Əsas Səhifə > Dünya > Bir partlayışın izi ilə: “rus partizanları”, Qərb, Kreml, yoxsa...

Bir partlayışın izi ilə: “rus partizanları”, Qərb, Kreml, yoxsa...


23-08-2022, 11:01
Bir partlayışın izi ilə: “rus partizanları”, Qərb, Kreml, yoxsa...
Xəbər verdiyimiz kimi, Moskva vilayətində ictimai xadim, filosof Aleksandr Duqinin qızının avtomobili partladılıb. Hadisə Bolşye Vyazemi kəndi yaxınlığında baş verib. Maşında olan Duqinin qızı Daria Duqina partlayış nəticəsində həlak olub.

Rusiya mətbuatı iddia edir ki, avtomobildə Duginin özü də olmalı idi, amma o, son anda başqa maşına minib. Aleksandr Duqinin partlayışın baş verdiyi əraziyə gəldiyi, ağır sarsıntı keçirərək sonradan xəstəxanaya yerləşdirildiyi bildirilir.

Müstəntiqlər ilkin ehtimal olaraq avtomobildə qaz balonunun partladığını güman etsələr də, daha sonra əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə bağlı versiyanı irəli sürüblər. Polis Duqinanın sui-qəsd qurbanı olduğunu ehtimal edir.

Özünü “Milli Respublika Ordusu” adlandıran təşkilat (“rus partizanları”) partlayışın məsuliyyətini üzərinə götürüb. Onlar bəyan ediblər ki, Putin hakimiyyəti qəsb edən və Konstitusiyanı ayaq altına atan, slavyan xalqları arasında qardaşlıq müharibəsi alovlandıran, rus əsgərlərini qəti və mənasız ölümə göndərən hərbi cinayətkardır və onu tərəfdarları ilə birlikdə məhv edəcəklər.

Qeyd edək ki, Qərbdə Duqini Rusiya rəhbərliyinə yaxınlığı olan, “rus dünyası”nın əsas ideoloqlarından hesab edirlər. Duqinin Türkiyə Prezidenti Ərdoğanın yaxın ətrafı ilə də yaxşı münasibətləri olduğu qeyd olunur. O, “Avrasiyaçılıq” xəttinin qatı təbliğarçısı kimi də tanınır.

Bu arada, Türkiyədə avtobusun sərnişinlərin üzərinə sürülməsi və xeyli sayda insanın həlak olması və xəsarət alması ciddi müzakirə mövzusudur. Hətta bu iki hadisə arasında əlaqənin olduğunu düşünənlər də var.

Duqinin qızının öldürülməsi terror hadisəsidir, yoxsa qəza? Doğrudanmı, partlayışı “Milli Respublika Ordusu” törədib? İşin arxasında qüvvə dayana bilər: Qərb, Ukrayna, yoxsa Kreml özü? DİA.AZ xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Konfliktoloq Elxan Mehdiyevin sözlərinə görə, Duqin iddia edildiyi kimi, Putinin məsləhətçisi deyil: “O, sıradan bir alim, filosofdur. Sadəcə bütün fəaliyyətini Sovet imperiyasının digər adla bərpasına yönəldib. Bu istiqamətdə çoxsaylı fikirləri, yazıları dərc olunub. Avrasiyaçılıq nəzəriyyəsinin müəllifidir. Bu nəzəriyyə Türkiyədə geniş şəkildə tədqiq olunur”.

“Mən uzun müddət Türkiyədə çalışmışam. Müşahidələrimə rəğmən deyə bilərəm ki, bu nəzəriyyə ilə bağlı Türkiyədə çoxlu dissertasiya işləri müdafiə olunub. Bu mənada onun Rusiya ilə Türkiyə arasında strateji müttəfiqliyin qatı tərəfdarı olduğu deyilir. Lakin bir məsələ var ki, bəzi dairələr Duqini Rusiyanın rəsmi şəxsi kimi təqdim edirlər. Əslində isə belə deyil. O, bir alimdir, lakin kifayət qədər populyar alimdir”, - deyə həmsöhbətimiz bildirib.

