Əsas Səhifə > Dünya > Molla rejimi bu təfəkkürlə HARA GEDİR?

Molla rejimi bu təfəkkürlə HARA GEDİR?


6-12-2022, 10:15
Molla rejimi bu təfəkkürlə HARA GEDİR?
“İranda əsas problem konstitusiya ilə bağlıdır. Ölkənin ana yasasında hakimiyyət bölgüsündə ciddi problem var. Doğrudur, konstitusiya ilə hakimiyyət üç qola bölünüb, amma onların üstündə Ali Rəhbərlik İnstitutu fəaliyyət göstərir. Bu da ölkənin idarəetməsində mürəkkəblik yaratmaqla, avtoritarlığı, diktaturanı gücləndirir”.

DİA.AZ xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, İranda ilk növbədə Prezident və Ali Rəhbərin səlahiyyətləri arasında toqquşmalar var:

“Prezident heç bir təşəbbüslə çıxış edib, onu həyata keçirə bilmir. Onu ilk növbədə Ali Rəhbərlik təsdiqləməlidir. Parlamentlə də vəziyyət bu cürdür. Ola bilər ki, İbrahim Rəisi konstitusiyaya dəyişikliklər dedikdə, bu məsələləri də nəzərdə tutur. Amma düşünürəm ki, əsas nəzərdə tutulan müddəalar siyasi,dini-ideoloji məqamlarla bağlıdır. İndiki şəraitdə Ali Rəhbərin səlahiyyətlərinin azaldılması İran hakimiyyəti üçün yolverilməzdir. Lakin cəmiyyətə müəyyən vədlər verilir ki, konstitusiyaya dəyişikliklər ediləcək.

Bu yaxınlarda Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahedan şəhərinin imam-cüməsi açıqlama verdi ki, ölkədə siyasi reformlar keçirmək üçün referendum baş tutmalıdır. Və etiraz aksiyalarında ən çox qurban məhz bu əyalətdən olub. Ona görə də, bu istiqamətlərdə konstitusiyaya dəyişikliklər edilə bilər. Lakin, zənnimcə, bütün bunlar İran hakimiyyətinin hazırda ata biləcəyi addımlar deyil. Çünki İran hakimiyyətinin bu istiqamətdə addımlar atması üçün ilk növbədə ölkədə sabitlik yaradılmalıdır”.

Ekspertin sözlərinə görə, Tehran hakimiyyəti bu cür açıqlamaları ilə cəmiyyəti aldatmağa cəhd göstərir:

“Məsələn, əxlaq polisinin ləğv olunması ilə bağlı yox, onun tabeçiliyinin bir qurumdan digərinə keçməsi məsələsi qeyd olunur. Yaxud, hicabın liberallaşdırılması ilə bağlı açıqlama verilmir. Bu tip birdəfəlik açıqlamaların verilməməsi, İran hakimiyyətinin islahatlarla bağlı mümkün addımlarını da şübhə altında qoyur.

Bu vəziyyət ölkədə etirazların davamlılığına təsir göstərir. Əgər İran hakimiyyət rəsmilərinin vədlərinə ölkə cəmiyyəti etibar etsə idi, dekabrın 5-7-nə etiraz aksiyaları nəzərdə tutulmazdı. Ona görə də, deyilən sözlərə yox, əməllərə qiymət verilməlidir. Nə vaxt konstitusiyada islahatların keçirilməsi ilə bağlı layihə təsdiqlənərsə, yaxud əxlaq polisinin ləğvi ilə bağlı qərar çıxarılarsa, o zaman bunu ciddi addım hesab etmək olar. Hələlik, boş-boş vədlər verməklə, cəmiyyəti hədəflərindən yayındırmağa çalışırlar”.

Sədrəddin Soltan vurğulayıb ki, cəmiyyət artıq İran rejimindən doyub:

“Cəmiyyət hazırki rejimə nifrət edir, ona qarşı etirazını bildirir. Əgər nifrət hissi olmasa idi, “diktatora ölüm” şüarları səsləndirilməzdi. Hətta konstitusiyaya reformlar edilsə belə, cəmiyyət İran rejimini sevməyəcək.

Çünki dəyişikliklərin, sonrakı mərhələdə həyata keçirilməsi məsələsi var. Sənəd üzərində o qədər yaxşı şeylər var ki, həyata keçirilmirlər. Ona görə də bu rejimin etibarı yoxdur. Hakimiyyətin də cəmiyyətə kin-küdurəti var. Bu qarşılıqlı nifrət isə etimadsızlıq yaradır. Bu səbəbdən, hesab edirəm ki, konstitusiyaya dəyişikliklər olsa, əxlaq polisi ləğv edilsə belə cəmiyyətin hakimiyyətə inamı bərpa olunmayacaq”.

Geri qayıt