdə ölkənin strateji məhsulunun ixrac marşrutlarını diversifikasiya etməyib və bu sahədə Rusiya kimi güvənilməz və təhlükəli partnyordan asılılığı saxlayıb", - deyə politoloq fikrini yekunlaşdırıb.

Geri qayıt