Əsas Səhifə > Dünya > “Putinin adamı” nə demək istəyir?

“Putinin adamı” nə demək istəyir?


6-08-2022, 08:22
“Putinin adamı” nə demək istəyir?
Rəqibləri onu “Putinin dostu” adlandırırlar. Onlar bu titulu onun Almaniya kansleri (1998-2005) vəzifəsində işlədikdən sonra, Rusiya enerji şirkətlərinin direktorlar şuralarında iştirak edərək milyonçu olması ilə əlaqələndirirlər. Hətta onun üzvü olduğu Sosial Demokrat Partiyasından (SPD) xaric edilməsi də müzakirə olunur.

Sözügedən şəxs 78 yaşlı Gerhard Şröderdir. O, Ukrayna böhranının başlaması ilə Almaniyada “günah keçisi” kimi dilə gətirilən adlardan biridir. Ötən həftələrdə Moskvaya getdiyi və Rusiya lideri Vladimir Putinlə görüşdüyü bildirilən Şröder, həftə içi Almaniya mətbuatına verdiyi müsahibə ilə bütün hücumları üstünə çəkdi.

Rusiyanın şərtləri nədir?

Şröder qısaca bu mesajları verdi: Rusiya danışıqlar yolu ilə həllə hazırdır. Amma 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilən Krım artıq geri qaytarılmayacaq.

Almaniyadakı təbii qaz böhranının həlli ilə bağlı ““Şimal axını 2” təbii qaz boru xətti açılsın” deyən Şröder, əslində, Moskvanın ürəyindən keçənləri dilə gətirdi.

Almaniya küncə sıxılıb

Bildiyiniz kimi, Qərb Ukraynanı dəstəklədiyi üçün Rusiya da təbii qaz silahı ilə Avropa ölkələrini, xüsusilə də Avropa İttifaqının lokomotiv ölkəsi olan Almaniyanı hədəfə alır.

Rusiya “Şimal axını 1” boru kəmərindən Almaniyaya qaz axınını 20 faizə qədər azaldıb. Rusiya Kanadaya təmir üçün göndərilən, “Siemens” istehsalı olan turbinin Qərbin sanksiyalarına məruz qaldığını bəhanə edir.

Ötən gün Almaniya kansleri Olaf Şolz Kanadanın Almaniyaya göndərdiyi turbinə baxmağa gedərək, onun təhvil-təslimə hazır olduğu mesajını verdi. Almaniya daşınma üçün Moskvadan “yaşıl işıq” gözləyir.

“Şimal axı 2” şərti

Ukrayna böhranı ilə Şolz hökuməti Rusiyadan ölkəyə təbii qaz nəql edəcək “Şimal axını 2” layihəsinin təsdiqini dayandırıb. Görünən odur ki, Rusiya “Şimal axını 1”-dən təbii qaz axınını azaltmaqla yanaşı, “Şimal axını 2” xəttinin istismara verilməsi ilə bağlı da gözləntilərini ortaya qoyub.

Almaniya enerji baxımından küncdə sıxışdırılıb. Enerji ehtiyacının 30 faizini təbii qazdan qarşılayan Almaniya onun yarıdan çoxunu Rusiyadan təmin edir.

İndi bir çox şəhərlərdə anbarları qışa qədər doldurmaq üçün enerjiyə qənaət etmək və tarixi məkanların işıqlandırılmasının azaldılması, kondisionerlərdən imtina kimi tədbirlər görülür.

Digər tərəfdən, enerji boşluğunun necə aradan qaldırılacağı müzakirə edilir. Əlcəzairdən boru kəməri ilə gəlsin, yoxsa ABŞ-dan maye təbii qaz (LNG) şəklindəmi? Yaxud ilin əvvəlində fəaliyyətini dayandıracaq son üç AES-in ömrünü uzatmalımı? Yoxsa şist qazının kəşfiyyatına icazə verilsin?

Türkiyəyə tərif

Şröder sözügedən müsahibəsində Türkiyəni Ukrayna böhranında vasitəçiliyinə görə tərifləyib: “Hazırda taxıl daşınması ilə bağlı danışıqlar aparan türklər çox faydalı oldular. Taxıl müqaviləsi ilk uğurdur. Ola bilsin ki, bunu tədricən atəşkəsə çevirmək olar. Ancaq Vaşinqton “hə” deməsə, bunlar işləməyəcək”.

Qeyd edək ki, Almaniyada keçirilən son sorğularda respondentlərin yarıdan çoxu Rusiyanın Ukraynadakı müharibəsinə son qoyması üçün Şröderin vasitəçi kimi müdaxiləsinin tərəfdarı olduğunu ifadə edib.

Zelenskidən reaksiya

Almaniyada olduğu kimi, Ukraynada da Şröderə Putinin təbliğatını aparması səbəbiylə təpki böyük oldu. Ukrayna Prezidenti Volodimir Zelenski adını açıqlamayaraq “Avropa dəyərlərinə malik güclü ölkələrin keçmiş liderlərinin Rusiya üçün işləməsi iyrəncdir” deyə açıqlama verib.

Ukraynanın Almaniyadakı səfiri Andrej Melnik isə deyib ki, “Şröder ilk növbədə Moskvadan hücumları dayandırmasını xahiş etməlidir”.

Almaniya nə edəcək?

Aydındır ki, Rusiya öz təbii qaz silahı ilə Qərbin cəbhə xəttini yarmağa çalışır. Enerji darboğazı da Ukrayna böhranında Almaniyanın “yumşaq qarnı”dır.

Almaniya enerji qıtlığını aradan qaldıra və Rusiyaya rəğmən Avropanın lideri olmağa davam edə biləcəkmi? Bu, əslində Avropa İttifaqının sağ qalması üçün vacib sualdır…

Müəllif: Nilgün Tekfidan Gümüş
Mənbə: "hurriyet.com.tr"
Uyğunlaşdırma AYNA-ya məxsusdur
Müəllif: İsmayıl Məmmədli

Geri qayıt