Əsas Səhifə > Dünya > “Putin terrorçudur, aradan götürülməlidir”

“Putin terrorçudur, aradan götürülməlidir”


6-09-2022, 07:51
“Putin terrorçudur, aradan götürülməlidir”
Bu il fevralın 24-də səhər tezdən Rusiya “xüsusi hərbi əməliyyat” adı altında Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəyə başladı. Rusiya 7 aya yaxındır davam edən müharibə nəticəsində Ukraynanın bir neçə yaşayış məntəqələrini, şəhərlərini işğal edə bildi. Xüsusən də Zaporojye Atom Elektrik Stansiyasını (AES) və elektrik stansiyasının peyk şəhərini - Enerqodarı ələ keçirdi. Rus qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə, mülki obyektlərinə, AES ərazisinə dəfələrlə atəş açıblar. Sentyabrın 3-də məlum olub ki, düşmənin davamlı atəşə tutması nəticəsində AES-in 5 saylı enerji bloku söndürülüb.

Ukrayna Daxili İşlər Nazirliyinin rəis müavini Yevgeni Enin sentyabrın əvvəlində demişdi ki, Ukraynada işğalçıların hücumu nəticəsində 7 min dinc sakin həlak olub, 5500 nəfər yaralanıb. Ukrayna hakimiyyəti dəfələrlə Rusiya Federasiyasının terrorizmin sponsoru kimi tanınmasına çağırış edib. Avqustun 11-də isə təkcəı Latviya Seymi Rusiyanı terroru dəstəkləyən dövlət kimi tanıyıb.

Xatırladaq ki, 2014-cü ildə Rusiya Ukraynaya qarşı təcavüzə başlayıb. Həmin ilin yazında Krımı ələ keçirib və qondarma referendumla Krım ilhaq edilib. Bununla yanaşı, Rusiya Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib və orada qondarma "DXR" və "LXR" yaradan silahlılara dəstək verib. Demək olar ki, bütün dünya Rusiyanın təcavüzünü pisləyir. İndi isə gündəmdə Rusiyanın bu təcavüzkar əməllərinə görə terrorçu dövlət kimi tanınması, onun rəhbəri Vladimir Putinin isə beynəlxalq məhkəməyə çıxarılmasıdır.

Ukraynalı politoloq Nikolay Davidyuk bu ölkənin “Kanal 24” telekanalına deyib ki, Ukraynaya qarşı genişmiqyaslı işğalçı müharibəyə başladığına görə şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin beynəlxalq terrorçu kimi tanınmalı və ona uyğun davranış sərgilənməlidir: “Rusiya Federasiyasının rəhbərini yox etmək lazımdır, ya da ona təzyiq rıçaqları axtarmaq lazımdır”

Analitikin fikrincə, hamı bir nəfərin zərərsizləşdirilməsindən danışmağa qorxur: “Ukrayna “Enerqoatom”unun modelləşdirilməsi onu göstərir ki, Zaporojye AES-də nüvə partlayışı baş verərsə, 40 ölkə və 1 milyard insan zərər çəkə bilər".

Davidyuk əlavə edib ki, Ukraynada minlərlə insan işğalçıların əməlləri ilə ölür: “Putini beynəlxalq terrorçu kimi tanımaq və ona uyğun davranmağın vaxtıdır”.

“Nə üçün Üsəma bin Laden (beynəlxalq islamçı terror təşkilatı "Əl-Qaidə"nin banisi) yaxalandı və öldürüldü. Nə yaxşı Qəddafi (Liviya diktatoru Müəmmər Qəddafi) aradan qaldırıldı? İraq diktatoru Səddam Hüseyn öldürülə bilir, Putin yox? Putindən qorxurlar?", - ekspert beynəlxalq aləmə sual edib.

Politoloq vurğulayıb ki, terrorçu ilə terrorçu kimi davranmaq lazımdır.
//AYNA//
Geri qayıt