Əsas Səhifə > Dünya > “Amanın bir günüdür, qənaət edək, uzun-uzadı duş qəbul etməyək, enerjidən qənaətlə istifadə edək”

“Amanın bir günüdür, qənaət edək, uzun-uzadı duş qəbul etməyək, enerjidən qənaətlə istifadə edək”


27-08-2022, 09:55
“Amanın bir günüdür, qənaət edək, uzun-uzadı duş qəbul etməyək, enerjidən qənaətlə istifadə edək”
Ukraynada müharibə altı aydır davam edir. Nə Ukrayna, nə də Rusiya, itkilərinə baxmayaraq, müharibəni dayandırmaq niyyətindədir. Ukrayna işğal altındakı torpaqlarının geri qaytarılmasını istəyir. Rusiya da təbii qazla təkcə Ukraynanı deyil, Qərbi də vurmaqda davam etmək niyyətindədir.

Rusiyanın enerji zərbələrindən ən çox zərər çəkən ölkə Almaniyadır. Çünki təbii qazdan çox asılıdır. Rusiya qaz klapanı ilə oynayır, onu yavaş-yavaş bağlayır. Ayın sonunda baxım bəhanəsi ilə bir neçə gün bağlanacaq.

Almanlar narahatdırlar. Almaniyadakı jurnalist dostumla danışdım. Dedi ki, qazın və işığın qiyməti qalxır: “Bu, hələlik kommunal xidmətlərin qiymətlərində əksini tapmayıb, ilin sonunda əks olunacaq. Təbii qazın hər meqavatsaatı 270 avronu keçib. Müqayisə üçün: 2021-ci ilin əvvəlində 90 avronun altında idi. İllik istehlakı 20.000 kilovat/saat olan orta ev təsərrüfatlarının illik hesabları təxminən 3600 Avro olacaq. Bu, ötən ilin sonundakı göstəricidən təxminən iki dəfə çoxdur”.

Hökumət hər gün xalqa deyir ki, “Amanın bir günüdür, qənaət edək, uzun-uzadı duş qəbul etməyək, enerjidən qənaətlə istifadə edək”.

Küçələr daha az işıqlandırılır. Şəxsi hovuzların qızdırılması qadağandır. Dövlət idarələrində havanın temperaturu aşağı salınacaq. Bu kimi tədbirlər çoxdur. Qışa hazırlıq tam sürətlə davam edir.

Odun qıtlığı həm də kənd yerlərində kamin və odun sobası üçün odun yığmaq istəyənlərin ucbatından yaranıb. Odunun qiyməti 30 faiz artıb. Yarpaqsız ağaclardan kəsilən odun parçalarının qiyməti xeyli bahalaşıb.

Jurnalist dostumun dediyinə görə, meşələrdən odun oğurluğu çox artıb: “Meşələrdə kəsilmiş və daşınmaq üçün hazırlanmış ağaclar oğurlanır. Meşələr hazırda ciddi mühafizə altındadır. Kötük parçaları GPS ilə peyk vasitəsilə izlənilir. Üstəlik, mühafizəçilər xüsusi hazırlanmış itlərlə əraziləri dolaşırlar”.

Çox təəccüb etdim. İndi “Almaniya yaşıl ölkədir. Ölkənin üçdə biri meşələrlə örtülüdür - yəni 11,5 milyon hektar. Bu meşəliyin bir hissəsini qırsalar, nə olacaq?” deməyin. Çünki meşələrin 48 faizi şəxsi meşələrdir. Fərdlərə, ailələrə, şirkətlərə və ya sülalələrə aiddir.

Dostum danışır: “Ağac parçalarının satışı 8-9 milyard avroluq bir məbləğ təşkil edir”.

Almaniya Meşə Mülkiyyətçiləri Cəmiyyətindən verilən məlumata görə, oğurluğun həcmi 2 faizi ötüb. Bu, kiçik rəqəm deyil - oğurlanmış odun parçaları 20 milyon avrodan çox vəsait deməkdir. Bu, yalnız özəl meşə sahiblərinin itkisidir.

Və sual: Putinin klapanı tənzimləməsinin sonu hara aparıb çıxaracaq?

Müəllif: Yalçın Bayer
Mənbə: "hurriyet.com.tr"
Uyğunlaşdırma AYNA-ya məxsusdur

Geri qayıt