Əsas Səhifə > Dünya > Ruslar Avropaya getsin, getməsin:
Ruslar Avropaya getsin, getməsin:25-08-2022, 08:31 |
Rusiya vətəndaşlarına turist vizalarının verilməsi prosesinin dayandırılması ilə bağlı müzakirələr Almaniyada geniş vüsət alır. Artıq bir sıra Avropa ölkələri bu barədə addımlar atıblar. Xüsusilə, Almaniyanın Xristian Demokrat İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) rusiyalı turistlər üçün vizaların ləğvini tələb edirlər. “Spiegel”in yazdığına görə, İttifaq üzvlərinin fikrincə, bununla Rusiya əhalisinə aydın siqnal verməlidir. “Ruslar üçün turist vizaları dayandırılmalıdır. Rusların turist səfərləri üçün yerlər artıq Paris və Porto deyil, bəlkə də Pxenyan və Pekin ola bilər", - XDİ liderinin müavini Andrea Lindholz bildirib. İttifaqın sözçüsü Dennis Radtke isə rusların Avropada istirahət etməsini və heç nə olmamış kimi pul xərcləmələrini dözülməz adlandırıb. "Almaniya və Avropa indi sanksiyalar və silah tədarükü baxımından bir növ "yatıblar". Kim Putini dayandırmaq istəyirsə, indi təslim olmamalı, Rusiya vətəndaşları üçün turist vizalarına qadağa tətbiq etməlidir", - Radtke bildirib. Xatırladaq ki, beş ölkə Avropa İttifaqında Rusiya vətəndaşlarına şengen vizalarının verilməsini qadağan etməyə çağırıb. Bunlar Estoniya, Litva, Çexiya, Finlandiya və Danimarkadır. Siyahıdakı ilk ölkə artıq giriş məhdudiyyəti tətbiq edib. Bununla yanaşı, Rusiyada belə bəyanatlar fonunda son iki həftə ərzində şengen vizası üçün müraciətlərin sayı 40 faiz artıb. Rusiya Federasiyasının rəsmiləri isə Avropada belə qadağa tətbiqi olarsa, buna ağır cavab veriləcəyi ilə hədələyirlər. Avropa İttifaqı Şurasına sədrlik edən Çexiya avqustun sonunda keçiriləcək iclasda Avropa İttifaqı ölkələrini ruslar üçün şengen vizalarının verilməsini dayandırmağı nəzərdən keçirməyə dəvət etmək niyyətindədir. Dövlət nümayəndələrinin fikrincə, bu, çox təsirli sanksiya ola bilər. Eyni zamanda, Latviya Ukraynaya qarşı müharibəyə dəstək verən ruslar üçün vizaların və yaşayış icazələrinin ləğvi imkanlarını nəzərdən keçirir. Avqustun 14-də Polşa diplomatları Rusiya Federasiyası vətəndaşlarına vizanın verilməsinə qadağa qoyulması üzərində işlədiklərini açıqlayıb. Bu məsələ ilə bağlı qərarlar yaxın həftələrdə verilə bilər. Avqustun 18-də isə Danimarka Avropa İttifaqının qərarından asılı olmayaraq ruslara viza verilməsini məhdudlaşdıracağını açıqlayıb. Eyni zamanda, avqustun 18-də məlum olub ki, ruslar Finlandiya vizalarını 5 ay gözləməli olacaqlar. 19 avqust 2022-ci ildə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Avropa İttifaqı ölkələrini ruslara verilən çox girişli şengen vizalarını ləğv etməyə çağırıb. Lakin Almaniya kansleri Olaf Şolts viza sanksiyalarına qarşıdır. Onun sözlərinə görə, sərhədlər bağlanmamalıdır, çünki müharibəni dəstəkləməyən və Putin rejimindən qaçan Rusiya vətəndaşları var. Bununla belə, yüksək səviyyəli alman diplomatı “CNN”ə Şoltsun şengen vizalarına qadağaya qarşı çıxmasının başqa bir səbəbi haqqında danışıb. Onun sözlərinə görə, kansler “Rusiya ilə dialoq istəyənlər və sərt görünmək istəyənlər arasında parçalanmış öz partiyasını balanslaşdırmağa” çalışır. Almaniya kansleri ilə yanaşı, Yunanıstan və Kipr, Portuqaliya və İsveç də rusiyalı turistlərin Avropa İttifaqına girişinə qoyulan qadağaya qarşı çıxıblar. Bununla belə, Çexiya Parlamenti Avropa İttifaqının Rusiya Federasiyası vətəndaşları üçün viza qadağasını dəstəkləyib. Avropa İttifaqının Xarici Siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell isə Rusiya vətəndaşlarına viza verilməsinin qadağan olunması fikrini dəstəkləmədiyini bəyan edib. Borrell hesab edir ki, bu çox mübahisəli təklifdir: “Bəzi ölkələr bununla bağlı artıq müəyyən tədbirlər görüb, bəziləri isə bunu dəstəkləmək fikrində deyil. Məncə, bütün rusların ölkəyə girişinə qadağa qoyulması yaxşı fikir deyil. Biz daha seçici olmalıyıq”. Diplomatın fikrincə, rusiyalı iş adamlarının Avropa İttifaqına daxil olmasına icazə verilməməlidir, lakin “ölkəni tərk etmək istəyən, belə vəziyyətdə orada qalmağa hazır olmayan” çoxlu ruslar var: “Biz bu rusların üzünə qapını bağlaya bilmərik, məncə, bu, yaxşı fikir deyil". //AYNA// Geri qayıt |