Əsas Səhifə > Dünya > Rusiya-Ukrayna müharibəsi: Gedişat hara aparır?
Rusiya-Ukrayna müharibəsi: Gedişat hara aparır?11-07-2022, 12:21 |
Rusiya-Ukrayna müharibəsinin gedişatının hərbi-ərazi nöqteyi-nəzərdən hansı dövlətin iş əmsalına böyük fayda gətirəcəyi barədə proqnozlar vermək getdikcə çətinləşir. Çünki hazırkı döyüş vəziyyəti, əməliyyat şəraiti onu deməyə əsas verir ki, tərəflər müharibəyə səbəb olan mübahisələri mütləq hərbi qələbə ilə həll etmək iqtidarında deyillər. Cari tablonun təsviri göstərir ki, tərəflərin bir-biri üzərində qazandığı hərbi üstünlüklərin ömrü elə də uzunmüddətli deyil və ərazilər tez-tez əl dəyişdirməyə namizəd qismindədir. Rusiya hazırda növbəti genişmiqyaslı hücumlara şərait yaratmaq üçün qoşunlarını komplektləşdirir, amma məqsədinin harada bitməsi barədə dəqiq kəşfiyyat məlumatları yoxdur. Rusiya Ukraynanın Luqansk vilayətini tam nəzarətə götürdükdən sonra Donetskin də yerdə qalan ərazilərini tutmağı hədəfləyir, bunun üçün keçirdiyi əməliyyatlar isə hələ ki böyük effektə malik olmayıb. Rusiya hərbi rəhbərliyi Ukraynadakı əməliyyatlarda həlledici uğur qazanmaqdan ötrü könüllü birləşmələrdən ibarət hərbi təşkilatlar yaratmağa davam edir. Ukraynaya gəlincə, Qərbdən aldığı silahlar fonunda ölkənin cənubundakı sahilyanı əraziləri Rusiya qüvvələrindən təmizləmək üçün əməliyyatlara başlayacağının anonsunu verib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov “The Sunday Times” nəşrinə müsahibəsində bu mövzuda əminliklə danışıb, görünür ki, Prezident Volodimir Zelenskinin əks-hücum əməliyyatları barədə əmrinə təkan verən güclü mənbələr mövcuddur. Ukraynanın Qərbdən aldığı silahlar, xüsusilə son zamanlar HİMARS artilleriya-raket sistemləri Rusiyanın möhkəmləndiyi mövqelərə od ələyir, hərçənd ki, Kiyev həlledici bir uğura imza atmayıb. Hazırda Ukraynanın hədəfində Xerson vilayətinin azad edilməsinin əsas prioritet kimi dayanması görünür. Ukrayna qoşunlarının Xerson istiqamətində irəliləyiş əldə etməsi bunun əlaməti kimi şərh edilə bilər. Amma yuxarıda qeyd etdiyimiz kimi, Kiyev aktivini zənginləşdirəcək irəliləyişə nail olmayıb. Rusiyanın yenidən Kiyevə hücum edəcəyi planının Kremlin masasından arxivə atıldığını da demək sadəlövhlük olardı. Ona görə ki, Rusiyanın Ukraynanın şərqində və cənub-şərqində öz təsirlərini saxlamaq üçün paytaxt Kiyevdə Moskvanı dəstəkləyəcək hökumət olmalıdır. Paytaxt üzərində nəzarət olmadan Rusiya məqsədlərindəki strateji dəyişikliyi etibarlı şəkildə həyata keçirə bilməkdə çətinliklə üzləşəcək. Onu da vurğulamaq lazımdır ki, Rusiyanın Kiyevə hücumu üçün qoşunlarını komplektləşdirməsi çətin məsələdir, qüvvələrini koordinasiya etməsi mürəkkəbdir. Ona görə də Kiyevə hücum hələlik ehtiyat plan kimi qala bilər və ya əməliyyatın motivi genişmiqyaslı hücumlara yox, məsafədən raket zərbələri endirməyə söykənə bilər. Ukrayna Qərbin inteqrasiya edilmiş bir hissəsi olmaq sevdasından əl çəkmədiyinə görə prinsipiallığını qoruyub-saxlayacaq. Ukrayna Qərbə doğru addımlarını sürətləndirəcək və NATO bu siyasəti bütün cəhətlər üzrə dəstəkləyərək Rusiyanın təsirinə qarşı durmağa çalışacaq. Ancaq əsas sual budur ki, həmin strateji qətiyyətin bir limiti varmı? Sözsüz ki, bunun bir həddi olacaq, Zelenski ara-sıra bunu duyduğundan Qərbin ünvanına da ittihamlar səsləndirirdi. Lakin bəllidir ki, Ukraynadakı müharibə Rusiya-NATO hibrid savaşının böyük və həlledici parçasıdır, ona görə də ən sonda Moskva ilə Qərb bir anlaşma formulu üzərində işləyəcəklər. Bu formul pərdəarxasında razılaşdırıla və döyüş meydanında davam etdirilə bilər, amma Kiyev Moskva ilə ərazi itkilərini özündə ehtiva edən kompromisli sülh nizamlanmasına razı olmayacaq. Böyük planda Kiyevin nə istədiyi isə onu müharibə poliqonuna çevirən strategiya müəllifləri və Rusiya üçün o qədər də böyük əhəmiyyət daşımayacaq. Rusiya bu müddət ərzində limanlarda qalan taxılla və özünün taxıl ixracını məhdudlaşdırmaqla dünyanı sınağa çəkməkdə davam edəcək. Müharibə o zaman yekunlaşacaq ki, Rusiya ilə Ukraynadan biri digərinin vizyonunu qəbul etsin. Aqşin Kərimov Geri qayıt |