Əsas Səhifə > Dünya > Böyük güclərin savaş poliqonu: Ukrayna müharibədə Rusiyanı üstələyir?

Böyük güclərin savaş poliqonu: Ukrayna müharibədə Rusiyanı üstələyir?


22-08-2022, 08:13
Böyük güclərin savaş poliqonu: Ukrayna müharibədə Rusiyanı üstələyir?
Rusiyanın sursatları tükənir. Bu isə onların hücum potensialının azalması prosesini sürətləndirir.

Bu barədə Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisi deyib.

"Bizim sursatların tükəndiyinə və artıq onların gizli anbarlardan çıxarılması dair çoxlu sübutlarımız var", - ABŞ kəşfiyyat rəsmisi deyib.

ABŞ kəşfiyyatının məlumatına görə, indi Rusiya batalyon-taktiki qruplarını birləşdirib və öz qüvvələrini bərpa etməyə çalışır.

Qeyd edək ki, son günlər Krımda baş verən silsilə partlayışlar da Rusiya ordusunun silah anbarlarının, hərbi texnikanın və infrastrukturun məhv edilməsi məqsədi daşıyır.

Xüsusilə də Ukraynanın uzaq məsafəni yüksək dəqiqliklə vuran raketlər əldə etməsindən sonra Rusiyanın hərbi arsenalının məhv edilməsi prosesi sürətlənib. Ona görə də perspektivdə Rusiya üçün müharibəni davam etdirmək çətin ola bilər. dia-az.life-ın məlumatına görə, politoloq Xaqani Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Ukrayna Rusiyanın yalnız silah arsenalını deyil, həmçinin hərbi logistikasını da məhv etməyə çalışır. Ona görə də Rusiyanın hərbi potensialı tükənmək üzrədir:

"Bir müddət öncə Böyük Britaniya kəşfiyyatı Rusiyanın arsenalında olan dəqiq silahların 70 faizini istifadə etdiyi barədə məlumat açıqlamışdı. Eyni məlumatın bir qədər başqa şəkildə ABŞ kəşfiyyatı tərəfindən verilməsi bununla bağlı Qərb xüsusi xidmət orqanlarında kifayət qədər informasiyaların olduğunu təsdiq edir.

Ümumiyyətlə, ötən müddətdə açıqlanmış kəşfiyyat məlumatların öz təsdiqini tapması göstərir ki, Qərb Rusiyada gedən proseslərə tam nəzarət edə bilir.

Yəni Kremlin atdığı addımları, planlarını dəqiqliklə müəyyən edirlər. Çünki Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı ABŞ, Britaniya və NATO ölkələrinin dəqiq məlumatı vardı. Bu sonradan sübuta yetirildi. Ona görə də Pentaqonda açıqlanmış məlumatın səhih olduğunu düşünmürəm. Burada fərq cüzi ola bilər. Amma Rusiyanın silah-sursat ehtiyatının tükənməsi barədə çoxsaylı məlumatlar var. O ki, qaldı Ukraynanın son zamanlar Rusiyanın silah anbarlarını vurmasına, bu, rəsmi Kiyevin müharibə fəlsəfəsinin dəyişdiyini göstərir.

Əvvəllər Ukrayna Sovet müüharibə fəlsəfəsindən istifadə edirdi. Amerikalı generallardan biri deyib ki, döyüşü əsgər, müharibəni logistika udur.

Artıq biz Ukraynanın Rusiya ordusunun logistikasını məhv etdiyini görürük. Logistika dedikdə, yalnız yollar və körpülər nəzərdə tutulmur. Buraya silah anbarları, təhcizat məntəqələri, yanacaq bazası daxildir. Yanacaq vaxtında çatdırılmasa, texnika hərəkət edə bilməz və açıq hədəfə çevrilər. Yaxud silah-sursat olmasa, əsgər əliyalın qalır. Ona görə də Ukrayna Rusiyanın logistikasını məhv etməklə planlaşdırılan əks-hücum zamanı uğur qazanmağa nail olmaq istəyir. Bütün məlumatlar Rusiyanın ağır itkilər verdiyini göstərir.

Məsələn, Rusiya Qara dəniz donanmasının aviasiyasının yarıdan çoxunu itirib. Bu o deməkdir ki, Xersonda və digər vilayətlərdə Ukrayna hava hücumundan ehtiyat etmədən hərəkət edə bilər. Ukrayna həmçinin, Rusiyanın hava məkanında üstünlüyünü də aradan qaldırmağa çalışır. Çünki Krıma endirilən zərbələrin əsas hədəfi hərbi hava limanlarıdır. Müharibə başlayanda Rusiyanın hava məkanında çox böyük üstünlüyü vardı. Ancaq belə zərbələrlə Ukrayna üstünlüyü öz xeyrinə dəyişmək istəyir".

Ekspertin sözlərinə görə, müharibədə böyük itkilər verən Rusiya hərbi sənayeni yenidən işə salmağa cəhd edir: "Ancaq bunu reallaşdırmaq üçün Rusiyanın müasir texnologiyası yoxdur. Köhnəlmiş Sovet texnikası ilə uğur qazanmaq isə mümkün deyil".

Geri qayıt