O ki qaldı hadisənin partlayış, yoxsa sui-qəsd olmasına, Mehdiyevin fikrincə, bu barədə mülahizə yürütmək üçün hələ tezdir: “Bəzən olur ki, hər hansı hadisədən yararlanmaq cəhdləri olur. Yəqin ki, hər bir tərəf bu hadisəni öz xeyrinə analiz etməyə çalışacaq”.

Politoloq Şahin Cəfərli söyləyib ki, atası kimi Daria Duqina da Rusiyanın imperialist siyasətini dəstəkləyib: “Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra ABŞ və müttəfiqləri rusiyalı siyasətçilərə qarşı da sanksiya tətbiq edib. Bu siyahıda həm Aleksandr Duqin, həm də qızı Daria Duqina yer alıb”.

Analitikin sözlərinə görə, Aleksandr Duqin Moskvada müasir rus faşizminin əsas ideoloqlarından hesab olunur: “Hadisə barədə qəti mülahizə yürütmək çətindir. Yəni, bu partlayışı kimi təşkil edib, məqsədləri nədir? Müxtəlif fikirlər və mülahizələr irəli sürüləcək”.

“İlkin ehtimal ondan ibarətdir ki, sui-qəsdçilərin hədəfi Daria Duqina yox, atası Aleksandr Duqin olub. Hesab ediblər ki, o da maşında olacaqmış. Atasını hədəfə aldıqlarını düşünsələr də, qurban qızı olub. Hansı ki, onun özü də atası kimi müasir rus faşizminin alovlu təbliğatçısı olub. Lakin bir o qədər də - yəni, atası miqyasda deyildi. Bir o qədər də ciddi fiqur hesab edilmirdi”, - deyə Cəfərli vurğulayıb.

Siyasi şərhçi Samir Feyruzov hesab edir ki, Daria Duqinanın öldürülməsi Rusiyanı Ukraynaya qarşı qızışdırmağa hesablanıb: “Aleksandr Duqin nəinki Rusiyada, bütün dünyada məşhurdur və Kremlin əsas nəzəriyyəçilərindən biridir. Məlumdur ki, Rusiya bu günə qədər Ukraynaya qarşı rəsmi müharibə elan etməyib. Yəqin ki, bu partlayışı ssenariləşdirənlər Rusiyanı daha dağıdıcı addımlar atmağa təhrik etmək, daha çox ukraynalının qurban olması bahasına Moskvanın qaniçən obrazını yaratmağa çalışırlar”.

“Belə olacağı təqdirdə, anqlo-saksların dünya üzərindəki hökmranlığı daha ciddi şəkildə qurulacaq. Yeni hərbi sənaye korporasiyalarının yaradılması prosesi daha da sürətlənəcək, ölkələrin sürətlə müdafiə-silahlanma prosesi başlayacaq, yeni silah bazarları formalaşdırılacaq. Bir neçə il sonra hazırda dünyada mövcud olan əksər beynəlxalq təşkilatlar ləğv ediləcək, onları yeniləri əvəzləyəcək. İkinci Dünya müharibəsinin qalıqları olan NATO və BMT-nin öz effektivliyini itirməsi fonunda bu plan işə düşəcək”, - deyə müsahibimiz qeyd edib.

Feyruzovun fikrincə, yeni müharibələrin yeni qaydaları müəyyənləşəcək və ortaya fərqli beynəlxalq təşkilatlar çıxacaq: “Düşünürəm ki, ən ciddi müharibə qarşıdadır və bütün hazırlıqlar ona doğru gedir. Əksər müharibələr üç mərhələdən ibarətdir. Biz bunlardan yalnız birini adlamışıq - pandemiyanı. Qarşıda isə dünyanı hərbi toqquşmalar və müharibələr, qıtlıq, iqtisadi böhran gözləyir. Faktiki olaraq Ukrayna iki hissəyə bölünüb. Ölkənin şərqi Rusiya tərəfindən işğal edilib. Qərbi isə Qərbin nəzarətindədir”.

“Hesab etmirəm ki, Duqinanın qətlində Ukraynanın əli var. Bu, inandırıcı versiya deyil. Güman ki, bu sui-qəsddə də Qərbin barmağı var. Məqsəd idə Rusiyanı qızışdırmaq və Ukraynaya qarşı daha dağıdıcı təcavüzə təhrik etməkdir”, - deyə mütəxəssis fikrini tamamlayıb.

Geri qayıt