Əsas Səhifə > Dünya > Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır


12-08-2022, 06:21
Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır
İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti dəfə telefon danışığı olub.

Rəisi İranın Qafqazdakı dəyişiklikləri qəbul etməyəcəyini bildirib:

“İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir. Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır”.

Rəisinin Qafqazdakı dəyişiklikdən danışarkən nələri nəzərdə tutduğu sirr deyil. Rəsmi Tehran əslində Azərbaycan və Türkiyənin regionda gücünün, nüfuzunun artmasından narahatdır. Lakin reallıq budur ki, İranın istəyindən asılı olmayaraq, Türkiyə regionun aparıcı dövlətlərindən olmağı bacarıb. Qardaş ölkə artıq Qafqazdadır və İranın narahatlığı heç nəyi dəyişmir.

Dünya bunu Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyində, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində və “Şuşa Bəyannaməsi”ndə görüb. dia-az.life-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Rəisinin kəskin fikirlərinin məhz Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra səslənməsi diqqət çəkir:

“İbrahim Rəisi Nikol Paşinyana təminat vermək istəyir ki, guya İran Qafqazda hər hansısa siyasi dəyişikliyə imkan verməyəcək. Rəsmi Tehran Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsini, regiondakı siyasi dəyişiklikləri və Türkiyənin Qafqazdakı siyasi hadisələrə daha çox yön verməsini qəbul edə bilmir. Maraqlıdır ki, onların narahatlığı Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra başlayıb”.

Həmsöhbətimiz vurğulayıb ki, İran illərdir Türkiyənin gücünü həzm edə bilmir:

“Tehran Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları da qəbul edə bilmir. Həmçinin, Azərbaycan-İsrail münasibətləri də onları həddindən artıq narahat edir. İran Türkiyənin Azərbaycanda təkcə siyasi deyil, iqtisadi və hərbi cəhətdən yerləşməsini həzm edə bilmir. Çünki hazırda Ağdamda türk və rus ordusu da birgə monitorinq aparır. Bununla yanaşı, Azərbaycanın birmənalı şəkildə Türkiyənin ordu sistemlərini qəbul etməsi və NATO səviyyəsində ordu yaratması da İranın xoşuna gəlmir. İran rəsmilərinin bütün açıqlamalarının arxasında yenə də məkr, hiylə və şeytanlıq dayanır”.

Politoloq qeyd edib ki, Rəisi sadəcə İranın deyil, həm də Rusiyanın dili ilə danışır:

“Rusiya Ukrayna müharibəsində aldadıldığını çox gözəl başa düşdü. Kreml çox ciddi bir oyuna çəkildi və bu oyun onu bataqlığa saldı. İndi də Rusiya batmaq üzrə olduğuna görə İranın dili ilə bəzi mesajlar verməyə çalışır. Ümumiyyətlə, Rusiya tarix boyu həmişə çoxüzlü siyasət yürüdüb və heç bir zaman imperiya ambisiyalarından əl çəkməyib. Putin Avropada uduzduğunu Qafqazda əvəzləmək və özünü sığortalamaq istəyir. Lakin o da alınmır. Çünki Ərdoğan həddindən artıq ağıllı siyasət yeridib. Nəzərə almaq lazımdır ki, İranın Ermənistandakı keçmiş səfiri də bir sərsəm bəyanat verib. Onun fikrincə, guya İran ona görə Azərbaycana qarşıdır ki, Türkiyə Suriyada döyüşənləri İran sərhədi üzərindən keçirmək istəyirmiş və Tehran buna mane olub. Görünən odur ki, bunlar artıq bütün hədləri keçiblər. Son baş verənlər fonunda İranın bölgədəki mövqeyi də zəifləyib. Eyni zamanda, çox çətin vəziyyətdir. Bu da istər-istəməz ölkə daxilindəki gərginliyi başqa bir müstəviyə keçirir. Putinin Rəisiyə verdiyi tapşırıqlar həm Rusiya, həm də İranın maraqlarına uyğundur. Çünki bölgədə zəifləmiş və yorğun düşmüş Rusiya-İran cütlüyü yenidən mərkəzə qayıtmaq istəyir”.

Geri qayıt