Əsas Səhifə > Dünya > Rusiyada anti-müharibə üsyanları: əhali çar uğrunda ölmək istəmir

Rusiyada anti-müharibə üsyanları: əhali çar uğrunda ölmək istəmir


28-09-2022, 10:31
Rusiyada anti-müharibə üsyanları: əhali çar uğrunda ölmək istəmir
Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar güllələnib. İrkutsk vilayətinin qubernatoru Ust-İlimsk şəhərində gəncin hərbi komissarlıqda atəş açdığını, hərbi komissar Aleksandr Yeliseyevin ağır yaralandığını, lakin ölmədiyini bildirib.

Qubernatorun sözlərinə görə, hərbi komissar hazırda reanimasiyadadır, həkimlər onun həyatını xilas etmək mübarizə aparırlar: “Hərbi komissara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək”.

Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı gənc Ust-İlimsk şəhər sakinidir. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. Hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün Müdafiə Nazirliyinin qismən səfərbərlik elan olunması ilə bağlı təklif verdiyini və qəbul edildiyini bildirib: “Təkrar edirəm. Burada söhbət qismən səfərbərlikdən gedir. Yəni ki, hərbi xidmətə ancaq hazırda ehtiyatda olanlar çağırılacaq. İlk növbədə Silahlı Qüvvələrdə xidmət edənlər, xüsusi hərbi ixtisasa malik olanlar çağırılacaq”.

Bu qərardan sonra bəzi rusiyalı gənclər müharibəyə getmək və Ukraynaya qarşı ölmək istəmədiklərini bəyan edirlər. Son sui-qəsd cəhdini də səfərbərlik qərarına etiraz olaraq qiymətləndirənlər var. Onların qənaətinə görə, Bu Rusiyada gözlənilən sosial etirazların başlanğıcıdır.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, Rusiya vətəndaşları öz təhlükəsizliklərini qorumaq üçün hökumətə etiraz edirlər: “Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayan zaman ümid edirdi ki, proses qısa müddət çəkəcək və Moskvanın qələbəsi ilə başa çatacaq. Lakin göründüyü kimi, bu, baş vermədi. Yeddi aydan artıqdır ki, müharibə davam edir və Rusiya əhəmiyyətli nəticə əldə etməyib”.

“Hətta o zaman ruslar da inanırdılar ki, bu müharibə uzun çəkməyəcək. Rusiya böyük ölkədir. Orada heç şübhəsiz ki, müharibənin əleyhinə olan insanlar da var. Lakin kütləvi şəkildə insanların müharibəyə qarşı olduqlarını söyləyə də bilmərik. Rusiya vətəndaşları müharibəni efirdən, saytlardan, sosial şəbəkələrdən izləmək istəyirlər. Görəndə ki, səfərbərlik elan olunub və onlar da müharibəyə aparıla bilər, buna etiraz edirlər. Yəqin ki, əsas məqsədləri özlərini mümkün təhlükələrdən qorumaqdır”, - deyə deputat bildirib.

Mollazadə hesab edir ki, bu müharibə hələ uzun müddət davam edəcək: “Bu gün Rusiya Ukraynada günahsız insanları qətlə yetirir. Uşaqlar, qadınlar, qocalar öldürülür. Mülki şəxslərə qarşı hücumlar yolverilməzdir və hadisələrin gedişatına nəzər saldıqda görürsən ki, bu təcavüz hələ uzun müddət davam edəcək. Əgər Ukraynaya ciddi dəstək göstərilsə, o, qalib gələ bilər. Ancaq görünən odur ki, bu dəstək mərhələli şəkildə, özü də çox az verilir. Bu şəkildə davam edərsə, müharibə hələ çox çəkəcək. Rusiya da bunun fərqinə varır və qismən səfərbərlik qərarı həm də bundan qaynaqlanır”.

DİA.AZ-ın məlumatına görə, “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev də AYNA-ya şərhində söyləyib ki, rus cəmiyyəti mühribənin əvvəllərində hər şeyin plan üzrə getdiyi qənaətində idi: “Müharibənin ilk günlərində ruslar müharibədə iştirak etmək üçün növbəyə dayanırdılar. Çeçenistandan, Dağıstandan könüllü olaraq döyüşlərə yazılanlar var idi. Rusiya ictimaiyyətində ümumi həmrəylik hökm sürürdü. Mart ayında səfərbərlik elan etsəydilər, tamam başqa cür olardı. Onda daha çox çağırışçını orduya cəlb etmək mümkün idi. Mövcud şəraitdə isə bu, mümkün deyil. Çünki müharibə uzun müddətdir davam edir”.

“Artıq Rusiya əhalisi də emosiyasını itirib. Onlar artıq soyuq başla təhlil edir, müharibənin doğurduğu fəsadları aydın görürlər. Görürlər ki, müharibə başlayan dövrdə elan edilən məqsədlərdən xeyli kənara çıxılıb. Bu baxımdan əhali, xüsusən gənclər kəskin şəkildə səfərbərlik qərarına öz etirazını bildirirlər”, - deyə müsahibimiz vurğulayıb.

Əliyev hesab edir ki, yaxın aylarda müharibə dayanacaq və tərəflər danışıqlar masası arxasına keçəcək: “Mən hələ müharibənin başlandığı ilk dövrlərdə bunun nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmışdım. Hesab edirəm ki, ilin sonuna qədər Rusiya geri çəkiləcək. Çünki uzun müddət bu şəkildə davam etmək Rusiyanın iqtisadi, hərbi ehtiyatlarını tükəndirir. Bu müddətdə həm Rusiya, həm də Ukrayna böyük itkilərə məruz qalıb. Bundan sonra müharibənin uzanması hər iki tərəfə, xüsusən Moskvaya sərf etmir. Yəqin ki, Kreml daha çox itkilərə məruz qalmamaq üçün müharibəni dayandıracaq. Bundan sonra isə danışıqlar başlayacaq”.

Geri qayıt