Əsas Səhifə > Dünya > “Məsələyə həddindən artıq siyasət və həddindən artıq spekulyasiya qarışıb”

“Məsələyə həddindən artıq siyasət və həddindən artıq spekulyasiya qarışıb”


10-12-2022, 08:32
“Məsələyə həddindən artıq siyasət və həddindən artıq spekulyasiya qarışıb”
Hazırda Gürcüstanda müzakirə olunan ən aktual məsələlər sırasında ölkənin üçüncü Prezidentinin kritik vəziyyəti də var. Gürcüstan Ombudsmanının həbsdə olan sabiq Prezident Mixail Saakaşvilinin səhhətinin monitorinqi üçün yaradılmış ekspert qrupunun dekabrın 6-da verdiyi rəyə əsasən, onun vəziyyəti “kəskin pisləşib, ağır qiymətləndirilir və gözlənilən geridönməz pisləşmə fonunda vaxtında və kəskin tədbirlər görülməlidir”.

Həkimlərin rəyinə görə, nevroloji vəziyyətin pisləşməsi, anemiyanın dərinləşməsi, iştahsızlıq və mədə-bağırsaq xəstəlikləri var. Ani və sürətli kilo itkisi, əzələ kütləsinin azalması, qızdırma. Bundan əlavə, kaxeksiya, özü də pis proqnozu olan bir vəziyyətdir.

“Xəstənin vəziyyəti getdikcə pisləşir. Son aylarda arıqlama sürəti üç dəfə artıb. Bu nisbətdə azalma ilə kritik BMI (bədən kütləsi indeksi) <14 (<52 kq-a uyğundur) 2-3 ay ərzində əldə ediləcək və bundan sonra orqan sistemlərində geridönməz zədələnmələr başlayacaq”, - deyə hesabatda bildirilir.

Həkimlərin sözlərinə görə, xəstə Gürcüstanda mövcud olan bütün laboratoriya və instrumental tədqiqatlardan keçib və bir neçə multidissiplinar klinikalarda müalicə olunub, buna baxmayaraq, xəstənin vəziyyəti sürətlə pisləşir: “Davam edən müalicə səmərəsizdir. Xəstəni proaktiv rejimdə idarə etmək mümkün deyil və müalicə yanaşmaları müxtəlif fəsadlara cavab verməklə məhdudlaşır”.

Maraqlıdır, nə üçün Gürcüstan hakimiyyəti Saakaşvilini evinə qulluq edilməsi üçün buraxmağa, onun xaricdə müalicəsinə icazə verməyə cəsarət etmir? O ölərsə, hansı imicin zərbəsinə məruz qalacaqlarını anlamaya bilmirlər?

Bəs Qərbin nüfuzlu siyasətçiləri niyə susurlar? Heç kim rəsmi Tbilisiyə lazımi zənglər etmir, ona ciddi təzyiq göstərmir?

DİA.AZ bildirir ki, AYNA-nın suallarını tanınmış gürcüstanlı ekspertlər cavablandırıblar.

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani:


“Sizin qaldırdığınız sual o baxımdan aktualdır ki, Mixail Saakaşvili Gürcüstanın üçüncü Prezidentidir və Allah eləməsin, onun həyatı belə şəraitdə başa çatarsa, bu, ölkənin imicinə böyük zərbə olacaq. Çünki 30 il sonra Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra iki qanuni seçilmiş Prezidentin şübhəli şəraitdə öldüyü ölkəyə çevriləcək.

Mixail Saakaşvilinin Gürcüstanda hələ də bütöv bir sadiq tərəfdar ordusu var və təbii ki, ölümcül nəticə ölkədə hansısa siyasi sabitliyin pozulmasının katalizatoru ola bilər. Yəni buradan belə nəticəyə gəlmək olar ki, prinsipcə, ölümcül nəticə heç kəsi qane etməməlidir və bu, ilk növbədə, ölkənin maraqları baxımından qəbuledilməzdir. Belə bir şəraitdə məntiqi sual yaranır: bir tərəfdən siyasi spektr, digər tərəfdən cəmiyyət belə nəticənin qarşısını almaq üçün nə edir?

Siyasi spektrdə Mixail Saakaşvili fiquru həmişə əsas ayrılıq hövzəsi olub. Düşünürəm ki, artıq hakimiyyət və müxalifətin Saakaşvili məsələsində nə vaxtsa razılığa gəlməsi mümkün deyil: hakimiyyət üçün o, əsas rəqib olub və qalır, müxalifət isə hesab edir ki, hakimiyyət Kremlin sifarişi ilə ondan qisas alır.

İctimaiyyətin reaksiyasına gəlincə: onun sonu görünməyən bu siyasi təlatümdən bezdiyi aydındır. Bəzi çaşqınlıqlar da nəzərə çarpır, çünki bu gün Gürcüstanda əsl həqiqətin harada olduğunu öyrənmək asan deyil. Nəticə etibarı ilə cəmiyyətin böyük bir hissəsi haqlı olaraq nihilizmə qapılıb, çünki siyasətdə yeni simaları, bu amansız qütbləşməyə son qoymaq üçün özlərində güc, bacarıq və istək tapa biləcək və ölkənin normal dinc inkişaf yolunu davam etdirməsinə imkan verən yeni ideoloji liderləri illərlə gözləməyin əbəs olduğunu anlayıb”.

Gürcüstan İctimai Əlaqələr İnstitutunun Beynəlxalq Münasibətlər Məktəbinin rəhbəri, professor Tornike Şaraşenidze:


“Saakaşvili ilə bağlı bütün bu vəziyyət ətrafında həddindən artıq çox fərziyyələr və təsdiqlənməmiş məlumatlar var. Və artıq illlərdir ki, davam edir.

Son zamanlar eşitdiklərimizin çox ciddi yoxlamaya ehtiyacı var. Çünki çox vaxt bir-birini inkar edən məlumatlar müxtəlif natiqlər tərəfindən yayılır.

Və bütün bunların əsasında konkret hansısa ciddi nəticə çıxarmaq çox çətindir. Üstəlik, bütün bunlara həddindən artıq siyasət və həddindən artıq spekulyasiya qarışıb”.

Geri qayıt