Əsas Səhifə > Dünya > Rusiyanın yeni Dəniz Doktrinası, düşmənliyin rəsmi elanı və kritik cəbhə xətti
Rusiyanın yeni Dəniz Doktrinası, düşmənliyin rəsmi elanı və kritik cəbhə xətti2-08-2022, 08:23 |
İki gün əvvəl Rusiyada təsdiq edilən yeni Hərbi Dəniz Doktrinasının və Hərbi Dəniz Nizamnaməsinin imzalanma mərasimi olub. Sankt-Peterburq Dövlət Tarix Muzeyində keçirilən mərasimdə Rusiya Silahlı Qüvvələrinin daxili xidmətini təyin edən fərmanda da dəyişiklik edilib. Bununla da, sonuncu dəfə 2015-ci il iyunun 17-də qəbul edilən Dəniz Doktrinası qüvvədən düşmüş olub. Bu arada, elə həmin gün Ukraynadan zərbə gəlib. Rusiyanın Qara dəniz donanmasının Krımdakı qərargahı SİHA (silahlı və pilotsuz uçuş aparatı) tərəfindən vurulub. Rus mediası hadisəni sadə bir hücum kimi qiymətləndirsə də, 6 nəfərin yaralandığı partlayışa görə Sevastopolda Hərbi Dəniz Günü tədbirləri ləğv edilib. Putin isə mərasimdəki çıxışında hərbi donanmanın imkanlarının daim təkmilləşdirildiyini vurğuladı: “Donanma ölkəmizin sərhədlərində və dünya okeanının istənilən bölgəsində strateji vəzifələri uğurla yerinə yetirir. O, bizim suverenliyimizə və azadlığımıza hücum etmək qərarına gələn hər kəsə ildırım sürəti ilə cavab verə bilər”. Mərasimdə ən kritik məqamlardan biri də "Zirkon" hipersəs raketlərinin bir neçə ay sonra Rusiya donanmasının istifadəsinə veriləcəyi xəbəri oldu. Putin bu raketləri “maneəsiz” ifadəsi ilə dəyərləndirib. Səs sürətindən 9 dəfə çox (saatda 10.000 km-dən çox) hərəkət qabiliyyətinə malik olduğu bildirilən “Zirkon” hipersəs raketləri ilə bağlı məlumat elə həmin gün Britaniya mətbuatında da yer almağa başladı. Douglas Patience imzası ilə ilə yayımlanan məqalə tez bir zamanda xəbər portallarında peyda oldu. Sözügedən məqalədən çıxarışda deyilir: “Son bir il ərzində Rusiya hərbi gəmilərdən və sualtı qayıqlardan atılan “Zirkon”un çoxlu sınaqlarını həyata keçirib. Belə yüksək sürətlə hərəkət edən raket təxminən beş dəqiqəyə Londona çatacaq”. Rus mətbuatının yazdığına görə, “Zirkon”la təchiz edilmiş ilk gəmiyə “Admiral Qorşkov” adı veriləcək. Qorşkov Qara dəniz və Azov dənizlərində SSRİ dövrünün rəsmi komandan adıdır. Yeni doktrinaya gəlincə, ən mühüm dəyişiklik ondan ibarətdir ki, 2015-ci il sənədində xarici təhlükə “NATO-nun Rusiya xəttinə doğru irəliləməsi” idisə, indi real təhlükə “ABŞ və onun müttəfiqləri” kimi açıq şəkildə ifadə olunub. “ABŞ və müttəfiqləri” ifadəsi tez-tez istifadə olunur. Yaxşı, burada, məsələn, Yunanıstan və Cənubi Kipr Rusiyanın dəniz müdafiə bölgəsində hansı düşmən sinfindədir? Türkiyə bu prosesdə “Mavi Vətən” doktrinasını hansı çərçivədə inkişaf etddirəcək? Çox güman ki, bu sənəd Rusiya ilə yeni əməkdaşlıq sahələri meydana çıxaracaq, eləcə də şəraitdən asılı olaraq yeni qarşıdurmaların üzə çıxarılmasına təkan verəcək. Bu sahədə ekspertlərin yeni rus doktrinasını təhlil etmələri faydalı olardı. Sənədə görə, ABŞ və müttəfiqlərinin Rusiyanın Dünya Okeanındakı hüquq və maraqlarını məhdudlaşdırmaq istəyi və bu istiqamətdə ərazi iddiaları təhlükə kimi müəyyən edilir. Bu gün Litva sahillərində sıxılıb qalmış kimi görünən Kalininqrada çatmaq üçün Ust-Luqa və Sankt-Peterburq limanları arasında bərə xəttinin yaradılması nəzərdə tutulur. Həmçinin, doktrinada milli təhlükəsizlik xəttinə Kuril və Baltik boğazları, Qara dəniz və Aralıq dənizinin şərqi, Asiya və Afrika sahilləri boyunca geniş dəniz nəqliyyat xətti daxildir. Mövcud müttəfiqlərlə dəniz əməkdaşlığının artırılacağı, Arktika, Asiya-Sakit okean, Xəzər dənizi və Hind okeanında düşmən bölgələrinin izlənəcəyi bildirilir. Xüsusilə, doktrinanın mətnində Qara dəniz və Krımda donanmaların gücləndirilməsi və karbohidrogen kəşfiyyatı fəaliyyətlərinin sürətləndirilməsinin vurğulanması Türkiyənin orta və uzunmüddətli perspektivdə Qara dənizdə mövcudluğu və geostrateji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətlidir. Bu bölgədəki sabitliyi pozan balans dəyişiklikləri həm Türkiyənin suveren hüquqları, həm də Montrö müqaviləsinin davamlılığı baxımından diqqətlə araşdırılmalıdır. Müəllif: Prof. Dr. Kürşad Zorlu Mənbə: "haberturk.com.tr" Uyğunlaşdırma AYNA-ya məxsusdur Geri qayıt |