Əsas Səhifə > Dünya > Ermənistanda 8 dekabr susqunluğu: bu fakt bütün uydurmaları alt-üst edir
Ermənistanda 8 dekabr susqunluğu: bu fakt bütün uydurmaları alt-üst edir5-12-2022, 14:58 |
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində yeni dövlətlər arasında sərhədlərin mövcud olduğu keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı sərhədlərə əsaslanacağı aydın şəkildə qeyd olunması və orada Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) açıq-aydın Azərbaycan SSR-in tərkib hissəsi olması faktını söyləməsi Ermənistan-Azərbaycan nizamlanmasının müəyyən məqamlarını özünəməxsus şəkildə şərh etməyə vərdiş etmiş erməni diplomatiyasının mövqeyinə ciddi zərbə vurdu. Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada keçirilən görüşdə tərəflərin BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq sülh müqaviləsi imzalamaq niyyətində olduqları barədə razılığa gələndə, Ermənistan ekspert birliyi bəyan etməyə başladı ki, sonuncu sənəd imzalanan zaman Qarabağ Azərbaycan SSR-dən “çıxmışdı”. Belə ki, Ermənistanın keçmiş Baş naziri (1992-1993) və Ermənistan parlamentinin keçmiş sədri (1998-1999) Xosrov Arutyunyan bəyan edib ki, “1991-ci il Alma-Ata Bəyannaməsi Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası prosesi üçün əsas götürülüb və bu, bizə söyləməyə imkan verir ki, o zaman Dağlıq Qarabağ nəinki Sovet Azərbaycanından, həm də tamamilə SSRİ-dən çıxmışdı”. Bu baxımdan Lavrovun sözləri Ermənistanın ekspert icması üçün “soyuq duş” olmalı idi. Həkimlərin fikrincə, soyuq duş qəbul etmək qan dövranını yaxşılaşdırır və endorfinlərin istehsalını təşviq edir. Amma Ermənistanın reaksiyasına görə, Rusiya XİN-in “soyuq duşu” yerli ekspertlər arasında beyin qan dövranını yaxşılaşdırmayıb. Onlar başqa bir tətbiqə layiq dirənişlə iddia edirlər ki, hələ Alma-Ata Bəyannaməsi imzalanmamışdan əvvəl, 1991-ci ilin aprelində qəbul edilmiş “SSRİ-dən ayrılma haqqında qanuna əsasən, 1991-ci il dekabrın 10-da keçirilən “müstəqillik referendumu”ndan sonra Qarabağ SSRİ və Sovet Azərbaycanının tərkibindən “çıxıb”. Yeri gəlmişkən, bununla Paşinyan özü də bu məsələ ilə bağlı dəfələrlə manipulyasiyalara yol verib. Hələ 2019-cu ilin avqustunda Ermənistanın digər ölkələrdə akkreditə olunmuş səfirləri və konsulluq xidmətləri rəhbərlərinin illik toplantısında çıxış edən Paşinyan bəyan etmişdi ki, “hamı bir şeyi unudub: Azərbaycanın SSRİ-ni tərk etməsində qəribə heç nə olmadığı kimi, Qarabağ Muxtar Vilayətinin də Azərbaycan SSR-in tərkibindən çıxmasını qəribə saymaq olmaz”. Qarabağ separatçılarının 1991-ci il dekabrın 10-da “SSRİ-dən çıxma haqqında” qanuna uyğun olaraq “referendum” keçirdiklərini iddia edən yazıq ekspertlər unudurlar ki, sözün əsl mənasında, bu hadisəyə iki gün qalmış - 1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Belovejskaya Sazişinin imzalanması nəticəsində beynəlxalq hüququn və geosiyasi reallığın subyekti kimi SSRİ-nin mövcudluğu dayandırılıb. Bundan başqa, “SSRİ-dən çıxmaq haqqında” qanunda muxtar vilayətə müstəqil referendum keçirmək hüququ verən bir dənə də olsun bənd yoxdur. Bundan əlavə, həmin dövrə qədər DQMV-nin özü muxtar qurum kimi artıq mövcud deyildi. Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Konstitusiyasına və Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına uyğun olaraq DQMV ləğv edilmişdi. Beləliklə, “SSRİ-dən çıxmaq haqqında” qanunun müddəaları artıq Azərbaycan Respublikasının bu ərazisinə şamil edilmirdi. Yuxarıda göstərilən faktlar aydın şəkildə göstərir ki, Ermənistan 1991-ci ildə Müstəqil Dövlətlər Birliyinə qoşularaq, Alma-Ata Bəyannaməsini imzalamaqla Qarabağ bölgəsinin də yerləşdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Əgər erməni bədbəxt ekspertləri hələ də Azərbaycanın ərazi bütövlüyünün tanınmasında sovet qanunvericiliyinə riayət etməkdə israrlıdırlarsa, onda maraqlıdır ki, onlar aşağıdakıları necə izah edəcəklər: 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və DQMV Milli Şurasının “Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında” birgə qərarı qəbul edilmişdi. Bu qərar SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 10 yanvar tarixli № 1050-1 qərarı ilə SSRİ Konstitusiyasına uyğun gəlmədiyinə görə ləğv edilmişdi. Lakin sovet qanunvericiliyinin belə kobud şəkildə pozulması bir ildən sonra bu qətnamənin Ermənistanın Müstəqillik Bəyannaməsinə daxil edilməsinə mane olmadı. Beləliklə, bu sənəd Azərbaycanın Qarabağ bölgəsini Ermənistan ərazisi elan etdi. Bu məqam sonradan Ermənistan Konstitusiyasında təsbit edildi. Bu vəziyyətdən belə nəticə çıxır ki, Ermənistan Alma-Ata bəyannaməsini imzalamaqla ölkəmizin ərazi bütövlüyünü tanısa da, hələ də konstitusiya səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. //AYNA// Geri qayıt |