Əsas Səhifə > Dünya > Belarus xalqından və hərbçilərindən gözləntilər:

Belarus xalqından və hərbçilərindən gözləntilər:


11-10-2022, 08:51
Belarus xalqından və hərbçilərindən gözləntilər:
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Təhlükəsizlik Şurasının iclasında rusiyalı həmkarı Vladimir Putinlə birgə regional qoşun qruplaşmasının yeradılmasına razılaşdığını bildirib. Belə bir qərarın Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra təcavüzkarların təkbətək görüşünün nəticələrinə görə qəbul edildiyi iddia olunur. Guya ki, Belarus Respublikası üçün Ukraynadan təhlükə var, ona görə də Rusiya-Belarus birgə qrupunun formalaşması zərurətə çevrilib.

Məsələ burasındadır ki, Ukrayna və ukraynalılar üçün bütün bunlar yeni xəbər deyil. Belarus Rusiyanın Ukraynaya təcavüzündə əvvəldən iştirak edib. Odur ki, Lukaşenkonun bugünkü bəyanatı uzun müddətdir de-fakto mövcud olanın yalnız de-yure etirafıdır.

Beləliklə, Rusiya Federasiyası və Belarus Silahlı Qüvvələrinin qoşunlarının birgə qruplaşması Lukaşenkonun dediyi kimi bir neçə gün deyil, artıq yarım ildir ki, mövcuddur. Rusiya qoşunları Belarus ərazisində çoxdan mövcuddur. Belarus qoşunları ilə birlikdə ruslar mühüm hərbi obyektlərin birgə mühafizəsini təmin edirlər. Bundan əlavə, Rusiya Federasiyası FSB-nin nümayəndələri daim Rusiya-Belarus sərhədində olublar. Yəni ki, onlar arasında qarşılıqlı əlaqənin dərəcəsi həmişə yüksək səviyyədə olub.

Ona görə də qoşunların yeridilməsi ilə bağlı qərarlar da artıq məlum idi. Ukrayna sərhəd yaxınlığında Belarus qoşunlarının təxribatçı manevrlərini sistemli şəkildə müşahidə edib. Üstəlik, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya 20 minə qədər səfərbər edilmiş şəxsi Belarus ərazisinə yerləşdirməyə hazırlaşırdı.

Aydındır ki, Lukaşenkonun bugünkü bəyanatı bizim qüvvələrimizi Ukraynanın cənubunda və şərqində əks-hücum əməliyyatından uzaqlaşdırmağa hesablanıb. Məqsəd Ukrayna qüvvələrini ləngitməkdir. Bununla belə, xatırlamaq yerinə düşər ki, Milli Qvardiya və Sərhəd Xidməti daim dövlət sərhədi xəttindədir və hazırda onun lazımi mühafizəsini təmin edir.

Ona görə də indi ilk növbədə belaruslar narahat olmalıdırlar. Lukaşenko və Putinin Belarusu tam dağılmağa apardıqlarını belaruslar başa düşməlidirlər. Belarusa sanksiyalar tezliklə olacaq. Bu, gözləniləndir. Əvvəllər Belarusa qarşı sanksiyalar radikal şəkildə tətbiq olunmayıbsa, indi tam şəkildə tətbiq olunacaq. Bu, müvafiq olaraq ölkənin və bütün vətəndaşların iqtisadi vəziyyətinə təsir edəcək.

İndi müxtəlif mənbələrdən məlum olur ki, Belarus ordusunda Lukaşenkonun qərarı ilə razılaşmayanlar var. Bunu sosial şəbəkələrdə Belarus zabitlərinin Ukraynaya qarşı döyüşməyə razı olmadıqlarına dair açıq məktublarının fotoşəkilinin dərc edilməsi sübut edir. Belarus hərbçiləri və zabitləri diktatorun bu cür əmrlərini qanunsuz hesab etməlidirlər. Və təbii ki, Lukaşenkonun əmrlərini boykot etməlidirlər.

Öz növbəsində, bu gün Belarus müxalifəti xalqı kütləvi şəkildə - istər Belarusda, istərsə də Belarus diasporunun mövcud olduğu digər ölkələrdə - Lukaşenko diktaturası rejiminə qarşı yeni etiraz aksiyasına çağırmalıdır. 2020-ci ildə nə qədər belarusların etiraza çıxdığını gördük. Bu ölkənin vətəndaşları bugünkü hadisələrə daha sərt reaksiya verməlidir. Belaruslular Ukraynaya qarşı təcavüzün dayandırılmasını, qoşunların yerləşdirilməsinin dayandırılmasını, həmçinin Belarusun özündə rejimin dəyişdirilməsini tələb etməlidirlər. Onlar bunda maraqlıdırlar.

Müəllif: Aleksandr Musienko - Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin direktoru
Mənbə: UNİAN
//AYNA//
Geri qayıt