Əsas Səhifə > Dünya > Dünya nizamı üçün həyəcan siqnalı: bu gedişat dayandırılmazsa...

Dünya nizamı üçün həyəcan siqnalı: bu gedişat dayandırılmazsa...


17-10-2022, 10:51
Dünya nizamı üçün həyəcan siqnalı: bu gedişat dayandırılmazsa...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransında (CICA) çıxışı zamanı deyib ki, dünyanın təhlükəsizlik sisteminin arxitekturası yenidən işlənməlidir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutan Ərdoğan yenə özünün məşhur ifadəsini səsləndirib: “dünya 5-dən böyükdür”.

“Biz hesab edirik ki, qlobal təhlükəsizliyin arxitekturası daha ədalətli və yeni anlayış əsasında yenidən işlənməlidir. Türkiyə son illərdə dəfələrlə bəyan edib ki, dünya BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ibarət deyil”, - deyə Ərdoğan bildirib.

O, çıxışı zamanı Rusiya-Ukrayna müharibəsinə də toxunub. Qeyd edib ki, Türkiyənin məqsədi Ukraynada sürətli sülhə nail olmaqdır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünya gündəmini məşğul edən əsas mövzulardandır. Hətta bəzi beynəlxalq siyasi dairələr bu təcavüzün nüvə müharibəsinə yol açacağını, Üçüncü Dünya müharibəsinə qədər gətirib çıxaracağını iddia edirlər.

Çoxvektorlu sanksiyalar Rusiyanın iqtisadi cəhətdən zəifləməsinə səbəb olsa da, Qərbin də bundan təsirləndiyi, dünyada iqtisadi böhranını şərtləndirdiyi heç kimə sirr deyil. Rusiya-İran-Çin yaxınlaşması fonunda ABŞ və Qərbin mövqelərinin zəifləcəyini də iddia edənlər var. Bu mənada Ərdoğanın son açıqlaması da diqqətdən yayınmır.

DİA.AZ-ın məlumatına görə, Ərdoğanın bəyanatını AYNA-ya şərh edən ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Arslanbaş söyləyib ki, Ərdoğanın söylədikləri mövcud reallığı əks etdirir: “Bu gün ABŞ-la Rusiya arasında Ukrayna uğrunda müharibə gedir. Əslində Ukrayna burada plastdarmdır. Məlumdur ki, Putinin hakimiyyətə gəlişi ilə Rusiya imperialist maraqlarını ortaya qoydu. Qərbdə də başa düşdülər ki, dünya artıq qütbləşir və bu qütbləşmədə Rusiyanın imperiyanı genişləndirmək hesabına güclənməsi onun dünyadakı dominant mövqeyini sarsıdacaq. Bundan sonra Moskvaya qarşı sərt təzyiqlərə start verildi. Hansı ki, bir müddət öncə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dövründə ABŞ və Qərb susqunluq nümayiş etdirmişdi”.

“Bu gün Ukrayna böyük itkilərə məruz qalıb. Ölkənin 75 faizi xarabalığa çevrilib, insanlar kütləvi şəkildə ölkəni tərk edirlər. Qərb onlara dəstək verir, lakin bu, lazımi səviyyədə deyil. Heç şübhəsiz ki, diplomatik oyunçuları maraqlandıran əsas məsələ öz iqtisadi və siyasi maraqlarını təmin etməkdir”, - deyə həmsöhbətimiz bildirib.

Professorun sözlərinə görə, dünya yeni qlobal təhlükəsizlik arxitekturası üzərində işləməlidir: “Bu gün dünyada nizam pozulur. Pandemiyalar, müharibələr, iqtisadi böhran bəşəriyyəti yeni təhlükələrlə üz-üzə qoyur. Eyni zamanda qütbləşmə artır, münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Belə bir şəraitdə əsas diqqət bu fəlakətləri aradan qaldırmağa yönəlməlidir, hansısa güclərin maraqlarının təmin olunmasına yox. Ərdoğanın söylədiyi fikirlərin mahiyyətində də əslində bu prinsip dayanır”.

“Əgər biz dünyada sülhün təmin olunmasını istəyiriksə, bütün bunlara əməl etməliyik. Əks halda daha ciddi fəlakətlərlə qarşı-qarşıya dayanacağıq. Türkiyənin bu münaqişədə tutduğu mövqe ədalətli mövqedir. Biz bu müharibədə ədaləti qorumaqla tərəf olmadıq. Hansı ki, mövcud şəraitdə bunu etmək çətindir. Lakin bunu bacardıq və bütün bunlar dünyada Türkiyənin rolunu daha da artırdı. Azərbaycanın da Türkiyə ilə həmrəylik nümayiş etdirməsi, birlikdə diplomatik fəaliyyət yürütməsi mühüm məqamlardandır. Bu, bizim qarşımızda geniş imkanlar açır”, - deyə Arslanbaş vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, professor Anar İsgəndərov da AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyə və Azərbaycanın Ukrayna münaqişəsində tutduğu mövqe ədalətlidir: “Bu gün dünya sürətlə qütbləşir, hərə öz tərəfini müəyyən etməyə çalışır. Konkret tərəf olanlar isə ciddi təzyiqlərlə üzləşir. Belə bir geosiyasi şəraitdə neytarllığı qoruyub saxlamaq siyasi iradə tələb edir”.

“Müşahidə etsək, görərik ki, dünyada çox az sayda dövlət öz müstəqilliyini qoruya bilir. Bu sırada adı ilk sıralarda çəkilən ölkələr Türkiyə və Azərbaycandır. Həm Ukrayna, həm də Rusiya Türkiyə və Azərbaycanla hesablaşır. Volodimir Zelenskinin Vladimir Putinlə neytral ərazidə görüş təklifi edərkən İstanbul və Bakının adını çəkməsi bu xüsusda təsadüfi deyil”, - deyə deputat bildirib.

Onun fikrincə, Ərdoğanın Astana çıxışı zamanı söylədiyi fikirlər ədalətlidir: “Bu, dünyanı bölmək, öz maraqları naminə arxasınca aparmaq istəyənlərə tarixi cavabdır. Bu, nə qədər çətin olsa da, Türkiyə lideri bunu bacarır və siyasi master-klass keçir”.

İsgəndərovun sözlərinə görə, beynəlxalq münasibətlər sistemi yeni və təhlükəli mərhələyə adlayır: “Artıq nüvə müharibəsindən, Üçüncü Dünya müharibəsindən danışmağa başlayırlar. Nüvə müharibəsi bəşəriyyətin sonu deməkdir. Burada qazanan tərəf yoxdur və hər kəs məhvə məhkumdur. Ədoğan dünya üçün həyəcan təbili çalırsa və tərəfləri danışıqlar masası ətrafında müzakirələrə dəvət edirsə, bunu alqışlamaq lazımdır. Lakin dünyanı öz platsdarmı olaraq görmək istəyən qüvvələri bu, qane etmir. Lakin həm Türkiyə, həm də Azərbaycan bu münaqişədə tərəf deyil. Bu, ən düzgün və ədalətli yoldur”.

Geri qayıt